Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Açıq səma altında başlamalı olan axşam yağışla başladı. Azərbaycan Dövlət Akademik Musiqili Filarmoniyasının Müslüm Maqomayev adına Yay Teatrında III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının açılışına hər şey hazır olduğu zaman Bakı üzərinə güclü leysan yağdı. Təbiət tədbirin ssenarisinə öz düzəlişlərini etsə də, bu əlamətdar gecənin əsasını - bayram əhval-ruhiyyəsini dəyişə bilmədi.
Qonaqlar Filarmoniyanın rahat foyesinə keçərək səmimi və isti ab-havada Azərbaycanın müasir musiqi həyatının ən böyük layihələrindən birinin açılışını qeyd etdilər.
Bu gecənin bir neçə bayram səbəbi var idi. İlk dəfə ölkə tarixində bu miqyasda klassik sənət festivalı üç ay ərzində - sentyabrın 7-dən dekabrın 7-dək davam edəcək. Bu müddət ərzində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Paris, London, Milan və Minskdə ümumilikdə 30-a yaxın musiqi və mədəniyyət tədbiri keçiriləcək.
Festivalın özü onun təsisçisi - Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Fidan Hacıyevanın ikiqat yubileyinə - 50 illik yubileyinə və ölkədə, eləcə də dünya səhnələrində 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunub.
Bu axşam yubilyarın ünvanına çoxsaylı təbriklər, xoş sözlər və arzular səsləndirildi. Tədbirdə mədəniyyət, elm və təhsil sahələrinin tanınmış nümayəndələri iştirak edirdilər. Fidan Hacıyevaya güllər və hədiyyələr təqdim olunur, ona yeni yaradıcılıq uğurları və səhnədə uzun ömür arzulayırdılar.
Gecənin aparıcısı, tanınmış televiziya aparıcısı Saleh Bağırov festivalın zəngin proqramını təqdim edərək onun misilsiz miqyasını və coğrafiyasını vurğuladı.
Lakin festival yalnız konsert proqramlarının silsiləsi kimi nəzərdə tutulmayıb. Bu, opera və kamera gecələrini, simfonik konsertləri, ustad dərslərini, ədəbi-bədii görüşləri və maarifləndirici layihələri birləşdirən böyük mədəni-maarif platformasıdır.
Proqramda gənc nəslə xüsusi diqqət ayrılıb. Tədbirlərin bir hissəsi ölkənin aparıcı ali təhsil müəssisələrində keçiriləcək və bununla klassik musiqinin gənc dinləyicilərə daha da yaxınlaşdırılması nəzərdə tutulur.
Proqramın xüsusi layihələrindən biri "Gənc səslər gələcəyə səslənir" adlanır. Fidan Hacıyevanın qeyd etdiyi kimi, layihənin əsas məqsədi yeni istedadları üzə çıxarmaq və gənc vokalçılar üçün peşəkar inkişaf imkanları yaratmaqdır. Gənc ifaçılar tanınmış sənətkarlarla eyni səhnəni bölüşəcək, solo konsertlərdə iştirak edəcək və öz istedadlarını geniş auditoriyaya təqdim etmək imkanı qazanacaqlar.
Beləliklə, festival zəngin Azərbaycan vokal məktəbinin ənənələrinin yeni səslərlə görüşdüyü, nəsilləri birləşdirən mühüm mədəni platformaya çevrilir.
Açılışın musiqi proqramı da qonaqlar üçün əsl hədiyyə oldu. Konsertdə 2019-cu ildə Fidan Hacıyeva tərəfindən yaradılmış Azərbaycanın ilk qadın kamera orkestri MEZZO, onun Vokal Musiqi Məktəbinin yetirmələri, eləcə də yubilyarın dostları - Əməkdar artistlər Dilarə Əliyeva, Farid Əliyev və digər sənətçilər çıxış etdilər.
Lakin gecənin, şübhəsiz ki, əsas qəhrəmanı Fidan Hacıvanın özü idi. Yubilyar müxtəlif operalardan ariyalar, eləcə də yaradıcılıq həyatında onun vizit kartına çevrilmiş Jorj Bizenin "Karmen" operasından parçalar ifa edərək səhnədə parladı.
Yağışın qısa müddətə səngiməsindən sonra bayram yenidən Yay Teatrının məkanına qayıtdı. Böyük ekranda qonaqlara Fidan Hacıyevanın yaradıcılıq həyatından bəhs edən film və onun yeni klipi təqdim olundu. Daha sonra gecə mahnı və rəqslərlə davam etdi. Sanki bu mənzərə bir daha sübut edirdi ki, əsl sənət bayramını ən güclü yağış belə dayandıra bilməz.
Lakin bu açılış yalnız üç aylıq böyük musiqi tarixinin ilk səhifəsi oldu.
Festivalın musiqi kulminasiyası dekabrın 7-də Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm "Karmen. Sənətkarın həyatının yarım əsri" qala-konserti olacaq.
Konsertin adı təsadüfi seçilməyib. 50 illik yubileyi ilində Fidan Hacıyeva həyatının böyük bir hissəsini həsr etdiyi musiqinin əhatəsində səhnəyə çıxacaq. Proqramda Jorj Bizenin ölməz "Karmen" operasından seçilmiş parçalar, həmçinin Azərbaycan və dünya klassik musiqisinin ən yaxşı nümunələri səslənəcək.
Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestri, eləcə də İspaniyanın tanınmış flamenko kollektivi iştirak edəcək.
Beləliklə, yağışla başlayan gecə əslində üç ay davam edəcək böyük musiqi bayramının ilk notlarına çevrildi. Təbiət həmin axşam səhnəni dəyişə bildi, amma musiqinin qarşısını ala bilmədi.
Çünki səhnə yağışdan bir anlıq gizlənə bilər, amma əsl sənətkarın səsi susmur. Fidan Hacıyevanın festivalının əsas missiyası da məhz budur - klassik musiqini yaşatmaq, onu nəsildən-nəslə ötürmək və yeni səslərin gələcəyə doğru yolunu açmaq.
İnformasiya tərəfdaşları - Trend.Az, Day.Az, Milli.Az və Azernews.Az.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Amin Novruzov vəfat etdi
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
XƏBƏR LENTİ
-
Şəkidə məşhur əyləncə mərkəzində faciə: İki nəfər öldü - Yenilənib - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir





