Dünyada "yaşıl enerji"dən istifadənin aktuallığı artır. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib və "yaşıl enerji"yə sürətlə keçid edilir. COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi, Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi siyasi və iqtisadi sabitliyin yüksək səviyyədə olduğundan xəbər verir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də respublikamızda "yaşıl enerji" istehsalının genişləndirilməsi mühüm yer tutur. Ölkəmizin ümumi enerji istehsalında hədəfi bərpa olunan enerji payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
Statistik göstəricilərə görə ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində isə 157 qiqavatdır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt-dır . Dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də, Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. İşğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji"yə keçid Azərbaycan üçün mühüm strateji məqsədlərdəndir. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası məqsədilə Yaponiyanın TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Regionun enerji təminatını həyata keçirmək məqsədilə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyası və Baş plan hazırlanıb.
Azad edilmiş torpaqlarımızın "yaşıl enerji" potensialı çox böyükdür. Belə ki, yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dan sonra ikinci yerdədir.
Son hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonları texniki potensialı 7200 MVt çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min MVt həcmində qiymətləndirilir. Kəlbəcər, Ağdərə, Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən "yaşıl enerji" kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. İlkin təhlillərə əsasən, Kəlbəcər rayonunda 3093 m³/gün, Şuşada isə 412 m³/gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Geotermal enerji mənbələrindən enerji istehsalında və istehlakında istifadə, adətən, böyük həcmli maliyyə vəsaiti tələb etmir.
Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək. Cəbrayılda bp tərəfindən gələn il 240 MVt gücündə "Şəfəq" (Sunrise) günəş elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin, Cəbrayılda "Nobel Energy", Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır. "Cəbrayıl" enerji qovşağı sayəsində elektrik enerjisinin Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi perspektivi Azərbaycan Prezidentinin böyük strateji vizyonunun və onun reallaşması üçün məqsədyönlü fəaliyyətinin təcəssümüdür. 2022-ci ildə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağının da təməli qoyulub.
Ötən ay Azərbaycanla İranın dövlət sərhədində - Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları işə salınıb. Hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan eyniadlı su-elektrik stansiyaları paritet əsasda hər iki ölkənin maraqlarına xidmət edəcək. Bu layihə təkcə Azərbaycana illik 358 milyon kilovatt-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. "Xudafərin" və "Qız Qalası" Şərqi Zəngəzurun "yaşıl enerji zonası" kimi inkişafının mühüm elementlərindən olacaq.
Stansiyaların qoşulacağı "Cəbrayıl" enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək.
İşğaldan azad edilən ərazilərimizdə Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylar və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən "Yaşıl Enerji Zonası"nın yaradılması məqsədilə 2030-cu ilə qədər ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.
Artıq regionda üç ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 su elektrik stansiyasında isə avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə, bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29 tədbirinin keçiriləcəyi, "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara veriləcək.
Bu stansiyalarda il ərzində 600 milyon kilovatt-saatdan çox "yaşıl" enerji istehsal ediləcək. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyası layihəsinin icrası ilə bağlı tender prosedurlarının həyata keçirilməsinə başlanılıb. Bu layihələr üzrə stansiyaların növbəti il istismara verilməsi gözlənilir. Bu, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsinin göstəricilərindəndir.
Azad edilmiş ərazilərimizdə qurulan şəhərlər və kəndlərin hamısında "yaşıl" enerjidən istifadə nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırlanmış konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. Bu da artıq öz müsbət nəticəsini verməkdədir.
Belə ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisi sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilmiş və icrası gözlənilən "yaşıl enerji" layihələri ümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq "yaşıl" enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin tam olaraq "yaşıl" enerji ilə təmin ediləcəyi deməkdir.
Torpaqlarımız azad olunduqdan sonra ermənilər tərəfindən dağıdılmış infrastruktur yenidən bərpa edilməyə başlandı. Bu bölgələrdə "yaşıl iqtisadiyyat" konsepsiyası həyat keçirilməyə başlandı və bu istiqamətdə konkret addımlar atılmaqdadır. Bütün bu proseslər "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında Zəngilan rayonunda Ağalı kəndinin inşası ilə start götürdü.
Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. Bu gün Ağalı kəndində küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq olunub.
Eləcə də, kəndin daimi enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində su-elektrik stansiyası inşa edilib. Bundan başqa, Ağdam rayonunun Baş Qərvənd kəndi də "ağıllı kənd" layihəsi ilə tikilir. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq. Füzulinin Dövlətyarlı kəndi də "ağıllı kənd" konsepsiyasında tikilir. Füzulidə günəşli günlərin sayının çox olduğuna görə kəndin enerjiyə olan tələbatı 50 hektarlıq sahədə qurulacaq günəş panellərinin hesabına təmin ediləcək. İnvestisiya layihəsinin gücü 50 MVt olacaq.
Bundan başqa, Laçın şəhərinin özündə, Zabux və Sus kəndlərində yaşıl texnologiyalar istifadə edilir.
Zabuxun 223, Sus kəndində isə 59 fərdi yaşayış evinin hər birinin üzərində 3kVt gücündə günəş paneli quraşdırılıb. Yenidən tikilən məktəblərdə, bağçalarda, dövlət idarələrində də yaşıl enerjidən istifadə edilir. Buna misal olaraq Füzuli rayonunda yenidən tikilən məktəbin damında 40 kVt gücündə günəş panellərinin quraşdırılmasını göstərmək olar.
Şuşa şəhərində də Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində "yaşıl" enerji texnologiyaları tətbiq edilib. Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün qurğular və günəş enerjisi ilə çalışan panellər quraşdırılıb.
Xocalıda isə "Smartflower" günəş enerjisi qurğusu quraşdırılıb. Qurğu 2,5 kVt gücə malikdir və illik 6500 kVt-saat "yaşıl" enerji istehsal edir. Enerji istehsalı ilə yanaşı, bu qurğu elektrik avtomobilləri, velosipedlər və skuterlər üçün enerji doldurma stansiyası kimi də xidmət edəcək. Xankəndinin enerji sistemimizə qoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunması elektronergetika tariximizin qürurverici hadisələridir.
İqlim dəyişikliyinə təsir edən amillərdən biri də havaya buraxılan karbon emissiyalarıdır. Buna görə də azad edilmiş ərazilərdə elektrikli avtomobillərə keçidin artması üçün müxtəlif işlər görülür. Belə ki, Şuşa Qarabağda elektrikli avtobusların işləyəcəyi ilk şəhər olacaq. Bununla yanaşı, ilin sonuna qədər Qarabağda elektromobillər üçün 20 enerji doldurma məntəqəsinin açılması nəzərdə tutulur.
Dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün bütün zəruri tədbirlər görülür: Horadiz-Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. Maksimum çalışılır ki, dəmir yollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməsin.
ADY-nin hər bir layihəsində dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. Bərdə-Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib.
Azərbaycan "yaşıl enerji"yə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir və iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.
"Yaşıl enerji" layihələri planetimizin təbii iqlimini qorumaq üçün ən mühüm layihələrdən biridir. Dünyanın bir parçası olan ölkəmiz də "yaşıl enerji" layihələri ilə yurdumuzun təbiətini qorumağa çalışır və hamımızın evi olan yer kürəsinin qorunmasına öz töhfəsini verir.
Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun