Mədəniyyət

Azerbaijan Dance Festival-in parlaq anları – mədəniyyət, idman və "rəqs brilyantların" işıltısından yaranan fırtına - VİDEO - FOTO

18 Noyabr 2025 16:43
Baxış: 199
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

JW Marriott Absheron Baku-da üç gün ərzində baş tutan Azərbaycan Rəqs Festivalı əsl mədəniyyət, idman və milli ruh burulğanına çevrildi. Bütün bunların bir məkanda baş verməsinə inanmaq çətin idi: zal gah alqış səsləri ilə coşur, gah da növbəti möhtəşəm çıxışı gözləyərək nəfəsini dərirdi.

Təşkilatçılar - Azərbaycan Rəqs Şurası (AZDC), Xalq artisti Təranə Muradovanın rəhbərliyi ilə, və Smooth & Rhythm Dance Style (SRDS) şirkəti, təsisçisi Olqa Krasnyanskayanın rəhbərliyi altında - bir daha sübut etdilər ki, Bakı dünya rəqs xəritəsində öz möhkəm yerini tutub. Artıq üçüncü ildir ki, festival dünya üzrə yüzlərlə xoreoqrafiya həvəskarı və bal rəqsi əfsanələrini bir araya gətirir, onu beynəlxalq səviyyədə ustadların və rəqs sevərlərin ənənəvi görüş nöqtəsinə çevirir.

Bu il də istisna olmadı. Proqrama 16 dünya və Avropa titul çempionatı daxil edildi, iştirakçıların coğrafiyası isə daha da genişləndi - ilk dəfə olaraq Hong Kong və ABŞ-dan rəqqaslar Bakıya gəldilər. Onların çoxu vurğulayırdı ki, burada olmaqlarının səbəbi təkcə yarışlar deyil - Azərbaycanı görmək, qonaqpərvərliyi hiss etmək, mədəniyyət və tarixlə yaxından tanış olmaq istəyirlər.

Festivalın əsas missiyasını təşkilatçılar ilhamverici şəkildə belə ifadə edirlər: Azərbaycanda idman bal rəqslərinin inkişafını dəstəkləmək, mədəni dəyərləri möhkəmləndirmək və rəqsin bədii və idman tərəflərinin necə vəhdət təşkil etdiyini göstərmək. Festival gəncləri rəqsə cəlb etməyə, bədən və xarakter harmoniyasını formalaşdırmağa və ölkəni dünya arenalarında layiqincə təmsil edəcək yeni cütlüklər yetişdirməyə yönəlib.
Parketdə nüfuzlu beynəlxalq yarışlar keçirildi: WDC AL World Championships, WDC European Championships, Pro-Am World Cups - Ballroom, Latin və Smooth istiqamətlərində. Səhnəyə hər kəs çıxırdı - balacalar və yeniyetmələrdən tutmuş peşəkar rəqqaslara və Pro-Am iştirakçılarına qədər. Hər tur sanki kiçik bir tamaşaya çevrilirdi.

Festivalın zirvəsini isə parıltılı Night of the Dancing Diamonds gecəsi - dünyanın ən güclü rəqs cütlüklərini bir səhnədə birləşdirən möhtəşəm qala-şou təşkil etdi. Bu gecə Azərbaycan xalq artisti, əfsanəvi rəqqas və xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovanın yubileyinə həsr olunmuşdu. O, həyatını milli rəqsin qorunmasına və inkişafına həsr edib və bu gün yeni bir istiqaməti - bəl rəqsi xoreoqrafiyasını - irəli aparır.

Gecənin ən təsirli və parlaq anlarından biri Təranə Muradovanın müəllif kompozisiyası oldu - müasir bal xoreoqrafiyasının milli rəqs elementləri ilə zərif şəkildə vəhdəti. Səhnədə - altıqat dünya çempionu Eldar Cəfərov və dünya və Avropa çempionu, xoreoqraf Denis Tagintsev çıxış edirdilər. Onların ağ-qara elegan kostyumları hərəkətlərin incəliyini vurğulayır, Azərbaycan xalq artisti Emin Ağalarovun musiqisi isə mükəmməl harmoniya yaradırdı.

Festival başa çatsa da, bayram ovqatı, rəqs ulduzlarının parlaqlığı və səhnə ehtirası hələ uzun müddət havada dolaşırdı. Təşkilatçılar artıq irəliyə baxırlar: ölkəyə, dövlət qurumlarına və bu güclü mədəni layihəni dəstəkləyən hər kəsə təşəkkür edir, həmçinin Azərbaycanın dünya səhnəsində şöhrətini artıran bu möhtəşəm layihənin bir parçası olmaq istəyən yeni tərəfdaş və sponsorları əməkdaşlığa dəvət edirlər.
Biz isə artıq böyük həyəcanla növbəti ili gözləyirik. Rəqs davam edir...

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.