Yeni il ərəfəsində geniş istifadə olunan süni yolkalar praktik görünsə də, onların ətraf mühit və insan sağlamlığı üçün bir sıra mənfi təsirləri var.
Milli.Az xəbər verir ki, tanınmış rusiyalı həkim Elena Pyatikova bu məhsulların əsas problemi istehsal materialı və utilizasiya prosesi olduğunu bildirib:
"Süni yolkaların böyük əksəriyyəti plastikdən (əsasən PVC - polivinilxlorid) hazırlanır. Bu material təbiətdə yüz illərlə parçalanmır və tullantıya çevrildikdə torpaq və su mənbələrinin çirklənməsinə səbəb olur. Nəticədə ekosistemə ciddi zərər dəyir.
Digər risk isə sağlamlıqla bağlıdır. Keyfiyyətsiz süni yolkaların istehsalında istifadə edilən bəzi kimyəvi maddələr, xüsusilə ucuz boyalar və plastik qatqılar qapalı məkanlarda havaya yayıla bilər. Bu isə allergiya, tənəffüs problemləri və uzunmüddətli istifadə zamanı digər sağlamlıq risklərini artıra bilər".
Bundan əlavə, süni yolkaların istehsalı zamanı yüksək enerji sərf olunur və bu proses karbon emissiyalarının artmasına səbəb olur. Bu da iqlim dəyişikliyinə dolayı təsir göstərən amillərdən biri hesab edilir.
Mütəxəssislər tövsiyə edirlər ki, süni yolka alınarsa, uzun illər istifadə olunsun və istifadə müddəti bitdikdən sonra düzgün şəkildə təkrar emala yönləndirilsin. Alternativ olaraq, ekoloji materiallardan hazırlanmış dekorativ yolkalar və ya dibçəkdə canlı ağaclar daha dayanıqlı seçim sayılır.
Aysel Əkbər
Milli.Az





