Ən xeyirli meyvələrdən olan albalı və gilasdan kompot, mürəbbə hazırlamağın indi əsl vaxtıdır
Yayda bu ayrılmaz "bacılar"ın - albalı və gilasın olmadığı masaya rast gəlmək, demək olar ki, qeyri-mümkündür.
Bağağrısına qarşı - gilas
Gilas gavalıkimilər fəsiləsindən olan meyvədir və Azərbaycanda kifayət qədər geniş yayılıb. O, C, B2 vitaminləri ilə, pektinlərlə və üzvi turşularla zəngindir. Yabanı şəkildə gilas Moldova, Krım, Ukrayna və Azərbaycan meşələrində geniş yayılıb. O, artıq aprel-may aylarında çiçək açmağa başlayır. Gilasın iri, ətirli ağ çiçəkləri salxım şəklində budaqların üzərini örtür. Artıq iyun-iyul aylarında gilasın yumru və ya ürək formalı meyvələrini dadmaq mümkündür. Şirin gilas ya anındaca yeyilir, ya da kompota, mürəbbəyə gedir. Onun bir qədər acı olanlarından, adətən, şərab hazırlayırlar. Bundan başqa, yabanı gilas böyük həcmdə boyayıcı qatran buraxır və ondan parçaların rənglənməsi üçün piqmentlər hazırlanır. Gilasın şirəsindən qida həcminin yaxşılaşdırılması üçün istifadə olunur.
Onun ağacı xarratlıq məmulatları, nazik hissəsi isə qəlyan çubuğunun hazırlanması üçün yararlıdır. Bundan başqa, gilas bol balverən bitki hesab olunur; 1 hektar ərazidə əkilmiş gilasdan arılar 35-40 kiloqramadək bal toplayır!
Torpağın yetişdirdiyi bütün bitkilər kimi, gilas da sağlamlığa faydalıdır: ondan həzm yolunun xəstəliklərin, sidik yolundakı problemlərin müalicəsində, pəhriz saxlayanda, iştaha artıran vasitə kimi və s. istifadə olunur. Qaraciyər xəstəliklərinə də istər albalının, istərsə də gilasın xeyri var. Bundan başqa, onun ürək xəstəliklərinə də faydası məlumdur. Gilas damarları əla təmizləyir. Ümumilikdə, həkimlər hesab edirlər ki, gilas yaşdan asılı olmayaraq, hər şeyə xeyirdir. Bu meyvənin tərkibindəki pektin və qlükoza qanda xolesterinin miqdarının azalmasına kömək edir. Gilas qan azlığından əziyyət çəkənlərə, varikoz xəstələrinə də xeyirdir.
Çünki o, orqanizmdən əlavə mayeni çıxarır və damarların divarlarını bərkidir.
Gilasın giləmeyvəsində protein, kalium, kalsium, maqnezium, natrium, fosfor və digər vitaminlər də var. Cəmi 100 qram gilas orqanizmin mikroelementlərə olan sutkalıq tələbatını ödəyir. Üstəlik, həmin 100 qramda cəmi 50 kilokalori enerji olur və bu, onu daha dietik meyvəyə çevirir.
Gilasın yalnız giləmeyvəsi deyil, saplağı da xeyirlidir. Ondan hazırlanmış fitoçay böyrək xəstəlikləri zamanı sidikqovucu kimi istifadə olunur. Bundan başqa, bu effekt orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaqla yanaşı, həm də artıq çəkidən xilas olmağa kömək edir. Fitoçay artrit, revmatizm kimi xəstəliklərə, oynaqlardakı duzun təmizlənməsinə müsbət təsir göstərir. Onun hazırlanması üçün gilasın kölgədə qurudulmuş bir ovuc saplağının üzərinə 1 litr qaynar su tökülür və gün ərzində içilir. Bu çay qəbizliyin aradan qaldırılmasına kömək edir. Yalnız yağlı və şirin yeməklərlə deyil, həm də kolbasa, sosis və s. kimi qidalarla zəngin rasionumuzu nəzərə alsaq, onun təmizləyici effekti də çox dəyərlidir. Gilas saplağından dəmlənmiş çay qanı da təmizləyir və bunun sayəsində insanın üzündəki sızanaqlar itir. Gilas saplağından hazırlanmış şirə yalnız səhv qidalanma ilə deyil, bəzən həm də çoxlu dərman preparatlarının qəbulu ilə yüklənmiş qaraciyəri "təmizləyir". Gilas əsəb sistemini də gücləndirir, orqanizmin vitamin çatışmazlığı ilə əlaqəli xəstəliklərə müqavimətini artırır.
A vitamini ilə zəngin gilas görmə qabiliyyətini də gücləndirir.
Bütün bunlarla yanaşı, gilasda, az qala, aspirində olduğundan güclü ağrıkəsicilik qabiliyyəti var! Onun tərkibində antosian maddəsi nə az, nə çox - düz 12-25 mq təşkil edir. Bu, eyni maddənin aspirinin tərkibindəki həcmilə müqayisədə 10 dəfə artıqdır! Odur ki, stress keçirir və ya ağrı hiss edirsinizsə, ağrıkəsicidənsə, bir ovuc təbii "həb" qəbul edin. Gilasın təmiz, parlaq, zədəsiz giləmeyvələrini alın. Onun rəngi daha tünd olanları daha şirindir. Yeri gəlmişkən, gilasın ömrünü uzatmaq istəyirsinizsə, onun saplaqlarını qoparmağa tələsməyin. Onlar giləmeyvənin daha uzun müddətə təzə qalmasına yardım edir.
Albalı - həyat rəmzi
Albalının ağır, büzüşdürücü, turşməzə dadı heç də hamının ürəyincə deyil. Amma onun işlənmiş variantı əladır. Hesab olunur ki, adi becərilmiş albalı yabanı albalının və gilasın təbii hibrid formasıdır. Onun çiçək açdığı dövrdə - may-iyunda - ağac tamamilə açıq çəhrayı rəngə bürünür. Yabanı albalının giləmeyvəsi iyulun sonlarına, avqustun əvvəllərinə yetişir. "Mədəni" albalı ilə müqayisədə o, daha kiçikölçülü, turş, turşa-şirin, bəzən isə acı olur. Ümumilikdə, albalının 200-dək növü var. Onlar bir-birlərindən yalnız yetişmə vaxtı və dadına görə deyil, həm də kimyəvi tərkibinə görə fərqlənir. Azərbaycanda albalının Gəncə, Göyçay, Gülüs, Avropa sortlarından isə Anadolu, şpanka və s. yetişir.
Albalı ilə bağlı əfsanə də var: yarpaqdan əvvəl çiçəyə bürünən ağac insan və onun faniliyinin rəmzidir: hamımız dünyaya lüt gəlir və bu dünyanı lüt də tərk edirik. Çinlilərdə albalı oyanmaqda olan baharın, gəncliyin, həyatın çiçəklənməsinin, gözəlliyin, mərdliyin, ümidin rəmzi sayılır. Yaponiyada isə albalı çiçəyi milli emblemdir: bu emblemdən samuraylar arasında da geniş istifadə olunub. Samuray döyüşdə yaralanırdısa, ona gücünü bərpa etməsi və tez bir zamanda sağalması üçün albalı şirəsi içirirdilər. İsveçrədə belə qəbul olunurdu ki, albalının giləmeyvəsini artıq ilk övladını dünyaya gətirmiş qadın yeyərsə, ağacı bol məhsul gözləyir. Britaniyada albalı ilə çox qəribə inanc var: albalı bağında olarkən ayaqqabılarınızı albalı ağacının yarpaqları ilə silməyi unutmayın. Əks təqdirdə, albalı çəyirdəyindən boğularaq ölə bilərsiniz. Qaraçı qızları isə albalı çəyirdəyindən sevgi amuletləri kimi istifadə edirlər.
Albalının sağlamlığa faydası da çoxdur. O, iştahanı artırır, həzm prosesini yaxşılaşdırır, yüngül antiseptika kimi istifadə olunur, susuzluğu aradan qaldırır və əla pəhriz vasitəsi sayılır. Albalı şirəsi südlə qarışdırıldıqda artritin dərmanına çevrilir. Bundan başqa, albalı şirəsi qanın bərpası üçün əvəzsizdir. Bu giləmeyvənin tərkibindəki maqnezium, dəmir, fol turşusu, kobalt, B1, B96, C vitaminləri qan azlığından əziyyət çəkənlər üçün əla yardımçı vasitədir. Albalı orqanizmdən azotlu şlakları kənarlaşdırır, ətraf mühitin orqanizmə mənfi təsirlərini və yüksək radiasiya fonunu neytrallaşdırır. Bundan başqa, müntəzəm olaraq, albalı yemək podaqra xəstəliyinə tutulma riskini azaldır; o, ürək-damar sisteminə müsbət təsir göstərir. Albalıdan ifraz olunan şirə ət məhsullarının həzminə kömək edir. Xalq təbabətində albalının yalnız giləmeyvəsindən deyil, yarpağından və saplağından da istifadə olunur. İçərisinə albalı yarpağı salınmış araq bəzi xəstəliyi sağaldır. Amma bu hərtərəfli faydalı meyvənin də əks təsirləri var. Onu şəkərli diabetdən əziyyət çəkən, mədəsində turşuluğu artıq olan, mədə xorası problemi yaşayan, ağ ciyərlərində iltihab olan şəxslərin yeməsi məsləhət deyil. Bundan başqa, albalının çəyirdəyi zəhərlidir və bu üzdən çəyirdəkli albalıdan hazırlanmış məhsulları (kompot, mürəbbə) çox saxlamaq məsləhət deyil.
ALBALI KONFETLƏRİ
Albalı
1 yumurta ağı
150 q şəkər
1 çayqaşığı lumu şirəsi
Yetişmiş albalılar seçilir, yumurtanın ağı şəkərlə qarışdırılır, içərisinə lumu şirəsi əlavə olunur və güclü köpük əmələ gələnədək qarışdırılır. Sonra albalı həmin kütləyə batırılaraq nəlbəkiyə düzülür və qurudulur. Hazır albalılar bankaya yığılaraq 1 aydan çox olmayaraq soyuducuda saxlanılmalıdır.
QURUDULMUŞ ALBALI
Yetişmiş albalıların çəyirdəyi çıxarılır, tavaya düzülür, günəş şüaları altında qurudulur. Sonra onlar zəif qızdırılmış sobaya qoyulur. Albalını başqa yolla da qurutmaq olar - çəyirdəyini çıxartmadan tavaya düzərək, gecədən səhərədək zəif qızdırılmış sobada saxlamaqla. Prosedur bir neçə dəfə təkrarlanmalıdır.
ALBALI TURŞUSU
1 kq albalı
2 stəkan şəkər
2 stəkan sirkə
5 q darçın
5 q mixək
Yetişmiş bərk albalılar seçilir, bişirilməsi üçün küpə yığılır, ağzı bağlanır və qaynar sobaya qoyulur. Səhəri gün albalılar ələyə qoyularaq suyu süzülür. Hər stəkan şirə 1 stəkan şəkər, 1 stəkan sirkə, darçın, mixək, sirkə şirəsi qaynadılır, soyudulur, seçilmiş təzə albalılar butulkaya doldurulur, üzərinə sirop tökülür, ağzı kip bağlanır. İçərisi dolu olan butulkalar yanı üstə yeşiklərə yığılır, soyuq, quru yerdə saxlanılır.
AĞ GİLASDAN MÜRƏBBƏ
Gilas - 3 kq
Limon - 1 ədəd
Şəkər - 2 kq
Su - 1 l
Sirkə, duz - zövqə görə
Ağ gilasın şirəsini çıxarmaq o qədər asan olmasa da, onu təmizləmək daha asandır. Gilasın əti çəyirdəyindən ayrılır və su ilə dolu böyük qaba tökülür. Oraya bir qədər duz və sirkə əlavə olunur. Bu halda mürəbbə daha gözəl görüntüyə malik olur və ən vacibi, onun içində qurd qalma ehtimalı aradan qalxır. Gilaslar bir neçə saat suda saxlanılır, sonra onun suyu süzülür və qaynamaqda olan şirənin içərisinə tökülür. Bu şirənin hazırlanması üçün bizə 1 litr su, bir neçə kiloqramm şəkər lazımdır. Onun hazırlanması ilə bir müddət sonra, giləmeyvənin suya qoyulmasından sonra məşğul olacağıq.
Gilasın şirənin içərisinə tökülməsi üçün o, qaynamalıdır. Şirənin hazırlanmasını təxirə salaraq, bu işi giləmeyvələrin hazır olmasından sonra görməniz də problem deyil.
Sonra mürəbbə nə az, nə çox - düz 3 sutka qaynadılır. Bu müddət ərzində şirəni gündə 2 dəfə qaynatmaq lazımdır. Onu səhər və axşam saatlarında etmək daha yaxşıdır. Əvvəlcə şirəni qaynağa düşmə həddinə çatdırır, 10 dəqiqə qarışdırır, sonda isə alovu söndürərək onu soyumağa qoyuruq. Üçüncü gün axşam qaynatma prosesi bitdikdən sonra mürəbbə hazırlanmış bankalara tökülür və ağzı bağlanır.