İqtisadiyyat

Azərbaycanda avtomobillərin qiyməti BAHALAŞA BİLƏR

2 Noyabr 2021 21:07
0 Şərh     Baxış: 1 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil sahəsinə aid təklif olunan rüsumların qəbul edilməsi maşınların qiymətində cüzi artımlara səbəb olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bunun bazara fantastik təsir edəcəyi gözlənilmir: "Dünən təklif olunan rüsumlar hələ Milli Məclisdə müzakirə olunacaq. Hansı dəyişikliklərin olacağı qərar veriləndən sonra bilinəcək. Amma sırf avtomobil sahəsinə aid təklif olunan rüsumlarla bağlı onu demək olar ki, qeydiyyat rüsumlarında müəyyən artımlar var. Əvvəlki hesablamalar fərqli idi. İndi yeni qaydalar qəbul olunsa, tamam fərqli formada hesablanacaq.

Məsələn, minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikinin həcminin hər kubsantimetrinə görə əvvəl 3 qəpik alınırdısa, indi 5 qəpik olacaq. Yeni avtomobillərə gəlincə, məsələ bir qədər qaranlıqdır. Çünki yeni avtomobillərdə ilinə görə qeydiyyatın qiyməti aşağı düşürdü. İndi hansı formada aparılacağı açıqlanmadı.

Ümumilikdə, artımın avtomobil bazarına fantasik təsiri olacağını zənn etmirəm, amma cüzi də olsa təsir edəcək. Çünki istənilən halda avtomobilin ölkəyə gətirilərkən qeydiyyat rüsumu həm də mühərrikin gücü ilə bağlı hesablanan məsələdir".

Ekspert bildirib ki, həmçinin təkrar qeydiyyat prosesində dövlət nömrə nişanlarının alınmasına görə rüsum da artdığına görə, avtomobil bazarında maşınların qiymətində 200-300 manat bahalaşma baş verə bilər: "Amma bizim bazarı alverçilər idarə etdiyi üçün yuvarlaq qiymət qoyurlar. Məsələn, artımı 1000 manat edirlər. Soruşanda da deyirlər ki, qeydiyyatın qiyməti qalxıb. Qeydiyyatın qiyməti 50 manat qalxıb, sürücülük vəsiqəsinin alqı-satqıya ümumiyyətlə aidiyyəti yoxdur, nömrə də əvvəl 22 manat idi, indi 30 manat olur. Yəni, təxminən 60 manat artım var. Amma alverçi onu elə formada təqdim edir ki, hamı qiymətin bahalaşmasına bunların təsir etdiyini düşünür. Dediyim kimi, artım cüzidir".

Qeyd edək ki, Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumlarına dəyişiklik edilməsi təklif olunub. Belə ki, dəyişikliyə əsasən, minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat; 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat; 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.