Mədəniyyət

Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

18 Oktyabr 2019 20:30
Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli rejissor Vaqif İbrahimoğlunun (18 oktyabr 1949 - 12 may 2011) 70 illik yubileyinə həsr olunmuş "Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Milli.Az bildirir ki, oktyabrın 18-də Universitetin Elmi Şura otağında baş tutan konfransda türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, öz teatr ideyasını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, habelə, humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak etdilər. Açılış sözü ilə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ənənəvi olaraq keçirilən konfransın bu il görkəmli rejissor, "YUĞ" teatrının təsisçisi və rəhbəri Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunduğunu qeyd etdi. Rektor Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixində xüsusi mövqeyə malik sənətkar olduğunu bildirdi,  61 illik ömrü boyunca teatr yaradıcılığı və pedaqogikası sahələrində son dərəcə önəmli işlər gördüyünü dedi. C.Mahmudova sənətkarın aramızda olmadığı səkkiz il ərzində onun teatr sahəsində ideyalarının və konsepsiyasının bu gün də davam etdirildiyini, yerinin isə hər zaman göründüyünü və görünəcəyini vurğuladı.

Beynəlxalq tədbirdə müvafiq sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türkdilli xalqların teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyü məsələləri müzakirə olundu.

Konfransda türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, ideyalarını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, həmçinin humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak etdilər.

Bu sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türkdilli xalqların teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyünü müzakirə etmək məqsədini qarşıya qoyan konfransda iki istiqamət üzrə məruzələr dinlənildi:
- Türkdilli xalqların mədəniyyətində ənənəvi teatr formalarının poetikası: tədqiq problemləri və tətbiq perspektivləri;
- Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi.
Konfransda əməkdar incəsənət xadimi, professor İlham Rəhimli "Türkdilli xalqların əsərləri Azərbaycan səhnəsində", T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya Kabdiyeva "Müasir qazax teatrında ənənələrin transformasiyası", ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə "Rejissor haqqında paradoks...", Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun professoru Temur Raşidov "Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)", AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu "Dekadans mühitində Vaqif İbrahimoğlu və YUĞ", ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Aydın Talibzadə "Perfomativ meditasiya: Eucinio Barbanın tənqidi", sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova "Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar", ADMİU-nun Teatrşünaslıq kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova "Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar", Teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov "Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi", dissertant Tərlan Rəsulov "Tətbiqi teatr: mövcud durumu və perspektivləri" mövzularında məruzələrlə çıxış etdilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.