Mədəniyyət

Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar

7 Mart 2021 13:16
Baxış: 3 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kulis.az-a istinadən kino və dublyaj aktyoru, uşaq rollarının mahir ifaçısı Ruslan Nəsirovun həyatından maraqlı faktları təqdim edir.

Ruslan Nəsirov 1974-cü ildə Bakıda anadan olub. İlk dəfə 1984-cü ildə Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə çəkdiyi "Tənha narın nağılı" filmində Sadıq roluna çəkilib. Filmdə Həsənağa Turabov, Rasim Balayev, Yaşar Nuri, Həsən Əbluc, Şükufə Yusifova, Əminə Yusifqızı kimi nəhəng aktyorların olmasına baxmayaraq, Ruslan Sadıq obrazı ilə məşhurlaşmağı bacarıb.

***

Deyilənə görə bu filmdəki ifası dövrün aktyorlarını heyran qoyaraq, onun film karyerasının uğurlu başlanğıcı olub. "Tənha narın nağılı" filmindən sonra 1986-cı ildə yazıçı Anarın Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə çəkdiyi "Qəm pəncərəsi" filminə dəvət alan Ruslan Nəsirov oynadığı Əhməd rolu ilə ona edilən etimadın təsadüfi olmadığını sübut edir.

Həsən Əblucla Ənvər Əblucun 1991-ci ildə İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyi "Pəncərə" filmi Ruslan Nəsirovun aktyor kimi çəkildiyi son uğurlu film olur. Bu filmdə Köçəri rolunu ifa edən aktyor öz rolunun öhdəsindən elə məharətlə gəlir ki, Köçərinin həbs olunduğu səhnədə Nərminə, yəni aktrisa Simuzər Ağakişiyeva həqiqətən göz yaşı tökür.

***

90-cı illərdən sonra Ruslanın kinodakı uğurlu karyerasının davamı olmur. Sonralar "Ağ atlı oğlan", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Bir anın həqiqəti", "Qüdsi", "Adam" filmlərinə çəkilsə də, bu filmlər ona heç bir uğur gətirmir.

***

Bundan sonra filmlərə çəkilməyən, hətta müsahibə verməkdən də imtina edən aktyor Azərbaycan televiziyasında əcnəbi filmlərin dublyajı ilə məşğul olmağa başlayır.

Sonralar filmlərdə az görünməsinin də səbəbləri var imiş. Sən demə, təkcə filmlərə çəkilmək deyil, hətta adi şəkil çəkdirmək də onun üçün fobiyaya çevrilibmiş. Kimsə şəkil çəkdirmək istəyəndə qoymazmış. İnternetdə olan son görüntülərini isə dostu Kamran Yunis ondan xəbərsiz çəkib.

***

Ruslan aktyorluq sənəti üzrə heç bir təhsil almasa da, bütünlüklə bu sənətə bağlı olub. "Qəm pəncərəsi" filminin çəkilişləri üçün uzun müddətli axtarışlar olub. 1000-dən çox uşaq sınaqdan keçirilib. Lakin, sonda Əhməd roluna Ruslan Nəsirov təsdiq olunub. O, bu roluna görə 100 manat qonorar alıb.

Aktyorun son illər çəkildiyi filmlər, xüsusən də "Ağ atlı" oğlan filmindəki rolu özünün xoşuna gəlməyib. Bu haqda ondan soruşanda deyib: "Nə olsun e, o filmdə oynamışam, "Ağ atlı oğlan"da da mən oynamışam, amma o film xoşuma gəlmədi, alınmadı".

***

Dostu aktyor Kamran Yunis müsahibələrində Ruslan haqqında deyir: "Yutuba yerləşdirdiyim videonu da ondan xəbərsiz çəkmişəm. Görsəydi, o dəqiqə sildirəcəkdi. O dünyadan vaxtsız köçəcəyini hiss edirdi sanki... Ruslanla bağlı maraqlı hadisələr çoxdur. Bir dəfə təngnəfəs redaksiyaya daxil oldu. Başladı həyəcanlı-həyəcanlı danışmağa. Dedi, qədeş, sən heç bilirsən ki, yol qırağında səkilər var ha, o səkilərə qoyulan daşların birinin qiyməti neçəyədir. Dedim, yox, bilmirəm. Yenə həyəcanla sözünə davam etdi, sən demə, bir daşın 200 manata yaxın qiyməti var, fəhlələrdən soruşdum. Evdən işə çatana qədər o daşları saymışam, düzdür, bəzi yerlərdə hesabı itirdim, ancaq saydım, bilirsən o daşlara nə qədər pul xərcləyiblər?"

Avtomobillərlə bağlı dəhşətli fobiyası olub. Maşınla harasa getməkdən, xüsusən də qarşı tərəfdə oturmaqdan qorxurmuş. Bir dəfə isə dostunun maşınında yol gedəndə qarşıdan gələn maşınları görəndə dizlərini yığıb, əlləri ilə gözlərini yumaraq qışqırıb.

Ailəsi, dostları nə qədər onu dilə tutsalar da, evlənmək istəmədiyini deyirmiş. Növbəti dəfə belə söhbətlərin birində Ruslan deyib:

"Mənim ömrümə az qalıb. Niyə kiminsə balasını bədbəxt edim?"
Bir dəfə isə dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini deyib. Aktyor 2015-ci ilin mart 6-sında 41 yaşında qaraciyərində yaranan problemdən dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.