Yeni tikili binalarda "kupça" problemi hələ də həllini tapmır. Rəsmilər və ekspertlər vətəndaşları ehtiyatlı olmağa çağırırlar: "Çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsinizsə, MTK-nın sənədləri ilə maraqlanın"
Paytaxtdakı yeni tikili binaların yarıdan çoxunda çıxarış (kupça) problemi hələ də həll olunmamış qalır. Məhz "kupça" almaqda yaranan problemə görə minlərlə vətəndaş öz evinə qeydiyyata düşə bilmir.
Maraqlıdır, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışları almaq niyə bu qədər çətindir? Kimdir günahkar? Tikinti şirkətləri, yoxsa dövlət orqanları?
10 ilə yaxındır, tikinti sektorunda çalışan, daşınmaz əmlak məsələləri üzrə ekspert Daşqın Əbdüləzimov "kupça" problemi ilə bağlı Sputnik-ə maraqlı açıqlamalar verib. Əbdüləzimov, tikinti şirkətlərini səhlənkar olmaqda və öz işlərinə məsuliyyətsiz yanaşmaqda təqsirləndirib.
""Kupça"ların verilməməsində, yaxud da gecikdirilməsində tikinti şirkətləri birbaşa təqsirkardır. Çünki araşdırmalar göstərir ki, əksər hallarda MTK-ların ilkin qeydiyyat sənədləri, həmçinin tikinti üçün alınan icazə və sərəncamlar qaydasında olmur. Tikintinin aparıldığı torpaq sahəsinin sənədlərində də çoxlu problemlər üzə çıxır", -deyə ekspert bildirdi.
Onun əsaslandırmasına görə, hər hansı tikinti şirkəti 16 mərtəbəli binanın tikintisi üçün sərəncam alır, lakin tikdiyi bina 18-20 mərtəbə olur: "Və yaxud bir bloklu bina iki blokluya çevrilib. Tikintiyə icazə alınıb, ancaq inşaat sənədi yoxdur".
D. Əbdüləzimov, yaşayış binasının tikintisi üçün 130-dan artıq sənədin tələb olunduğunu deyib: "Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Söhbət 130-dan artıq sənəddən gedir. Bunlardan ikisi-üçü belə, olmadıqda problemlər yaranır. Ona görə də, vətəndaş "kupça" ilə bağlı gələcəkdə problem yaşamaq istəmirsə, müqavilə bağlamazdan əvvəl, MTK-nın təsis sənədlərinə, torpaq sahəsinə dair sərəncam və digər sənədlərə diqqət etməlidir".
"Əgər şirkət MMC-dirsə, tikilən kompleksin, heç olmasa torpaq sahəsinin ilkin çıxarışı mövcud olmalıdır. Müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş eskiz və işçi layihələr, inşaat pasportu, o cümlədən tikintiyə icazəsi olmalıdır. Tikinti şirkəti bütün sənədləri qaydasında təqdim edirsə, əslində binanın qeydiyyata alınmasında heç bir problem yaşanmır", -deyə mütəxəssis qeyd edib.
Maraqlıdır ki, çoxlu sayda MTK-lar yuxarıda sadalanan problemlərin çoxunu ya qəbul etmir, ya da cavab verməkdən boyun qaçırır. Vətəndaşlar isə hara və kimə şikayət etməli olduqlarını tam olaraq bilmirlər. Çünki tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı, konkret cəza tədbirləri yoxdur.
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov Sputnik-ə açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət haqqında sənədin verilməsi üçün heç bir problem yoxdur: "İstənilən vətəndaşın sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun tələblərinə cavab verirsə, onları toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilər. Qanunvericiliyə görə, müəyyən olunmuş müddətdə onlara hazır şəkildə sənədlər təqdim olunacaq".
Qulu Xəlilov, təmsil etdiyi qurumun kütləvi çıxarış kampaniyası keçirdiyini də deyib: "Bakı şəhərində yeni tikilmiş binalara da çıxarışlar veririk. Vətəndaşların şikayəti bizdən yox, digər qurumlardan, eləcə də Mənzil Tikinti Kooperativlərindən (MTK) ola bilər ki, onlar vətəndaşlara sənədləri vaxtında təhvil vermirlər, vətəndaşlara əsassız tələblər irəli sürürlər".
Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olmasını vacib sayan Komitə sözçüsü qeyd edib ki, "kupça"ların verilməməsi həmin binaların Dövlət Qəbul Komissiyasından keçməməsi ilə bağlıdır: "Bütün bu sənədlər bizə təqdim olunandan sonra, biz də heç bir problemsiz vətəndaşlara sənədləri veririk. Yalnız dövlət rüsumu və xidmət haqqı banklar vasitəsilə ödənir. Əksər binalarda "kupça"ların verilməməsi həmin binaların Dövlət Qəbul Komissiyasından keçməməsi ilə bağlıdır. İstismara qəbul aktı olmadan biz mənzillərə çıxarış verə bilmirik. O problem bizim problem deyil. Biz, sənədləri qaydasında olan vətəndaşların sənədlərini aparıb mənzillərində təqdim edirik".
Q. Xəlilov, ev almağa hazırlaşan vətəndaşlara tələsməməyi və MTK-ları diqqətlə araşdırmağı tövsiyyə edib: "Əgər vətəndaş çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsə, MTK-nın sənədləri ilə maraqlansın. Bunun üçün biz onlara yardımçı ola bilərik. Hüquqşünaslarımız öz məsləhətlərini təmənnasız verirlər. Hansı MTK-nın sənədlərində problem varsa, həmin məlumatlar bizdə olur".
Milli.Az