"Xəyanətin ən çox yayılan səbəbi emosional və ya cinsi ehtiyacların ödənilməməsidir"
Ailələr üzrə psixoterapevt xəyanətin gözlənilməz, lakin ən çox rast gəlinən səbəbini açıqlayıb. O, bu barədə Reddit forumunda anonim şəkildə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, xəyanətin əsas səbəbi çox vaxt emosional və ya cinsi ehtiyacların qarşılanmaması olur:
"Bu, insanın emosional və ya seksual tələbatlarına aiddir və adətən hər iki amil bir arada müşahidə olunur", - deyə psixoterapevt bildirib.
O, vurğulayıb ki, emosional xəyanət cəmiyyət tərəfindən bəzən yüngül qarşılanır, lakin bu, münasibətlərə ciddi zərər vurur. Belə hallarda tərəflər arasında əvvəllər yalnız münasibət daxilində mövcud olan yaxınlıq başqa bir şəxsə yönəlir ki, bu da partnyora mənəvi ağrı yaşadır.
Psixoterapevt həmçinin qeyd edib ki, xəyanət nə vaxtsa mütləq üzə çıxmalıdır. Əks halda, bu, tərəfdaşın münasibətlər barədə müstəqil qərar vermək hüququnu əlindən alır və müəyyən mənada manipulyasiya sayılır.
Qeyd edək ki, daha əvvəl psixoloq Pavel Reşetov insanlarda partnyora qarşı marağın qəfil itməsinin səbəblərindən danışmışdı. Onun fikrincə, bu vəziyyət çox vaxt gözləntilərlə reallıq arasındakı uyğunsuzluqdan qaynaqlanır.
İsmayıl
Milli.Az