Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilir. Yaşayış kompleksi 225 mənzilli onmərtəbəli 5 binadan ibarət olacaq. Həmçinin Abşeron rayonunun Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə də başlanılıb.
Bəs, bu binaların tikintisi həmin ərazidə olan mənzillərin ucuzlaşmasına səbəb olacaqmı?
Mövzu ilə bağı Milli.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun illərdir Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin müxtəlif ərazilərində yeni çoxmənzilli yaşayış binaları inşa olunur və həmin binalardakı mənzillər yalnız sosial layihələrin şərtlərinə uyğun olan vətəndaşlara satılır. Onun sözlərinə görə, bu layihələrdən əsasən müəllimlər, hərbçilər, şəhid ailələri və digər güzəştli kateqoriyalara aid şəxslər yararlana bilirlər.
Ekspert əlavə edib ki, MİDA binalarının yerləşdiyi ərazilərdə bazar qiymətləri ilə ciddi fərqlər müşahidə olunur. Belə ki, Yasamal rayonu ərazisində Agentlik tərəfindən inşa edilən binalarda təmirli mənzillərin satış qiyməti orta hesabla bir kvadrat metr üçün 850 manat civarında idi. Halbuki həmin əraziyə yaxın məsafədə yerləşən digər tikinti şirkətlərinin satdığı mənzillərdə qiymətlər bir kvadrat metr üçün 2000 manatdan da yüksəkdir:
"Sosial layihələr çərçivəsində satışa çıxarılan mənzillərin sayı məhduddur. Müraciət edənlərin sayı minlərlə olsa da, satışa çıxarılan mənzillərin sayı orta hesabla 400-500 civarında olur və nəticədə yalnız minimal sayda vətəndaş bu mənzilləri əldə edə bilir".
Onun sözlərinə görə, müxtəlif ərazilərdə bu tip layihələrin həyata keçirilməsi xüsusilə hərbçilərin, müəllimlərin və digər güzəştli kateqoriyalara aid şəxslərin mənzil-məişət problemlərinin həllinə xidmət edir. Bu mənzillərin satış qiymətləri yerləşdiyi ərazilər üzrə bazar qiymətlərindən daha ucuzdur, ilkin və aylıq ödənişlər isə minimal səviyyədə müəyyənləşdirilib.
Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, MİDA tərəfindən inşa edilən mənzillərin ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsinə ciddi təsiri yoxdur. Digər tərəfdən, bu mənzilləri əldə edən şəxslər artıq baha qiymətə bazardan mənzil almağa müraciət etmirlər, çünki bu yolla onların mənzil problemləri aradan qalxır:
"Gəncə, Sumqayıt, Hövsan və digər ərazilərdə də bu tip layihələr həyata keçirilsə də, müraciətlərin çoxluğu fonunda həmin mənzillər ətraf ərazilərdə yerləşən digər yeni çoxmənzilli yaşayış binaları və fərdi evlərin bazar qiymətlərinin dəyərdən düşməsində rol oynamır".
Mina Mikayılova
Milli.Az





