"Twitter" xidməti istifadəçi bazasını təmizləməyi planlaşdırır.
Bunu sosial şəbəkənin sahibi İlon Mask bildirib. Maskın sözlərinə görə, 1,5 milyard "Twitter" hesabı tezliklə silinəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mask hesabların silinməsi üçün iki meyar qeyd edib. İlk növbədə, tvitlərin olmadığı hesablar və sahibinin "illərdir" profilinə daxil olmadığı səhifələr silinəcək.
Milyarder qeyri-aktiv hesabların kütləvi şəkildə silməsinin səbəbləri barədə ətraflı açıqlama verməyib. Ekspertlərin fikrincə, bu yolla qeyri-aktiv hesablar üçün istifadə olunan adların sərbəstləşdirilməsi planlaşdırılır.
Mask silinmənin nə vaxt başlayacağını da dəqiq deməyib.
Qeyd edək ki, 2019-cu ildə "Twitter" texniki xidməti hesabların heç vaxt silinməyəcəyinə söz verib. Bu, ölən insanların profillərinin "Twitter"də saxlanılması üçün edilib.
Milli.Az