Şəkidə dağlıq ərazidə yanğın başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə qeydə alınıb.
Məlumata görə, yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur.
Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
--------
Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb.
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və xüsusi texnikası tam tərkibdə cəlb olunub.
Yanğının geniş ərazini əhatə etməsi səbəbindən ətraf rayonların yanğınsöndürmə qüvvələrinin də əməliyyata qoşulması nəzərdə tutulur. Hazırda alovun lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.
-----------
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az





