Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər. Üstəlik, bu il Novruz bayramı Ramazan ayına təsadüf edir. Uzun müddət ac qaldıqdan sonra adama gəl-gəl deyən bayram şirniyyatı, plov, kabab və digər kalorili milli yeməklərdən imtina etmək də bir qədər çətin görünür.
Bəs Novruz bayramında necə qidalanmalıyıq?
Milli.Az xəbər verir ki, məşqçi Vladislav Kravçenko Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir məhsulun öz kalorisi var:
"Qida istifadəsi balanslı olmalıdır. Yemək qəbulunda müəyyən həddi gözləmək şərtdir. Novruz bayramında insanların orqanizmi böyük miqdarda şəkərlə yüklənir. Biz elə düşünürük ki, bayramda iki-üç kiloqram artıq çəki alacağıq və sonradan bundan asanlıqla qurtulacağıq.
Artıq çəkidən azad olmaq mümkündür, amma həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Ona görə də süfrəyə düzülən yeməklərə mütləq diqqət edilməlidir".
Məşqçi deyir ki, oruc tutanlar yeməkləri balanslı, planlı şəkildə yeməlidirlər:
"İftar açan zaman zeytun yağı ilə olan salat, yüngül yeməklər yeyilməlidir. Məsələn, mayonezli salatdan uzaq durmaq lazımdır. Hazırlanan salatın mayonezini qatıqdan düzəldilən sousla əvəz etmək olar. Çalışmaq lazımdır ki, kalorili yeməkləri eyni gündə qəbul etməyəsiniz. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır.
Fərqli ləzzətləri sınamaq istəyirsinizsə, qidaları az miqdarda qəbul etmək lazımdır. Eyni zamanda, yağlı yemək və şirniyyatı eyni vaxtda qəbul etmək olmaz. Çünki nəticədə mədənizdə ağır yüklənmə yaranar, fəsadları daha pis olar. Şirniyyatdan istifadə edəcəyiniz vaxt qızardılmış məhsuldan imtina edin. Hər gün şirniyyat yemək orqanizm üçün doğru deyil. Şirniyyatı qara çayla içmək məsləhət deyil. Bayram günlərində bitki çaylarına, üstünlük verilməsi daha yaxşı olar".
O vurğulayıb ki, mayenin düzgün qəbul edilməsi də vacib şərtdir:
"Davamlı olaraq suyun qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır. Amma yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil. Yeməkdən yarım saat əvvəl ilıq su içilməsi məsləhətdir. Düzgün qidalanmanın əsas şərtlərindən biri yeməyi ləng yeməkdir. Bu, doyma hissini yaradır və artıq qida qəbulunun qarşısı alınır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun