Maraqlı

DS 4 ailəsi debüt edib - FOTO

7 Mart 2021 21:01
Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stellantis konserninin premium xəttinə daxil olan DS markası ikinci nəsil DS 4 hetçbekini təqdim edib. Yeni hetçbek C seqmentini hədəfə götürüb və onun rəqibləri siyahısında BMW, Mercedes-Benz və Audi markalarının yığcam modelləri yer alır.

Yeni DS 4 modelinin eksteryer dizaynı kökündən dəyişdirilib və ilk nəslində olduğu kimi, rahatlıq baxımından şübhəli hesab edilən bağlı arxa yan pəncərələri keçmişdə qoyub. Avtomobilin dizaynı Aero Sport Lounge konseptinin üslubunda hazırlanıb və fransızlar modelin kuzov nisbətlərini və siluetini seqment üçün unikal hesab edirlər. Hetçbekin ölçüləri böyüyüb: onun uzunluğu 4400 millimetrə,eni - 1830 millimetrə, hündürlüyü isə 1470 millimetrə bərabərdir. Təkər bazası da 2675 millimetrə qədər artıb.

DS 4 modeli, 70 faiz yeni hissələrdən ibarət olan EMP2 model platformasında inşa edilib. Platformada kompozit materiallardan və isti presləmə üsulu ilə hazırlanmış struktur elementlərindən daha çox istifadə edilir. Yapışqan tikişlərinin və qaynaq nöqtələrinin ümumi uzunluğu 34 metrdir.

Bununla birlikdə, şirkət, avtomobilin 85 faizinin təkrar emala yararlı olduğu üçün qürur duyduğunu bildirib. Məsələn, ön panel qismən çətənə liflərindən hazırlanır (lif daxili elementlər üçün istifadə olunur). Avtomobilin utilizasiyasından sonra polipropilen, polyester və elastomer liflərini də təkrar emal etmək mümkündür.

DS 4 modeli üçün ikisi yeni olan yeddi kuzov rəngi təklif edilir: yeni rənglər "mis qızılı" və "laklı boz" çalarlarıdır. Hetçbekin ön optikası DS 7 Crossback və DS 9 modellərində olduğundan daha incədir. Ön optika 98 LED modulu olan L-şəkilli gündüz işığından, habelə döngələri və yol kənarlarını  işıqlandırmaq üçün 33,5 dərəcəyə qədər dönən hərəkətli mərkəzi modulu olan on beş seqmentli matrisa fənərlərindən ibarətdir. Bundan başqa, "batmış" qapı tutacaqları, həmçinin 19 və ya 20 düymlük iri təkər diskləri də seqment üçün xarakterik deyil.

DS 4 modelinin interyeri "hərəkətin saflığı və davamlılığı" fəlsəfəsinə əsasən yaradılıb. İnteryer tərtibatında müxtəlif növ dəri, süni zamşa, preslənmiş karbon lifi və ağacdan istifadə olunur. Ən lüks tərtibat variantı Opera adlanır və qol saatı kəməri üslubunda naxışa malik olan qəhvəyi nappa ilə örtülmüş kreslolara və göyrüş ağacından hazırlanmış qəhvəyi dekora malikdir. Clous de Paris naxışları  DS 7 Crossback modelindən hetçbekə köçüb və indi qapılardakı elektrik şüşəqaldıranların "pultu" ilə birlikdə iqlimə nəzarət sisteminin idarəetmə blokunu bəzəyir.

Havalandırma sisteminin mərkəzi deflektorları klimat-kontrolun düymələri inteqrasiya olunmuş nazik "bıçaqlar" şəklində hazırlanır. Yan tərəflərdəki deflektorlar isə qapılara keçiblər. DS Iris mediasistemini səs və jestlərlə idarə etmək olar və onun interfeysi daha çox smartfona bənzəyir. Transmissiyanın düyməli E-Toggle selektorunun yanında əlavə beş düymlük Smart Touch paneli var. Bu panelə toxunmağa ehtiyac yoxdir - barmağınızı ona yaxınlaşdırıldıqda, jestiniz tanınacaqdır.

DS 4 modelini infraqırmızı kameralı gecə görüş sistemi, virtual 21 düymlük ekran yaradan proyeksiya sistemi ( sanki sürücüdən 4 metr aralıda yolun üzərində süzür), 14 dinamikli 690 vattlıq Focal Electra səs sistemi və adaptiv kruiz-kontrol ilə təchiz etmək olar. Ön kameranın görüntülərinə əsasən sərtliyə nəzarəti edən asqı sistemi flaqman DS 9 sedanından götürülüb.

Adi DS 4 modelindən başqa, model çeşidinə daha iki versiya olacaqdır. DS 4 Cross modeli ön bamperdəki mat qara plastik əlavələr, dam reylinqləri, dağdan enmə köməkçisi, qar və qumda hərəkət etmək üçün  yeni dartma nəzarət rejimləri ilə təchiz edilir. DS 4 Performance Line modeli isə qara eksteryer tərtibatına və təkər disklərinə malikdir.

DS 4 modelinin mühərrik çeşidi Stellantis alyansının digər modelləri ilə unifikasiya edilib. Bunlar, 130, 180 və 225 at qüvvəsi hasil edən Puretech benzin aqreqatları, 130 at qüvvəli 1,5-litrlik BlueHDi dizeli və 225 at qüvvəli E-Tense hibrid qurğusudur. Sonuncunun tərkibinə 180 at qüvvəli 1,6-litrlik turbomühərrik və səkkiz pilləli e-EAT8 "avtomatına" quraşdırılmış 110 at qüvvəli electromotor daxildir. Yığcam dartma batareyası hibridə elektrik ötürməsi ilə 50 kilometr (WLTP) məsafə qət etməyə imkan verir.

DS 4 ailəsinin satışları bu ilin dördüncü rübündə başlanacaqdır. Yeni model Avropa, Asiya, Cənubi Amerika və Afrikadakı bütün DS şourumlarında salonlarında nümayiş etdiriləcəkdir. Avtomobilin qiymət hələlik açıqlanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.