Xəbər verdiyimiz kimi, Almaniyadan Türkiyəyə tətilə gələn ailənin bütün üzvləri zəhərlənərək ölüb. Ana Çiğdem Böcek və iki övladının həyatını itirdiyi hadisədə ağır vəziyyətdə olan ata Servet Böcek də müalicə aldığı reanimasiyada vəfat edib.
Milli.Az xəbər verir ki, ilkin ehtimallar qida zəhərlənməsi ilə bağlı olsa da, ailənin qaldığı oteldən daha iki turistin xəstəxanaya aparılması araşdırmanın istiqamətini dəyişib. Məlum olub ki, ailə zəhərlənmədən bir neçə saat əvvəl otelin birinci mərtəbəsində taxtabitilərlə mübarizə üçün dərmanlama aparılıb. T24-ün məlumatına görə, istifadə edilən dərmanın tərkibində alüminium fosfid olub və onun buraxdığı fosfin qazı ailənin otağına yayıla bilər.
.png)
Servet Böcekin müalicəsi də alüminium fosfid zəhərlənməsi ehtimalı səbəbilə yenidən qiymətləndirilib.
Alüminium fosfid nədir?
AlP - rəngcə tünd sarı və ya boz olan bərk maddədir. Su və ya nəmlə təmasda olduqda son dərəcə zəhərli fosfin qazı ifraz edir. Bu qaz hüceyrələrin oksigen istifadə qabiliyyətini pozur; ürək çatışmazlığına, şoka; çoxsaylı orqan sıradan çıxmasına; sürətli ölümə səbəb ola bilər.
.jpg)
Əsasən taxıl və kənd təsərrüfatı məhsullarının zərərvericilərdən qorunması üçün istifadə olunur və yalnız peşəkar mütəxəssislər tərəfindən tətbiq edilməlidir.
Hadisə ilə bağlı istintaq davam edir. Ailənin ölümünə səbəb olan maddənin alüminium fosfid olub-olmadığı laborator analizlərdən sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki, 4 nəfərlik Böcek ailəsinin ölümü ilə bağlı aparılan istintaqda ilk həbs qərarı verilib.Hadisə ilə əlaqədar midye, lokum, kokoreç satıcıları və kafe sahibi həbs olunub.
Fidan
Milli.Az





