Sağlamlıq

Professor: Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir

10 İyul 2020 23:15
Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda tətbiq olunan sərt karantin rejimi nəticəsində yoluxma sayında nisbi sabitləşmə müşahidə olunur. Lakin sərt karantin tədbirləri uzun zaman ərzində davam etməsə də, karantin rejimi bir müddət tətbiq olunacaq. Bu zaman bir sıra məhdudiyyətlər aradan götürülsə də, bəzi kütləvi toplanma yerləri tam bağlı saxlanılmalıdır. Nəqliyyatın işini tənzimləmək lazımdır. Elə edilməlidir ki, insanlar ictimai nəqliyyata maskasız daxil olmasınlar, o cümlədən sıxlıq yaranmasın. Mental məsələlərdə bir az dəyişiklik olmalıdır. Vətəndaşların biri-biri ilə əllə salamlaşması, qucaqlaşması, öpüşməsi halları aradan qaldırılmalıdır. Yas mərasimlərində kütləvi toplanma hallarına yol vermək olmaz. Dünyasını dəyişən şəxs COVID-19 infeksiyasına yoluxaraq vəfat edibsə, onun yaşadığı ev infeksiya ocağı kimi təhlükə mənbəyi sayılır. Vətəndaşlardan belə məsələlərdə diqqətli olmaq tələb olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "TƏBİB" Elmi Komitəsinin sədri, mikrobioloq, professor Akif Qurbanov deyib.

O, həmçinin deyib: "Koronavirus infeksiyası 20-30 faiz hallarda simptomsuz, 50 faiz hallarda isə daha çox qrip əlamətləri ilə müşahidə olunur. Təxminən 20 faiz hallarda isə xəstəliyin fəsadlaşması baş verir. Koronavirusun orqanizmdə daxil olduğu yer ağciyər hüceyrələridir. Qrip virusu çox az hallarda pnevmoniyaya səbəb olur, lakin koronavirus pnevmoniya ilə ağırlaşır və arzuolunmaz nəticələrə səbəb olur: bəzən uzunmüddətli müalicələr tələb olunur, bəzən ölüm halları ilə üzləşirik. Xəstəliyin ağır hallarında isə hansısa qalıq əlamətləri ilə rastlaşırıq. Belə ki, ağciyər zədələnir və istənilən riskə qarşı həssaslıq yaranır.

Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir. Halqanın birincisi infeksiya mənbəyidir, yəni xəstəliyə yoluxmuş şəxsdir, ortadakı halqa yoluxma yolu, üçüncü halqa isə həssas insandır. Həmin halqalardan biri olmayanda epidemiya sönür və ona görə halqalardan birini mütləq qırmaq lazımdır. Təəssüf ki, hazırda infeksiya mənbəyinə qarşı konkret mübarizə tədbiri aparmaq mümkün deyil, çünki hələ virus əleyhinə spesifik preparat aşkar edilməyib. İndiyə qədər bu sahədə müxtəlif preparatlar təklif olunsa da, onların heç biri tam səmərəli deyil. Xəstə, yəni infeksiya mənbəyi təcrid edilməlidir ki, onu başqalarına yoluxdurmasın. Pandemiya dövründə həmin həlqəni qırmaq üçün maska taxılmalı, iki metr sosial məsafə saxlanılmalı və əl gigiyenasına diqqət yetirilməlidir. Peyvənd tapılmadığına görə üçüncü halqa olan sağlam insanlar özlərini qorumalıdırlar. İlk növbədə, onlar maska taxmaqla yoluxmamağa çalışmalıdırlar. İkincisi, profilaktik müalicənin tətbiqi ilə virusdan mühafizə olunmaq olar. Yəni, sağlam insan xəstə yaşadığı evə gedibsə, yoluxuculuğu şübhə doğuran insanlarla təmasda olubsa, artıq profilaktik müalicə məsələsi meydana çıxır. COVID-19-un müalicəsində faydalı olan preparatlar az miqdarda profilaktik məqsədlə istifadə edilir. Həmin preparatları yalnız həkim məsləhəti ilə qəbul etmək olar. Sağlam qidalar, yəni meyvə-tərəvəz qəbul etmək və həkim məsləhəti ilə polivitamin preparatlarından istifadə etməklə immun sistemini gücləndirmək lazımdır. Hələlik bundan başqa səmərəli müdafiə variantı yoxdur".

Professor bildirib ki, hazırda yoluxma sayı artdığına görə ev şəraitində müalicəyə icazə verilib. Xəstənin evdə qalaraq müalicə olunması da yoluxma ehtimalını çoxaltdığına görə vəziyyət gərginləşir. Yəni həmin evdə, həmin mənzildə yaşayan başqa insanların qorunması məsələsi meydana çıxır, çünki xəstə olan ev infeksiya mənbəyidir: "Bu sahədə bizim təkliflərimiz var. Belə olanda dezinfeksiya işləri ön plana çıxır. İki cür dezinfeksiya var: gündəlik və yekunlaşdırıcı. Gündəlik dezinfeksiya işini hər gün xəstənin ailə üzvləri aparırlar və dezinfeksiya edilməli yerlər məlumdur. Yekunlaşdırıcı dezinfeksiyanı isə xəstə müalicə müəssisəsinə götürüləndən sonra gigiyena-epidemiologiya mərkəzləri təşkil etməlidirlər. Bu barədə dezinfeksiya stansiyaları və sahə həkimləri məlumatlı olmalıdırlar. Xəstə stasionar müalicəyə alınandan sonra infeksiya ocağı aradan qaldırılmalıdır. Yekunlaşdırıcı dezinfeksiya tibbi orqanların işidir. Xəstənin ev şəraitində izolə edilməsi haqqında TƏBİB tərəfindən xüsusi protokollar hazırlanıb və orada dezinfeksiya ediləsi sahələr və istifadə edilməli dezinfeksiyaedici məhlulların adları da əks olunub.

Koronavirus infeksiyası ətrafımızda 2 gündən 9 günə qədər yaşayır. Virusun üzərinə Günəş şüaları düşəndə öz infeksiya qabiliyyətini bir neçə saatdan çox saxlaya bilməz. Lakin nəm və qaranlıq mühitə düşəndə onun yaşamaq müddəti uzanır və dezinfeksiya olunmadıqda orada 9 günə qədər qalır".

A.Qurbanov deyib ki, mutasiya cəhətdən təhlükəli olan RNT tərkibli iki virus var: "Onlar içərisində qrip virusu və koronavirusu xüsusi qeyd etmək istərdim. Həmin viruslarda mutasiya gedə bilər. Hazırda koronavirusun mutasiyası getsə də, proses tam baş vermir, yəni virus sadəcə müəyyən dəyişikliklərə uğrayır. Mutasiyanın iki cəhəti var. Virus mutasiyaya uğrayıb virulentliyini, yoluxma qabiliyyətini daha da gücləndirə bilər. Bu gün daha çox ağciyəri, sabahı gün daha çox böyrəkləri və ya başqa orqanları zədələyər. Tam mutasiya olunanda bunları gözləmək olar. Digər tərəfdən mutasiya nəticəsində virusun infeksionluğu azalar və o, adi qrip, klassik koronavirus kimi ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.