Maraqlı

Almaniyada maska tikən azərbaycanlı dərzi danışdı: "İlk təcrübəmdir..." - FOTO

1 May 2020 12:55
1 Şərh     Baxış: 1 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleqraf.com-un müsahibi Almaniyada Don çayı üzərindəki Vilşofen adlanan ərazidə yaşayan ixtisasca dərzi olan Səadət Əhmədovadır. Koronavirus pandemiyası yayılandan maskalar tikməyə başlayan həmyerlimiz yaşadıqları ərazidəki son durum barədə ətraflı məlumat verib.

Milli.Az müsahibəni təqdim edir:

- Səadət xanım, yaşadığınız Vilşofen ərazisində hazırda vəziyyət necədir?

- Yaşadığımız şəhərdə vəziyyət normaldır. Almaniya üzrə infeksiya geniş yayılsa da, yaşadığımız şəhərdə cəmi 2 nəfərdə bu virus qeydə alınıb. Şükür durum yaxşıdır, təşviş, narahatlıq yaşanmır.

- Bir çox Avropa ölkələrində artıq karantin rejimində yumşalma meylləri hiss olunur. Yaşadığınız şəhərdə də hiss edilirmi?

- Burada COVID-19 infeksiyasına kütləvi şəkildə yoluxma aşkar olunmadığından sərt karantin qaydaları qoyulmamışdı. Bir azərbaycanlı infeksiyaya yoluxmuşdu, poçtda işləyirdi, amma müalicə nəticəsində tez sağaldı, hazırda vəziyyəti yaxşıdır, evə buraxılıb.

- Virusa yoluxanlardan biri azərbaycanlıydı, bəs o birinin kimliyi barədə məlumatınız var?

- COVID-19 aşkar olunan digər şəxs əfqan idi, İrandan qayıdanda virusa yoluxmuşdu. Eşitdiyimizə görə, 1 ay karantin altında saxlanılıb, vəziyyəti ağır olmayıb.

- Bəs, Vilşofen karantin elan olunmuşdu?

- Karantin elan olunub, amma küçəyə çıxmaq qadağan edilməyib. Sadəcə çölə maskasız çıxmaq olmaz. Kimsə küçəyə maskasız çıxarsa, 150 avro cərimə olunur. Amma hansı saatda istəsəniz, çölə çıxmaq mümkündür. Küçədə qalmaq üçün saat limiti də yoxdur.

- Sosial məsafə qadağası varmı?

- 2 metr yarımlıq sosial məsafə qadağası var. Sadəcə yad insanlar arasında bu qadağa tətbiq olunur. Ailəvi 4-5 nəfər çölə çıxırsa, heç bir problem yoxdur. Hətta qonşumla da küçəyə çıxa bilərəm. Polis yoxlayanda, yaşadığımız ünvana görə bilir ki, qonşuyuq, cərimələmir. Maşınla birgə marketə də gedirik, yeganə şərt maskanın taxılmasıdır.

- Almaniya koronavirusa yoluxanların sayına görə ilk beşlikdə yer alır. Sizin şəhərdə COVID-19-un az yayılmasının səbəbi nədədir?

- Çünki insanlar özlərini qorumağı bacarır, rəsmi şəxslərin tövsiyələrinə əməl edirlər. Dövlət müəssisələri ancaq elektron qaydada, qəbul yoxdur. Sosial məsafə qadağasına ciddi əməl olunur, ona görə də infeksiya geniş yayılmır.

- Almaniyaya yolunuz necə düşdü?

- Qohumum vardı, xəstəydi, dedi həm gəl mənə kömək elə, həm də burada işləyin. Beləcə gəldik, oğlum həm oxuyur, həm işləyir, kiçik oğlum birinci sinfə gedir. Özüm də dil kurslarında alman dilini öyrənməyə çalışıram. Həyat yoldaşım da çalışır, karantinlə əlaqədar işi müvəqqəti dayanıb.

- Sosial şəbəkələrdə maska tikdiyinizə dair fotolar paylaşmısız. Deyəsən, peşəniz dərzilikdir...

- Bəli, dərziyəm. Dil kursunda müəllimlərimizdən biri bütün tələbələri ilə boş vaxtlarında əlavə məşğul olurdu. Bilirdi ki, dərziyəm, dedi maskaya ciddi ehtiyac var, tikməyə yardım edə bilərsiniz? Mən də bacardığım üçün razılaşdım. Qonşuluqda azərbaycanlı var, ona kömək üçün müraciət elədim, o iki qızı, mən də həyat yoldaşımla birlikdə oturub tikirik. Günə 200-ə yaxın maska hazırlayırıq.

- İndiyədək maska tikmişdiniz, sterilizasiya qaydasına necə əməl edirsiniz?

- Parçalar sterilizə olunub gəlir, biz onu tikəndən sonra da ütüləyirik, aparıb yenidən sterilizə edirlər. İlk nümunəni tikdik, aparıb yoxladılar, sonra kütləvi tikməyə icazə verildi. Ancaq pambıq və çit parçalardan istifadə edirik. Maskaları 1 metrinin qiyməti 80-90 avro olan parçalardan tikirik. İndiyədək maskaları həmişə apteklərdən almışıq axı, elə bir dönəm yaşamamışıq ki, maska tikməyə ehtiyac duyulsun. Mənim üçün də ilk təcrübə idi.

- Bir maska neçəyə başa gəlir?

- Biz təmənnasız tikirik, amma onlar da zəhmətimizi qarşılıqsız qoymurlar. Şirniyyatlar, meyvələr, qida məhsulları alıb-gətirirlər.

- Tikdiyiniz maskalar satışa çıxarılır?

- Xeyr, yardım məqsədilə maskaları küçəyə qoyurlar, yanına da pul daxılı. Kimi maska götürəndə daxıla pul atır, kimi isə yox. Amma adətən, 2 avro da olsa, pulu daxıla salıb maskanı götürürlər. Yığılan pulla da maskanın materiallarını, rezinini, sapını alırlar. Sizinlə danışa-danışa indicə gəlib növbəti maska sifarişlərini götürdülər. Bildirdilər ki, yataqxanalardan birində kimdəsə koronavirus şübhəsi var, bina karantinə alınıb və maskalar orada yaşayanlara paylanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.