Səhərlər dişləri yeməkdən əvvəlmi, yoxsa sonra fırçalamaq lazımdır? Alimlər bu sualın cavabını aydınlaşdırıblar. Diş minası, bakteriyalar və düzgün vaxtlama ilə bağlı bilməli olduğunuz əsas məqamlar burada.
Gündəlik həyatımızda ən çox verilən suallardan biri budur: səhər dişləri yeməkdən əvvəl fırçalamaq daha yaxşıdır, yoxsa yeməkdən sonra? Bəziləri təmiz ağızla günə başlamağı üstün tutarkən, bəziləri isə qida qalıqlarını aradan qaldırmaq üçün yeməkdən sonra fırçalamağın daha düzgün olduğunu düşünür. Bəs elm nə deyir?
Diş sağlamlığı sahəsində dünyada tanınmış "Colgate" şirkətinin məlumatına görə, səhər yeməyindən əvvəl dişləri fırçalamaq daha faydalıdır. Şirkət bildirir: "Nanəli diş pastası ilə portağal suyu içmək çox xoş olmayacaq, amma dişləriniz üçün bu, daha faydalıdır."
Gecə boyunca ağızda toplanan bakteriyalar səhər oyandıqda "səhər nəfəsi" kimi hiss edilir. Yeməkdən əvvəl dişləri fırçalamaq bu bakteriyaları effektiv şəkildə təmizləyir. Eyni zamanda, flor tərkibli diş məcunu diş səthində qoruyucu təbəqə əmələ gətirir və gün ərzində turşulardan diş minasını qoruyur.
"Colgate" həmçinin xəbərdarlıq edir ki, yeməkdən dərhal sonra diş fırçalamaq diş minasına zərər verə bilər. Portağal, qreyfurt və limon kimi turşulu qidalar diş minasını müvəqqəti zəiflədə bilər. Bu zaman dərhal fırçalamaq minaya əlavə zərər vura bilər. Odur ki, yeməkdən sonra dişləri fırçalamaq lazımdırsa, ən azı 30-60 dəqiqə gözləmək tövsiyə olunur.
Dişləri necə düzgün fırçalamaq lazımdır?
Noğul böyüklüyündə florlu diş məcunu istifadə edin.
Dişlərinizi dairəvi, yumşaq hərəkətlərlə təxminən 2 dəqiqə fırçalayın.
Dil təmizləyicisi, diş ipi və ya arakəsmə fırçası ilə diş aralarını da təmizləyin.
Alkoholsuz ağız yaxalayıcı ilə ağzınızı çalxalayaraq təmizliyi tamamlayın.
Ümumilikdə, səhərlər dişləri yeməkdən əvvəl fırçalamaq daha məsləhətdir. Amma yeməkdən sonra fırçalamaq istəyirsinizsə, diş minasına zərər verməmək üçün bir müddət gözləmək vacibdir. Əsas odur ki, vaxtından asılı olmayaraq, dişlərinizi müntəzəm fırçalayasınız - çünki fırçalamaq, heç fırçalamamaqdansa həmişə yaxşıdır.
Kənan
Milli.Az