Mədəniyyət

Azərbaycanlı aktyor: "Zəngilandan çıxanda anam evin bünövrəsinə beton tökmüşdü ki…" - FOTO

23 Oktyabr 2020 07:14
Baxış: 8 516

İlk dəfədir özümə sahib çıxa bilmirəm.

İlk dəfədir ağlaya-ağlaya gülürəm, danışa-danışa susuram.

İlk dəfədir nəfəsim tikə kimi ilişib qalır boğazımda.

İlk dəfədir gözlərimin bu qədər yol çəkdiyini görürəm.

İlk dəfədir bir yaranın 30 illik qaysağının qanadığın görürəm.

Sanki hər şey, hər şey ilk dəfədir...

Budaqdan asılmış son payız yarpağı qədər kövrək,

Son ümid qədər saf,

Tanrı qədər tək,

Peyğəmbər qədər müqəddəs hiss edirəm özümü.

İlk dəfədir bu qədər sevirəm,

İlk dəfədir bu qədər qürur duyuram,

İlk dəfədir bu qədər dua edirəm,

İlk dəfədir var olduğumu hiss edirəm.

Bütün hislərim, bütün varlığım alıb aparır məni.

Çöl düzündə, gün altında yuxu görər kimiyəm,

Yarı diri, yarı ölü kimiyəm.

Mən özündə olmayan, sahibsiz ruh kimiyəm

İlk dəfədir özümə sahib çıxa bilmirəm.

Bu şeiri Pantomima Teatrının tanınmış aktyoru Bəhruz Vaqifoğlu Zəngilan şəhərinin azad olunması münasibəti ilə yazıb. Milli.Az bildirir ki, "Yarımçıq xatirələr", eyni zamanda "Həyatımın rolu" adlı Qarabağ müharibəsinə həsr olunmuş filmlərdə qəhrəman obrazları canlandıran aktyor təəssüratlarını publika.az-a bölüşüb.

- Zəngilan şəhərinin alınması xəbərini eşidəndə hansı duyğularını yaşadınız?

- Daha çılğın reaksiya verəcəyimi gözləyirdim. Elə bilirdim ki, qışqırıb-bağırıb tullanaram, yaxınlarımı bağrıma basıb əzərəm. Amma bu müjdəli xəbəri ağlayaraq qarşıladım. Oturub uşaq kimi ağladım, sevinc hisslərimin yeganə təzahürü göz yaşlarım idi. Telefonuma ard-arda zənglər gəlməyə başladı, heç birinə cavab verə bilmirdim, özümə gələndən bir neçə saatdan sonra yaxınlarımın və dostlarımın təbriklərini qəbul etməyə başladım.

- Bu tarixi günlərin canlı şahidi olacağımızı gözləyirdiniz?

- Əlbəttə, bunu gözləməmək mümkün deyildi. Vətən-yurd həsrəti ildən-ildən daha da böyüyürdü... 30 ilin nisgilini yalnız zəfər yürüşləri yuyub apara bilərdi. Həmişə geri qayıdacağımız günü gözləmişəm, inanırdım ki, torpaqlarımız bir gün işğaldan azad olacaq. Nə qədər ümidli olsam da, son bir ay ərzində baş verənlər mənə möcüzə kimi görünür. Ermənilərin bizdən üç ilə aldığı torpaqların bir hissəsini ordumuz artıq qısa müddətdə azad edib. Azərbaycan Ordusu həqiqətən böyük bir tarix yazır. Möhtəşəm hissdir... Arzu edirəm ki, bütün torpaqlarımız tezliklə düşmən tapdağından azad olsun. Azərbaycan xalqının böyük zəfər gününü təntənəli şəkildə qeyd edəcəyi gün uzaqda deyil!

- Zəngilanla bağlı xatirələrinizi eşitmək istərdik. Ümumiyyətlə, yadınıza gəlirmi?

- Əlbəttə, yadıma gəlir, 11 yaşım olanda Zəngilanı tərk etmişdik. Dünyanın şərindən, qanlı mühariblərindən xəbəri olmayan saf bir kənd uşağı idim... Bütün xoş xatirələrimi yada salsam da, bütün düşüncələrin hər biri Zəngilanı tərk etdiyimiz günə gəlib söykənirdi. Elə bir şəraitdə evdən çıxmışdıq ki, özümüzlə heç nə götürə bilməmişdik. Ata-baba ocağını ağrı-acısız xatırlaya bilmirdim.

Bu gün amansız düşmən Gəncədə günahsız körpələri raket atəşinə tutur, eyni hadisələri biz 1992-ci ildə yaşamışıq. Təbii ki, 90-cı illərin əvvəlləri ilə mövcud vəziyyət tamamilə fərqlidir. Birincisi, biz öz haqq səsimizi dünyaya yetəri qədər çatdıra bilmirdik. İkincisi, ordumuz indiki qədər güclü deyildi. Şükürlər olsun ki, Gəncədə olan hadisələri kobud dillə desək, dünyanın gözünə soxuruq. Görmək istəməsələr də, həqiqəti dünyaya yaya bilirik.

- Zəngilanın gözəl təbiəti, xüsusilə çinar meşələri dünəndən bəri dillərdən düşmür.

- Zəngilan rayonun əsas özəlliyi çinar meşələrinin turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Zəngilan həm də Qotur suyu, Çeşmə gözü kimi bulaqları və bir çox tarixi abidələri ilə məşhurdur. Həm İranla həmsərhəddir, həm də Naxçıvana yaxındır. Ərazisi kənd təsərrüfatı üçün də əlverişlidir.

Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənaye və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanı olub. Əminəm ki, Azərbaycan Ordusunun müzəffər qələbəsi ilə başa çatandan müharibədən sonra ölkəmizdə yeni bir dönəm başlayacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək.

- Zəngilanda hansı işləri görməyi planlaşdırırsınız? Arzu və istəkləriniz nələrdir?

- Pantomima Teatrının aktyor və rejissoruyam, aktyor kimi planlarım çoxdur. Bir müddətdir ki, müstəqil teatrımı yaratmaq haqqında düşünürdüm. Son hadisələrin gedişatından sonra qərar verdim ki, doğulduğum torpaqda yeni bir müstəqil teatr qurum. Bu arzunun reallaşması, ümumiyyətlə, Zəngilanın çiçəklənməsi, inkişafı naminə nə lazımdırsa, etməyə hazıram.

Cəlal Kəngərli ilə birlikdə silsilə videolayihələr həyata keçirməyi planlaşdırmışıq. Onların birində valideynlərim rol alıb.

- Məcburi köçkünlərimizin indiyə qədər qoruyub saxladığı açarları mənəvi bir simvola çevrilib. Evinizin açarı qalıb?

- Bu yaxınlarda bildim ki, Zəngilandakı evimizin açarını anam indiyə qədər saxlayıb. Çəkilişlər zamanı anam qıfıl gətirdi ki, bax bu evimizin açarıdır. Atışmalar şiddətlənəndə təhlükəsiz kəndlərə gedirdik, sakitləşəndən sonra yenidən evimizə qayıdırdıq. Anamla atam yeni ailə qurduğu üçün şəhərin ətəyində özünə ev tikməyə başlamışdı, evi böyütmək üçün yeni bir bünövrə atmışdılar. Rayondan çıxanda anam betonu bünövrəyə tökmüşdü ki, biz gələnə qədər bərkisin...

- Ordumuzun mövqeyini necə qiymətləndirirsiniz?

- Möhtəşəm! Bayrağımızda hilal simvolu var, o formada da torpaqlarımızı xilas edə-edə qələbəyə doğru yol alırıq. Biz türk oğluyuq. Türk ayağa durdusa, onun qarşısında durmaq qeyri-mümkündür. Mərdlik, ərənlik qanımıza və canımıza hopub. İstəsək də, istəməsək də, genetikamıza xas olan xüsusiyyətlərdir, qarşımızı heç kim kəsə bilməz. Azərbaycan Ordusuna inanırıq, Allah özü onlara güc, qüvvət və sarsılmaz iradə bəxş etsin. Ən xoş hiss və dualarımız daim Azərbaycan əsgərinin yanındadır. Allah şəhidlərimizə rəhmət etsin, öz qanları ilə böyük bir tarix yazdılar, onların ruhu qəlbimizdə hər zaman yaşayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.