İnsanda paranazal, yəni burunətrafı (haymor boşluğu, alın, əsas və xəlbir cibləri) ciblər var. Bu ciblərin iltihabı sinusit adlanır. Məsələn, zökəm olarkən xəlbirəbənzər cibdə və haymor boşluğunda iltihab yaranır. Çox insan ən azı zökəm olduğu zaman sinusitdən (haymorit) əziyyət çəkib.
Haymorit iybilmə və burun tənəffüsünün pozulması, burundan mayenin axması, üz və gözlərin ətrafında küt ağrıların olması, diskomfort hissinin yaranması ilə özünü büruzə verir. Haymorit həyati təhlükəli ağırlaşmalara da səbəb ola bilir. Belə ki, bu iltihabi proses göz daxilinə nüfuz edərsə, görmə zəifləyə, habelə ikili görmə halları yarana bilər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, hətta iltihab lap daxilə keçərsə, görmənin zəifləməyindən başqa, insan kor ola bilər. Yox, əgər beyin istiqamətində inkişaf edərsə, bu müvafiq olaraq meningitlərə, beyin daxili abseslərə gətirib çıxara bilər. İltihab qan vasitəsilə bütün bədənə yayıldığı halda isə, sepsis yaranır.
Digər tərəfdən, haymoritin yaratdığı əsas fəsadlardan biri də burun tənəffüsünün pozulmasıdır. Bunun nəticəsində boğaz, qırtlaq və ürək-damar sisteminə yük düşür, bu isə ağırlaşmalara səbəb olur. Biz belə hallarla çox rastlaşırıq.
El arasında "Elə bil beynimdən irin çəkirlər" ifadəsini də eşidirik. Bunu xüsusi vurğulayım ki, normalda burundan axan mayenin beyinlə heç bir əlaqəsi yoxdur.
Haymoriti əmələ gətirən səbəblərə gəldikdə isə onu deməliyəm ki, ilk növbədə infeksion xəstəliklər zamanı bu hal baş verir. Haymorit mövsümi xarakter daşıya bilər. Haymoritin davamlı problemə çevrilməyinə bir çox hallarda burun çəpəri əyriliyi səbəb olur. Nəticədə burunətrafı ciblərin havalanması pozulur, orada istehsal olunan maye burun boşluğu steril olmadığından orada qalaraq bir növ bakteriyalara bulanır və problemlər əmələ gəlir.
Haymoritin yaranmasının başqa bir səbəbi allergiyalardır. Belə ki, allergiya zamanı balıq qulaqları şişir, burun tənəffüsü pozularaq maye ifrazatı azalır və bu da iltihaba gətirib çıxarır.
Bəs sinuzitin qarşısını almaq üçün nə etməli? İlk növbədə sinuziti yaradan səbəb aşkarlanmalıdır. Əgər sinuziti yaradan səbəblər poliplərdisə, onlar götürülməli, ya da həcminə uyğun konservativ müalicə ilə həll olunmalıdır.
Milli.Az