Siyasət

90 gün ötdü: Rusiya Ukraynada nə qazandı?

24 May 2022 21:51
0 Şərh     Baxış: 1 154

Bu gün Rusiyanın Ukraynaya hərbi təcavüzündən tam 90 gün ötür.

Milli.Az axar.az-a istinadən bildirir ki, komandanlıq tərəfindən qarşıya qoyulan tələbləri yerinə yetirə bilməyən rus ordusu bu müddət ərzində yalnız kiçik uğurlar əldə edə bilib.

Savaşın ilk günlərində Ukraynaya şimal, qərb və cənubdan hücuma keçən rus ordusu Kiyev, Sum, Çerniqov və Xarkov regionlarında nəinki istədiyini əldə edə bilmədi, hətta bu regionlardan çıxdı. Yalnız Xarkov vilayətinin kiçik bir hissəsinə ruslar nəzarət edir. Lakin şəhər özü demək olar ki, tam təhlükəsizlikdədir.

Ruslar Donbas və cənub istiqamətində müəyyən uğurlar əldə edə bilib. Ukraynanın Azov və Qara dəniz sahili regionlarının böyük hissəsi rusların işğalı altındadır. Mayın 18-də "Azovstal" zavodunda 80 gün qəhrəmancasına işğala qarşı dirənən ukraynalı hərbçilərin təslim olmasından sonra rusların Mariupol istiqamətində işləri xeyli asanlaşdı. Bununla da ruslar Donbas-Krım xəttini tamamlamış oldular.

Həm Rusiya, həm Ukrayna rəsmiləri hazırda əsas döyüşlərin Donetsk əməliyyat zonasında, yəni Lisiçansk və Severodonetsk yaxınlığında getdiyini bildirirlər. Lokal ərazi uğurlarına baxmayaraq, rus ordusu bu istiqamətlərdə də ciddi irəliləyiş əldə etməyib. Qərb hərbi analitikləri yaxın müddətdə belə Rusiyanın üstünlüyünü artırmayacağını düşünürlər.

Beləliklə, Rusiyanın Ukraynada apardığı 90 günlük hərbi əməliyyatların nəticəsini müəyyən mənada uğursuzluq adlandırmaq olar. Bu müddət ərzində Rusiya 29 min canlı qüvvə (Ukrayna tərəfinin rəsmi məlumatına görə), 1300-dən çox tank, 3200-ə yaxın zirehli texnika, 600-dən çox müxtəlif modifikasiyalı artilleriya sistemləri, 205 təyyarə, 170 helikopter itirdi. Bu itkilərin əvəzində isə qazandığı cüzi ərazi oldu.

Bundan başqa, Prezident Vladimir Zelenski Ukraynanın Donbas cəbhəsində özündən sayca 20 dəfə artıq olan düşmənlə vuruşduğunu bildirdi. Zelenski qeyd etdi ki, Rusiya qoşunlarının sayı 20 dəfə artıqdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.