Sağlamlıq

Gündə nə qədər gilas yemək olar?

28 May 2025 19:12
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyvələrindən biri olan gilas sağlamlıq baxımından bir sıra risklər daşıya bilər. 

Milli.Az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına danışan dietoloq və terapevt Natalya Lazurenko vacib açıqlamalar verib. Mütəxəssisin sözlərinə görə, gilasın tərkibində yüksək miqdarda sadə şəkərlər və üzvi turşular mövcuddur ki, bu da onu enerji verici meyvəyə çevirir.

"Meyvələrin tərkibindəki şəkərlər hüceyrələrin aktivliyini artırır, onlara enerji verir. Lakin bu o demək deyil ki, nə qədər çox meyvə yesək, bir o qədər faydalıdır" - deyə Lazurenko bildirib.

Onun fikrincə, xüsusilə gilas kimi şirin və şirəli meyvələrin nəzarətsiz istehlakı bir çox hallarda çəki artımına, mədə-bağırsaq narahatlıqlarına və xroniki xəstəliklərin aktivləşməsinə səbəb ola bilər:

"Albalı və gilas kimi meyvələri çox adam mövsümdə ölçüsüz yeyir. Az adam var ki, 15-20 gilası yeyib dayanır. Amma belə olduqda orqanizmə birdən-birə böyük miqdarda şəkər daxil olur və bu da onun öhdəsindən gəlməsini çətinləşdirir".

Dietoloqun sözlərinə görə, xüsusilə piylənmə, şəkərli diabet, insulin müqaviməti və mədə-bağırsaq xəstəlikləri olan insanlar gilası ehtiyatla istehlak etməlidirlər. Sadə karbohidratların çoxluğu bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər.

Həmçinin qeyd olunub ki, gilasın tərkibində olan üzvi turşular və liflər mədə üçün faydalı olsa da, həddən artıq qəbul edildikdə bu, qaz, köp, ishal və ya qıcqırma kimi simptomlara səbəb ola bilər.

Nə qədər yemək təhlükəsizdir?

Mütəxəssislər gün ərzində 100-150 qramdan (təxminən bir ovuc) artıq gilas yeməməyi tövsiyə edirlər. Bu miqdar sağlamlıq üçün faydalı, lakin zərərsiz hədd sayılır.

Gilas yay fəslinin həm dadlı, həm də faydalı meyvələrindən biri olsa da, onun istifadəsi zamanı balans və ölçü prinsipinə əməl olunmalıdır. Dietoloqlar və terapevtlər xəbərdarlıq edirlər ki, "çox olan hər şey zərərlidir" qaydası meyvə qəbulu üçün də keçərlidir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün bu cür şirin meyvələrin miqdarı ciddi şəkildə nəzarətdə saxlanmalıdır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.