Maraqlı

“Britaniya İmperiyası” medalı alan soydaşımız Hüseyn Əjdərovun döyüş yolu – FOTO

10 Dekabr 2023 16:04
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya Müharibəsində Azərbaycanın hünər göstərib kölgədə qalan, daha doğrusu haqqı yeyilən çox igid oğulları olub. Həzi Aslanovun həyatına edilən qəsd və onun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasının gizlədilməsi bunun bariz nümunəsidir.

Haqqı tapdalanan başqa bir soydaşımız isə Hüseyn Şiroğlu Əjdərovdur. Tək bir faktı deyək ki, əfsanəvi döyüşçünün GA6409 nömrəli "Şpagin"sistemli avtomatı Sankt Peterburq şəhərində yerləşən "Artilleriya, Mühəndislik Qoşunları və Siqnal Korpusu Hərbi Tarixi Muzeyi"-də şərəf yerində qorunub saxlanılanılır.

Bəs, Hüseyn Əjdərov kimdir?

Qəhrəman soydaşımızın döyüş yolunu tarixçi alim Zaur Əliyev araşdırıb.

Milli.Az xəbər verir ki, alimin bizim.media-ya təqdim etdiyi araşdırma materialında deyilir:

"Hüseyn Şiroğlu Əjdərov 1910-cu ildə Bakıda anadan olub. Beşinci sinfi bitirdikdən sonra çörək sexində işləyib. 1942-ci ilin oktyabrında Sovet Ordu sıralarına çağırılıb, ancaq 1943-cü ilin mayında cəbhədə döyüşlərə qoşulub.

Arxivdə qəzetləri vərəqləyərkən "Bakinski raboçiy" qəzetinin 1943-cü il, 5 sentyabr sayında onun haqqında məqaləyə rast gəldim. 

Tam bütöv bir səhifədə onun barəsində yazılıb:

"...Sovet pulemyotçuları, görünür, bir vaxtlar rusların zəngin Vyaji kəndində (indiki Oryolun Novosilski rayonunda ləğv edilmiş kənd) olan düşmən istehkamlarının "zəncirini qırdılar". Hətta qatı tüstü səbəbiylə bağların yaşıllığında hələ də dəmir damların altında ağ evləri görmək olardı. Amma yanğınların tüstüsü kəndin üstündə dolanırdı və alman pulemyotları pəncərə dəliklərindən əsgərlərimizə doğru atəş açırdı... 

Topçularımızın açdıqları atəş pərdəsi altında pulemyotçular düşmənə yaxınlaşdılar. Döyüşçülər piyada və tank əleyhinə qumbaraatanlarla silahlanıblar. Bir qrup pulemyotçu bunkerlərdən birinin yaxınlığında, nasistlərin pulemyot atəşi altında uzanmışdı. Bir az sonra bir döyüşçü pulemyotçulardan ayrıldı. Quru alaq otlarının arasından bunkerə tərəf süründü və cəld bir-birinin ardınca ora iki tank əleyhinə qumbara atdı. 

Partlayış baş verdi, bunker susdu və orada olan onlarla nasist məhv edildi. "...Ah, Hüseyn! Deməli, alçaqlar..." döyüşçü yoldaşlarının səsini eşitdi.

Lakin döyüşçü dayanıb öldürülən faşistləri saymaq fikrində deyildi. Bunkerin üstündən tullanaraq kəndin dərinliyinə qaçdı. Birdən tək atış yüksək səslə əks-səda verdi. Ağır yaralı əsgər inilti ilə Hüseyn Əjdərovun yanına yıxıldı. 

Snayper! Hüseyn özünü yerə sıxdı. İrəli getmək çətin idi. Daş divarın arxasında gizlənmiş alman snayperi kiçik bir boşluqdan Qırmızı Ordu əsgərlərinə atəş açırdı. Əjdərov əlindəki qumbara ilə atəş altında bunkerə yaxınlaşıb oranı partlatdı və yüzlərlə sovet əsgərini ölümdən xilas etdi".

Həmin gün 29 qumbara ilə 50-dən bçox alman əsgərini məhv edən Əjdərov nəinki döyüşün, sovet hərb tarixinin ən qəhrəman şəxslərindən birinə çevrildi. 

Döyüşdə əla döyüşməsinə və şücaətinə görə 380-ci atıcı diviziyasının 1262-ci motoatıcı alayının pulemyotçu rotasının baş serjantı Hüseyn Əjdərovun adı cəbhə komandirinin əmrində qeyd edilib və Qırmızı Bayraq ordeni ilə təltif edilib.

Bölmə komandiri Əjdərovu təbrik edib çıxış etməyə ona söz verəndə O, bir kəlmə dedi:

"Mənim düşmənlə haqq hesabım indi başlayır, indi hər kəs bakılıların necə döyüşdüyünü öyrənəcək!"

Ondan bu qəhrəmanlığa görə Sovet dövlətindən nə istəydiyini soruşanda Əjdərov sadəcə bir xahiş edib:

"Bir şey istərdim: doğma Bakıda olanlar bilsinlər ki, Hüseyn Əjdərov öz xalqını necə təmsil edir" 

Keçmiş Bakı çörək zavodlarının birində çörək bişirən Hüseyn bölmənin ən yaxşı əsgəri adı qazanır və bütün sovet dövlətlərinə onun haqqında əfsanənlər yayılır. 

O dövrdə SSRİ Müdafiə Nazirliyinin gündəlik nəşrində belə yazılırdi:

"Alovlu lava axınları kimi, alman pusqularını əzərək, Qırmızı Orduya qələbə gətirən zirehli tankın üstündə dayanan Hüseyn Əjdərov Koroğlu kimi, əfsanəvi süvarilərin bir vaxtlar düşmənlərini məhv etdiyi formada öz polad atına minib ürəyində qaynayan qəzəblə ətrafındakı faşist çəyirtkələrini məhv edir". 

Müharibə illərində göstərdiyi şücaət, şücaət və qəhrəmanlığa görə Hüseyn Əjdərov Şir oğlu iki dəfə Qırmızı Bayraq ordeni, "İgidliyə görə" medalı ilə təltif edilib. O, həmçinin "Britaniya İmperiyası" medalı da alıb. 

1945-ci il martın 13-dən martın 26-dək Qdansk, Polşada baş vermiş hücum döyüşlərində baş serjant Hüseyn Əjdərov özünü yenidən cəsur döyüşçü kimi göstərdi. Oliva kəndi yaxınlığında gedən döyüşdə düşmənin əks hücumu zamanı alay bayrağını müdafiə edən baş serjant Əjdərov 30-a qədər alman əsgər və zabitini məhv edib, 10 alman əsgər və zabitini əsir götürüb. 

Göstərdiyi şücaətə görə, 49-cu Ordunun qoşunları üçün 30 aprel 1945-ci il tarixli 054 saylı əmrlə baş serjant Hüseyn Əjdərov yenidən "Qırmızı Bayraq" ordeni ilə təltif edilib.

Ümumiyyətlə, qəhrəman soydaşımız göstərdiyi şücaətə görə bir sıra orden və medallar qazanıb. O həm də müharibə dövründə müttəfiq - Böyük Britaniyanın medalını alan nadir insanlardandır.

O zamanlar İkinci Qırmızı Bayraq ordeni almaq Sovet İttifaqı Qəhramanı adına bərabər tutulurdu. Lakin soydaşımızın bu fəxri adı almasının qarşısını o zaman ordu komandanı olan erməni marşal İvan Baqramyan alıb. Səbəbsə aydındır. Bununla belə İkinci Dünya Müharibəsi barədə yazanlar Hüseyn Əjdərovun adı gələndə ayaq üstə dayanırlar. O, nadir insanlardan biridir ki, şəxsi silahı muzeydə şərəf yerində saxlanılır. 

Müharibədən sonra Hüseyn Əjdərov vətəni Azərbaycana, Bakıya qayıtdı. Təəssüf ki, Hüseyn Əjdərovun post-müharibə dövründəki fəaliyyəti barədə arxivlərdən heç bir məlumat əldə edə bilmədik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.