İqtisadiyyat

Azərbaycan nefti kəskin ucuzlaşdı

17 Sentyabr 2026 09:48
Baxış: 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti ucuzlaşıb.

Milli.Az-a neft bazarındakı mənbədən verilən məlumata görə, İtaliyanın Augusta limanında CIF bazasında "Azeri Light"ın bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,88 ABŞ dolları və ya 4,59 faiz azalaraq 122,15 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 5,83 dollar və ya 4,76 faiz ucuzlaşaraq 116,62 dollara enib.

"URALS" markalı xam neftin bir barelinin qiyməti 7,44 dollar və ya 7,82 faiz azalaraq 87,70 dollar olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti də 5,73 dollar və ya 4,33 faiz ucuzlaşaraq 126,46 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel hesablanıb.

"Trading Economics"in məlumatına görə, neftin qiyməti əvvəlki sessiyada kəskin ucuzlaşdıqdan sonra cümə axşamı bir barel üçün 102 dollar ətrafında ticarət olunub.

Bildirilib ki, qiymətlərə Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin gücünün təxminən yarısını bir neçə gün ərzində bərpa etməyi və kəməri altı həftə ərzində tam gücü ilə işə salmağı planlaşdırdığı barədə məlumatlar təsir edib.

Həmin kəmər Hörmüz boğazından yan keçməyə imkan verən alternativ marşrut təmin edir. Kəmər ötən həftə dron hücumları nəticəsində zədələnib.

Bu arada Səudiyyə Ərəbistanı ABŞ hərbçilərinin köməyi ilə daha çox xam neftin Hörmüz boğazından nəql edilməsi istiqamətində səylərini artırıb.

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, bu həftənin əvvəlində Hörmüz boğazından 18 milyon barel xam neft və neft məhsulları keçirilib.

ABŞ-də rəsmi məlumatlara əsasən, xam neft ehtiyatları 640 min barel azalaraq 423,4 milyon barelə düşüb. Lakin bu azalma analitiklərin gözləntilərindən daha aşağı olub.

Bu göstərici Amerika Neft İnstitutunun (API) daha əvvəl açıqladığı, xam neft ehtiyatlarının 7,1 milyon barel artdığına dair hesablamadan kəskin fərqlənib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.