Siyasət

Brüsseldə Bakı-İrəvan danışığı: nələr müzakirə olunacaq?

14 Dekabr 2021 09:49
0 Şərh     Baxış: 15 084

Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində bu gün Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Şimali Atlantika Alyansının mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Əsas məqam isə bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdür.

Görüş "Şərq Tərəfdaşlığı" proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.

Əvvəlcə İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş olacaq.

Ş.Mişel daha sonra Nikol Paşinyanla danışıqlar aparacaq.

Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.

Brüssel danışıqlarında hansı məsələlərin müzakirə ediləcəyinə gəldikdə isə, onların ilkin və təqribi konturları bəllidir.

NATO "Şərq Tərəfdaşlığı" proqramı vasitəsilə Azərbaycanla əlaqələri daha da intensivləşdirmək, genişləndirmək və aktivləşdirmək niyyətindədir. Eyni zamanda, 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar müstəvisində NATO əldən verdiyi yeri tutmaq, dayanıqlı sülh, stabillik və təhlükəsizliyin əldə olunması istiqamətində aparıcı rola malik vasitəçilik missiyasına yiyələnmək fikrindədir.

Fəqət NATO-nun Ukrayna ilə bağlı fəaliyyətini nəzərə alsaq, Rusiyanın bu cəhdlərin sakitliklə izləyəcəyi, proseslərin laqeyd müşahidəçisinə çevriləcəyi mümkün deyil.

Daha dəqiq desək, NATO-nun Cənubi Qafqazda aktivləşməsi Rusiyanın maraqlarına cavab vermir və Moskva bunu Şimali Atlantika Alyansının Şərqə doğru genişlənmə strategiyasının tərkib hissəsi sayır.

Postmüharibə dövründə Türkiyə ilə birlikdə əsas vasitəçi olan Rusiya təbii ki, NATO-nun Azərbaycan və Ermənistanla bağlı planlarını öz maraqlarına ciddi təhlükə sayır.

Azərbaycana gəldikdə isə, Gürcüstandan fərqli olaraq, rəsmi Bakı NATO üzvlyünə can atmır və bu strukturla əlaqələrini sürətlə genişləndirərək qonşu dövlətlərlə münasibətlərini sərinlətmək niyyətində deyil.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək görüşlərə gəldikdə isə, Brüsselin məramı aydındır: Ermənistanı Rusiyanın total təsir dairəsindən çıxarmaq və Ermənistan-Azərbaycan problematikasında əsas moderator funksiyalarına yiyələnmək.

Bu da mübahisəli və müşkül məsələdir, çünki istər Rusiya, istər Türkiyə, istər də İran bölgənin supergücləri olaraq Brüsselin yeni geosiyasi taktikası ilə razı deyillər, olmayacaqlar da.

Azərbaycana gəldikdə isə, Avropa İttifaqı ölkəmizlə münasibətlərdə real işlərdən daha çox deklarasiyalara və bəyanatlara üstünlük verdiyindən Brüsselin vədləri müəmmalı təsir bağışlayır.

Müharibədə kapitulasiya etmiş Ermənistana 2,5 milyard avroluq yardım paketi təklif edən, amma İrəvanın son 30 ildə yürütdüyü aqressiv işğalçılıq siyasətini, Azərbaycana qarşı tətbiq etdiyi soyqırımlar, vəhşiliklər, urbisid və s.-ni pisləyərək İrəvana qarşı real heç bir addım atmamış, Ermənistanı beynəlxalq hüququn prinsiplərinə riayət etməyə çağırmamış Brüsselin indiki cəhdləri müəyyən mənada siyasi riyakarlıq təsiri bağışlayır.

Buna rəğmən, rəsmi Bakı Brüssellə əməkdaşlığın və tərəfdaşlığın inkişafında maraqlıdır.

Bir şərtlə: Azərbaycanın maraqları və mənafeləri bütünlüklə, tam olaraq nəzərə alınmalıdır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.