22:54
Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Opel" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Qeyd edək ki, "Opel" markalı minik avtomobilində olan digər 2 nəfər hadisə yerində keçinib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
------------
19:52
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub.
Nəticədə "Opel" markalı avtomobildə olan 2 qadın ölüb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Milli.Az