Kulinariya

Mətbəx sirləri: Onlar hələ də yuyurlar... Bəs siz?

1 Dekabr 2012 07:00
8 Şərh     Baxış: 50 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Axı sən qabyuyan deyilsən, qadınsan" - son vaxtların populyar deyimi məzəli səslənsə də, qab yuyub təmizləməyin xeyli vaxt aldığına birbaşa işarədir. Televiziya reklamlarında adamları iki qrupa ayıraraq onlara müxtəlif yuyucu vasitələr verir, reklam olunan vasitədən istifadə edənlərin işlərini bitirərək  "kef elədiklərini", o birilərinin isə hələ də yuduqlarını göstərirlər.

"Universal" üsul

Reklamlardakı vasitələr heç də sehrli deyil? Özünüz hazırlayın. Çox iri metal ləyəni, yaxud qazanı yarısınadək su ilə doldurun. Ocağın üstünə qoyun. İçinə qutuda olan qida sodasının yarısını boşaldın (təxminən 250 q), 100-150 ml də qabyuyan vasitədən (istənilən) tökün. Su azca qızanda ocağı azaldın. Ləyənin içinə qazanları, boşqabları, fincanları düzün (bunu su ilıq olanda etməyiniz məsləhətdir, çünki temperatur fərqi şüşə, saxsı qabları sındıra bilər). Qaynara düşəndən sonra 3-4 dəqiqə qaynadın. Bu müddətdə gözünüzü ləyəndən çəkməyin, çünki köpük daşıb plitənin üstünə tökülə bilər.

Sonra qabları çıxarın, suyun altında adi porolon süngərlə yuyun. Gözlərinizə inanmayacaqsınız - metal qazanlar və boşqablar parıldayacaq, fincaların üzərindəki ləkələr yoxa çıxacaq.

Əgər qazanların, tavaların qulpu, qapaqlarının tutacaq yeri plastikdəndirsə, onları əvvəlcədən çıxarın. Onları da təmizləmək istəyirsinizsə, qaynayan belə məhlulun içinə cəmi 30 saniyəlik salıb-çıxarın, yuyun.

Teflon tavaları isə belə üsulla yumaq qəti olmaz!

Yemək hazırlamazdan öncə qazanı, yaxud tavanı qızdırın, sonra isə altına sabun çəkin. Açıq ocaqda, həyətdə, çox iri qazanda yemək hazırlayacaqsınızsa, əskini isladın, üstünə yuyucu toz səpib qazanın qulpunadək olan hissəsinə çəkin (təbii ki, içinə düşməmək şərtilə). Bu, hisin ona yapışmasının qarşısını alır. Təbii ki, his olacaq, amma qazanın üstünü adicə soyuq su və süngərlə yuyarkən necə asan təmizlənməsinə təəccüb edəcəksiniz.  

Əgər qazanın, tavanın üstündə yanıq, yağ ləkələri varsa, onları iri ləyənə yığın, içinə su tökün, üzərinə təsərrüfat sabununu sürtgəcdən keçirərək səpin, qaynadın - bütün çirk təmizlənəcək.

Qazanın içi vaxtaşırı qaralırsa, içində kartof qabıqları qaynadın, ağaracaq.

Qabıqlı kartof bişirilmiş su isə şüşə və gil qabları yumaq üçün əla vasitədir.

İçində xəmir, un, yumurta, sıyıq olmuş qabları əvvəlcə soyuq suda isladın, sonra isə isti su ilə yuyun.

Qazanda süd bişirərkən dibi tutubsa, qazanın içinə soyuq su töküb 1-2 x.q. qida sodası əlavə edin, 2-3 dəqiqə qaynadın. Sonra adi qaydada yuyun.

Bəzən qabda bitki yağının qoxusu qalır. O zaman həmin qabı isti su və quru xardalın qarışığıyla yuyun.

Əgər qazanı içində xörək ocağın üstündə unudaraq "yandırmısınızsa", dibinə çoxlu duz tökün, bir qədər su töküb bir neçə saat saxlayan. Bundan sonra onu yuyanda daha asan təmizlənəcək.

Boşqablar, şüşə, büllur qablar

Yeni şüşə qabların uzunömürlü olmasını istəyirsinizsə, iri qazana 1 sm qalınlıqda yuyulmuş qum tökün, qabları düzün, üstünə su töküb ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 15 dəqiqə qaynadın. Sonra 2-3 x.q. süfrə duzu əlavə edib daha 30 dəqiqə qaynadın. Tam soyuyandan sonra çıxarıb axar suyla yaxşıca yuyun.
Yeni şüşə stəkanların tez sınmaması üçün onları içinə su doldurulmuş qazana, aralarına kağız qoymaqla düzün, ocağın üstünə qoyun. Su qaynayanda qazanı ocaqdan götürün, amma su soyumayınca stəkanları oradan çıxarmayın. Sonra durulayın.
Şüşə qabların şəffaflığını artırmaq istəyirsinizsə, onları isti, duzlu suda yuyub, soyuq su ilə durulayın.
Qabların parıldaması üçün onları 1-2 x.q. sirkə və 1 x.q. duz əlavə edilmiş suda yuyun, sonra durulayın.
Limon qabığını qabı yuduğunuz suya qoysanız, o da şüşə qabların parıltısını artırır.
Şüşə qab çox yağlıdırsa, isti suya 1 x.q. quru xardal əlavə edin, yuyub yaxalayın. Çay dəstini isə belə su ilə yuyandan sonra dərhal təmiz dəsmalla qurulayın.
İçində bitki yağı olan şüşəni yumaq istəyirsiniz? İçinə yarısından su doldurun, yuyulub xırda doğranmış kartof qabıqlarını atın, bir neçə dəfə möhkəm silkələyin, sonra isə sadəcə, yaxalayın, tərtəmiz olacaq.
Butulka və stəkanların içinə axşamdan sirkəli məhlul tökün, səhəri gün isə sabunla yuyub su ilə yaxşıca durulayın.
Boğazı dar şüşə butulkanı içinə isti su, xırdalanmış yumurta qabığı və ya qəzet qırıqları töküb çalxalayaraq  təmizləyə bilərsiniz.
Qabdan balıq iyi gəlirsə, onu sirkəli su ilə yaxalayıb, qəhvə xıltı, yaxud da soyuq sabunlu su ilə yuyun.
Stəkanlarda ərp, tutqunluq varsa, onları diş tozu ilə sürtün.
Qızılı zehli stəkan və qədəhləri, həmçinin büllurdan olan qabları və badələri tərkibində soda olan su ilə yumaq olmaz. Büllur qaynar sudan qaralır və parıltısını itirir. Onu isti su ilə yuyun. 2 x.q. diş tozu və ya təbaşir tozu, 1 x.q. sinka və 2 x.q. isti suyu qarışdırın. Əskini bu qarışığa batırıb büllur qabı sürtün, o zaman parıldayacaq.
Büllur vaza və qrafinləri spirtlə silin, sonra isə quru yumşaq dəsmalla qurulayın, onlarıın şəffaflığı artacaq və parıldayacaqlar.

Büllur vazada yaşıla çalan ərp əmələ gəlibsə, onu iri duz və sirkənin qarışığı ilə sürtün, yuyub qurulayın. Büllurdan olan əşyaları yuduqdan sonra qurumağa qoymur, dərhal təmiz, quru kətan dəsmalla silirlər. Bu zaman fujer, qədəh və badələri ayaqlarının aşağısından, oturacağın yanından deyil, dib tərəfdən tutmaq lazımdır ki, qırılıb əlinizdə qalmasın.

İstiyədavamlı şüşə qablar

Belə qablar metal qablara nisbətən daha gigiyenikdir. İstini uzun müddət saxlayır, yeməyi yandırmır, içində nə "baş verdiyini" öyrənmək üçün qapağını açmaq lazım deyil. Belə qabları açıq ocağın üstünə qoymayın, dəmir altlıqdan istifadə edin. Həmçinin qaynar odadavamlı qabı yaş, soyuq səth üzərinə qoymaq olmaz, çatlayar. Belə qabı qazansürtən və qumla yumaq olmaz.  

Çini qablar

Çini və saxsı qabları qab yumaq üçün vasitəylə isti suda yuyub soyuq suda durulayın. Qaynar su onun qlazurunu dağıda, qızılı naxışlarını poza bilər.  
Çini qabları yumaq üçün kalsiumlu sodanın məhlulundan istifadə edirlər (1 l isti suya 1-2 ç.q. kalsiumlu soda).
Saxsı qabları xardal tozu ilə yumaq daha yaxşıdır.
Çini və saxsı fincanlarda ərp əmələ gəlibsə, onları diş tozu ilə sürtün. Çay və ya qəhvə ləkələrini qida sodası yaxşı təmizləyir.
Yuyulmuş belə qablar parıldasın deyə onları dərhal quru, təmiz dəsmalla silin.
Saxsı qablar vaxt keçdikcə qaralır. Əvvəlki bəyazlığını qaytarmaq üçün qida sodası qarışdırılmış su, yaxud duzla sirkənin qarışığı ilə sürtün. Əgər belə qabların üstündə qızılı naxışlar varsa, çalışın, həmin məhlullar bu naxışlara toxunmasın.
Çini qabları aralarına onların öz ölçüsündə kəsilmiş ağ kağız qoyub saxlayın.

Keramik və gil qablar

Keramik qabları ilk dəfə istifadə edəcəksinizsə, bir neçə saat soyuq suda saxlayın, sonra isə qaynar su ilə yaxalayın. Bunları başqa cür də "möhkəmlətmək" olar: içinə ağzınadək soyuq su doldurub soyuq sobaya qoyun, tədricən temperaturu artırın, su qaynayandan sonra tədricən soyudun. Qabın üzərindəki nazik qat qlazur bu zaman daha da bərkiyəcək.
Həmçinin yeni keramik qabda xörək hazırlamazdan öncə 15 dəqiqə soyuq suda saxlamaq lazımdır ki, məsamələri nəmi hopdursun.
Çox çirklənmiş yağlı keramik qabı soyuq su ilə doldurub içinə sirkə tökün, ağzına qapağını qoyub, soyuq sobanın içinə yerləşdirin, tədricən temperaturu artırmaqla qızdırın, yarım saat sonra sobanı söndürün. Qab soyuyandan sonra qab üçün vasitə ilə yuyub, durulayın.
Gil qablar xəmir hazırlamaq üçün yaxşı yarayır. Sonra bu qabları qab üçün vasitə ilə yuyub qupquru qurulayın.
Gil qablarda uzun müddət yağ və piy saxlamaq olmaz, sonra bu qablardan pis qoxu gəlir.
Boş gil qabları ağzıaçıq saxlamaq lazımdır, əks halda onlardan pis iy gəlir. Belə qoxunu aradan qaldırmaq üçün isə onları soyuq su və duz, yaxud soyuq su və sirkənin qarışığı ilə yaxalamaq lazımdır.
Qaynar keramik qabı soyuq səth üzərinə qoymaq olmaz, partlaya bilər.

Emallı qablar

Yeni emallı qabı su ilə doldurub zəif ocağın üstünə qoyun. Qaynara düşəndən sonra ocağı söndürün. Su soyuyandan sonra boşaldın. Beləcə, qabın emalı möhkəmlənəcək.
Emallı qazanı quru-quru ocağın üstünə qoymaq olmaz - emal çatlayıb dağılacaq. Emallı qabın qulplarının alov dilinin üstünə düşməsinə imkan verməyin. Qaynar emallı qabı soyuq və yaş yerə qoymayın. Qaynar emallı qaba soyuq su, soyuq emallı qaba qaynar su tökmək olmaz - emal çatlayar.
Emalı çatlamış qabdan istifadə etməyin, onun qırıqları yeməyə qarışa bilər.
Emal turşu və qələvilərin təsirindən korlanır və yeyilir, odur ki, onun içində uzun müddət sirkə saxlamaq, onu kaustik soda və ya turşu ilə təmizləmək olmaz.
Əgər emallı qazanın dibi yanıbsa, içinə su doldurun, 1-2 x.q. qida sodası əlavə edib bir neçə saat saxlayın, sonra yuyun. Əgər yemək yanıb dibinə yapışıbsa, sodanın miqdarını artırın, bir gecə saxlayın. Sabahı gün ocağın üstünə qoyun, içindəki məhlul qaynadıqca, yanmış qida da asanlıqla emaldan aralanacaq. Sonra soyudun, adi qaydada yuyun.
Emallı qazanın üstündə pas ləkələri var? Pambığı sirkəyə batırıb silin, təmizlənəcək.
Emallı qabda ərp əmələ gəlibsə, 1 l suya 5 x.q. sirkə hesabıyla içinə su töküb 1,5-2 saat ərzində qaynadın.
Yağlı emallı qabı da quru xardalı isti suya əlavə etməklə yuya bilərsiniz (1 l suya 1 ç.q. xardal tozu).
Çirkli emallı qabı soda və sabunla sürtərək təmizləmək olar. Həmçinin yaş əskini narın duza batırıb emallı qabı sürtə bilərsiniz.

Nikelli qablar

Nikelli qabların ömrünü artırmaq üçün içində duzlu su qaynadın (1 l suya 5 x.q. duz).
Belə qabları 1 ç.q. duz və 1 x.q. sirkənin qarışığı ilə asanlıqla ləkələrdən təmizləmək olur.
İçində çox yağlı yemək hazırlanmış nikelli qabı naşatır spirti, sonra qaynar su ilə yuyur, təbaşur və ya diş tozu ilə sürtürlər.

Alüminium qablar

Yeni alüminium tavanı işlətməzdən öncə yuyun, qupquru qurulayın, içinə günəbaxan yağı tökün (dibini örtüncə), ocağın üstünə qoyub qızdırın. Çox qaynar olandan sonra ocaqdan götürün, soyudun, yağı tullayın (o, yeməyə yaramır), tavanı yuyun. Quru alüminium tavanı qızdırmaq olmaz, dibi kələ-kötür olar.
Alüminium qabı qaynar su və qab üçün vasitə ilə, naşatır spirti ilə yuyun, bu, yağı çox gözəl təmizləyir. Sonra durulayın.
Belə qabı təmizləyərkən turşuluğu çox olan vasitələrdən istifadə etmək olmaz - onlar qabın üzərindəki oksid təbəqəsini korlayır (bu isə zəhərlənmə verə bilər).
Əgər alüminium qabın içi qaralıbsa, pambığı, yaxud əskini sirkəli suda (1:1 nisbətində) isladıb sürtün, sonra qabı isti su ilə yuyub qurulayın.
Alüminium qab qaralıbsa, içində turşəng qaynadın, bir neçə saat saxlayın, yuyun. Həmçinin qaralmış alüminium qabları naşatır spirti qatılmış su ilə yumaqla da ağartmaq olar. Başqa üsul: içinə su doldurub, 3-4 x.q. sirkə əlavə edin, 10-15 dəqiqə qaynadın.
Kələm yarpağını külə batırıb alüminium qabı sürtün, sonra bambazı parçayla sürtüb qaynar suyla durulayın.
Alüminium qabın üstü cilalıdırsa, onu soda, yuyucu toz (paltar üçün), kül, sumbata kağızı, qum, yaxud digər bərk maddələrlə sürtmək olmaz. Onu isti su, qab yumaq üçün vasitə ilə yumşaq əski və ya süngərlə yumaq lazımdır.
Alüminium qazan, çaydan və digər əşyaları təmizləmək üçün 1 st. suya 10 q boraks və bir neçə damcı naşatır spirti əlavə edib qarışdırın, həmin əşyaların üstünə çəkin, yarım saat qurumasını gözləyib quru əski ilə yaxşıca silin.
Çox çirkli alüminium qazanı naşatır spirti və boraksın (1 l suya 30 q boraks), yaxud qida sodasının (1 l suya 1 ç.q.) əlavə edildiyi suda yuyun.
Alüminium tavaların yeni alınmış kimi parıldamasını istəyirsinizsə, yuyandan sonra üstünü quru iri duzla, içini isə diş tozu ilə sürtün.
Alüminium qazanda yemək yanıbsa, almanı yarı bölüb qazanı sürtün, yaxud içində soğan qaynadın.
Alüminium qazan turşuların təsirindən xarab olduğundan, içində borş, dovğa, digər turş şorbalar hazırlamayın. Belə qazanda qabığı soyulmamış kartof qaynatmaq, içində qaynar duzlu su, duzlu suda xiyar, kələm turşusu, turş süd, duzlu balıq, tərkibində kartof və pomidor olan yeməklər saxlamayın - qaralır.

Bıçaq, qaşıq və çəngəllər

Metal mətbəx dəstlərini içinə duz və ya quru xardal əlavə edilmiş suda fırça ilə yumaq daha məsləhətlidir. Bunları isti su ilə durulayıb dərhal dəsmalla qurulamaq tövsiyə olunur.
Metal qaşıq, çəngəl və bıçaqlar parıldasın deyə onları qida sodası və ya çiy kartofla sürtün. Həmçinin bunları sirkədə isladılaraq diş pastasına batırılmış süngərlə də sürtmək olar.
Bıçaq paslanıbsa, onu soğanla sürtün, sonra soyuq suda durulayın. Bu üsulla çirkli kabab şişlərini də təmizləmək olar - bir iri soğanı şişə çəkin, aşağı-yuxarı hərəkət etdirin, yuyub qurulayın.
Bıçaq-çəngəlin üstündə ləkələr varsa, onları limon şirəsi ilə sürtüb, yun parça ilə silib-qurulayın.

Melxior qablar

Melxior qablar - çəngəl, qaşıq, bıçaq və s. - vaxt keçdikcə qaralır. Əgər bunların üzərində yemək qalıqları, yağ varsa, əvvəlcə adi qabyuyan vasitə və su ilə bunları yuyun. Bu zaman süngərlə onları ciddi-cəhdlə sürtməyin, üstünü cıza bilərsiniz. Həmçinin onları soda, diş tozu və digər aşındırıcı maddələrlə sürtməyin.
Melxior qablarınızın içinə yerləşə biləcəyi böyüklükdə ləyən və ya emal qazan götürün. Dibinə folqa döşəyin. Melxior qabları, dəstləri üstünə düzün. Üstünə çıxana qədər qaynar su tökün. Təxminən 2 x.q. duz və elə o qədər də qida sodası əlavə edin.
Bu ləyəni (və ya qazanı) vam odun üzərinə qoyun və 15-20 dəqiqə "bişirin". Suyun qaynaması şərt deyil, əsas odur ki, isti qalsın.
Su bir az soyuyandan sonra parıldayan melxior qabları içindən çıxarın. Soda və duzun ləkəsi qalmasın deyə onları qəşəngcə yuyub yumşaq dəsmalla qurulayın. Heç mağazadan alanda onlar belə parıldayırdı?

Tavalar

Yeni çuqun tavanı işlətməzdən əvvəl içinə iri duz töküb güclü ocağın üstündə qızdırın. Duz qəhvəyi rəng alanda ocağı söndürün. Bir az soyuyandan sonra təmiz kağız götürüb bu duzla sürtün, boşaldın. Tavanın içini yağlayın, iri duz tökün (təzəsini), yenə də qızdırın. Təmizləyin.
Çuqun qabı paslanmasın deyə quru yerdə saxlayın. Belə qabın içində uzun müddət yemək saxlamaq olmaz.
Dəmir (polad) tavaları yuyandan sonra qaynar duzla sürtmək lazımdır.
Əgər  tavada balıq, yaxud soğan qoxusu qalıbsa, qaynar tavaya yaş çay xəkəsi tökün, qapağını örtün, 1 saat saxlayıb yuyun.

Çaydan və qəhvədanlar

Yeni alüminium çaydanın içində birinci dəfə duzlu su qaynadın (1 l suya 5 x.q. duz), sonra yaxalayın.
Çaydanı ocağın üstünə qoymazdan əvvəl bayır tərəfdən dibinə sabun, yaxud su ilə təbaşir qarışığı çəkin ki, hislənərsə, asan təmizlənsin.
Çaydanı (yaxud qəhvədanı) təmizləmək üçün ağzınadək su doldurub 1 x.q. qida sodası əlavə edin, qaynadın, sonra bir neçə dəfə qaynar su ilə yaxalayın.
Çini dəm çaynikini sodalı isti su ilə yuyub, isti suyla durulayıb tərs çevirirlər ki, suyu axsın (dəsmalın tiftiyi qalmasın deyə, içini qurulamaq məsləhət deyil). Əgər ondan uzun müddət istifadə etməyəcəksinizsə, quruyandan sonra içinə bir parça qənd qoyub saxlayın ki, qoxu əmələ gəlməsin.
Qəhvədanın içində 1 neçə limon dilimi salınmış su qaynatsanız, qəhvəyi rəngli ərpdən qurtula bilərsiniz.  

Teflon örtüklü qablar

Teflon qabları həddən artıq qızdırmaq, cızmaq olmaz. Onları yumşaq fırça ilə yumaq lazımdır. Yuyub qurulayandan sonra içinə çox nazik qat yağ çəkib saxlayın. Belə qabları iç-içə saxlamaq olmaz.

Taxta qablar

Taxta qulpu olan, yaxud tamamilə ağacdan hazırlanmış çəngəl-qaşığı uzun müddət qaynar suda saxlamaq olmaz: çünki ağac şişir və qaralır, bu zaman onun yerləşdirildiyi çərçivə (bərkimə yeri) boşalır. Hələ xoxlomadırsa (üstü boya və qızılı rənglə boyanıbsa), naxışı da tezliklə pozulur.  
Taxta qabları sodalı qaynar suyla yuyur və kif iyi verməsin deyə quru yerdə saxlayırlar.
Əgər taxta qabda tərəvəz və ya meyvənin şirəsinin rəngi qalıbsa, onu 15 dəqiqə xlorlu suda qaynadın, sonra isə bir neçə saat soyuq suda saxlayandan sonra yuyub-qurudun.
Taxtadan olan sini, altlıq, çörək taxtası kimi əşyalara sarı rəng vermək üçün onları soğan qabığının suyu ilə yuyurlar.

Müxtəlif qablar

Əgər külqabı təmizlənmirsə, onu duzla sürtüb yaxalayın, parıldayacaq.
Un ələyəndən sonra ələyi soyuq su ilə yumaq lazımdır ki, un deşiklərə yapışıb qalmasın. Əgər onu fırça ilə təmizləmək olmursa, bir neçə saniyə ocağın üstündə saxlayın.
Taxtadan olan sinilər, çörək (tərəvəz) taxtası əyilibsə, üstündə qabarlar əmələ gəlibsə, hər iki tərəfinə qalın yaş dəsmal qoyaraq ağır press altında 10-12 saat saxlamaq lazımdır.
Uzun müddət istifadə edərkən çörək taxtasının üstündə bıçaq dərin izlər qoyur. Taxtanın üstünü sumbata kağızı ilə sürtməklə onu hamarlamaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.