Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir.
Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
1. |
AMEA-nın prezidenti |
4079 |
2. |
AMEA-nın 1-ci vitse-prezidenti |
2824 |
3. |
AMEA-nın vitse-prezidenti, akademik katibi |
2611 |
4. |
AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi |
1952 |
5. |
İdarə rəisi |
1888 |
6. |
AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini |
1825 |
7. |
İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi |
1555 |
8. |
Qeyri-əsas şöbənin rəisi, sektor müdiri |
1135 |
9. |
Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi |
1072 |
10. |
Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri |
999 |
11. |
Aparıcı mütəxəssis |
905 |
12. |
Mütəxəssis |
826 |
Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qərara əsasən bölmənin sədrinin maaşı 2611 manat olub.
Elmlər Akademiyasında çalışan alimlərin maaşları isə tam açıqlanmayıb. Ötən ilin sonlarında Milli Məclisdə bildirilib ki, Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.
Həmçinin fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır.
Bundan başqa, son illərdə bir neçə dəfə ölkədə təxminən maaşlar 10-20 faiz artırılıb. Bu artımlar Elmlər Akademiyasının Rəyasət Heyətinə şamil edilsə də, institutlara şamil edilməyib. Nəticədə, Rəyasət Heyətində çalışan adi mütəxəssis institutlardakı elmlər doktoru, professor, şöbə müdirindən yuxarı maaş alır.
2025-ci il büdcə layihəsinə görə ortaaylıq əməkhaqqının cari illə müqayisədə 90,1 manat artırılaraq 1080,1 manata çatdırılması proqnozlaşdırılır. Bu da Elmlər Akademiyasında çalışan alimlərimizin aldığı məvacib orta aylıq əməkhaqqından təxminən 2 dəfə aşağı olduğunu göstərir.
Müşahidələr onu da deməyə əsas verir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən müvafiq olaraq 60 və 100 manat məbləğ 2017-ci ildən sonra son 8 ildə artırılmayıb.
Milli.Az