Maraqlı

Pandemiya “8K” televizorlarının tətbiqini yubadıb

17 Noyabr 2020 08:05
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABI Research" tədqiqat şirkəti "COVID-19" pandemiyasının "8K" təsvir ölçülü televizorların tətbiqinə mane olduğunu açıqlayıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2021-ci ildə dünyada buraxılan televizorların yalnız 1 faizi "8K TV" kateqoriyasına aid olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin əvvəlində "8K" seqmenti ilə bağlı optimist proqnozlar verilib. "DigiTimes" nəşrinin icmalçılarının sahə üzrə müşahidəçilərə istinadən məlumatına görə, 2020-ci ildə "8K" formatlı televizorların qlobal tədarükü 2019-cu ildəki 430 min ədədə qarşı 2 milyona çatacaq.

Artıma səbəb olacaq amillər arasında mütəxəssislər tərəfindən "8K" televizorlarının istehsalı üçün xərclərin optimallaşdırılması, dünyada "5G" şəbəkələrinin istifadəyə verilməsi və istehsalçıların ultrayüksək təsvir ölçülü televizorların inkişafı üzrə səyləri sadalanıb.

Lakin "ABI Research" analitiklərinin fikrincə, bu gözləntilər özünü doğrultmayacaq.

"2020-ci ildə Yay Olimpiadasının "8K" formatında translyasiyasının planlaşdırılmasına görə "8K TV" bazarında böyük artım proqnozlaşdırılmışdı. Lakin pandemiya fonunda ümumi iqtisadi tənəzzüllə birlikdə Olimpiya oyunlarının təxirə salınması "8K" təsvir ölçülü televizorların tədarükündə aşağı göstəricilərə səbəb olub", - vəziyyəti şərh edən şirkət eksperti Khin Sendi Linn bildirib.

Mürəkkəb bazar konyukturuna baxmayaraq yüksək sinifli televizorlara üstünlük verən "Samsung" və "LG" kimi brendlər "8K" modellərinin inkişafını davam etdirib. Bundan başqa, 2020-ci ildə "8K" televizorları Çinin "TCL" istehsalçısının çeşidinə daxil olub.

Lakin pandemiyanın səbəb olduğu iqtisadi problemlər alıcı prioritetlərini dəyişib və belə şəraitdə istehlak tələbatının stimullaşdırılması üçün yüksək rəqabət qabiliyyətli qiymətlər böyük əhəmiyyət kəsb edir.

"8K" formatlı televizorların qiyməti 2019-cu illə müqayisədə ucuzlaşsa da, onların qiyməti baha olaraq qalır və 3500 və 30 min dollar arasında dəyişir. Şirkət ekspertinin sözlərinə görə, nəticədə bahalıq və "8K" kontentinin olmaması "8K" təsvir ölçülü televizorların yayılmasına mane olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.