Dünya

Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır

19 Sentyabr 2026 13:41
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib.

Milli.Az xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrində yaşayan Heliconius kəpənəkləri tədqiq olunub.

Araşdırma nəticəsində məlum olub ki, əksər kəpənək növləri cəmi bir neçə həftə yaşadığı halda, Heliconius kəpənəkləri təxminən bir ilədək yaşaya bilir.

Alimlər uzunömürlülüyün səbəblərindən birinin qidalanma ola biləcəyini araşdırıblar. Belə ki, digər kəpənəklər əsasən çiçək nektarı ilə qidalandığı halda, Heliconius növləri polen də qəbul edir.

Lakin maraqlı nəticə əldə olunub. Polen bu kəpənəklərin qida rasionundan çıxarıldıqda belə, onların uzunömürlülük üstünlüyü davam edib. Təcrübələr zamanı Heliconius hecale növünün polensiz qidalanarkən də yaxın qohumu Dryas iulia ilə müqayisədə daha uzun yaşadığı müəyyənləşib.

Tədqiqat zamanı kəpənəklərin fiziki vəziyyəti də qiymətləndirilib. Yaşlanan D.iulia fərdlərində zəifləmə və əzələ funksiyalarında geriləmə müşahidə edildiyi halda, yaşlı H.hecale fərdlərində nəzərəçarpacaq fiziki geriləmə qeydə alınmayıb.

"Nature Communications" jurnalında dərc olunan araşdırmaya görə, Heliconius növlərinin orta ömrü yaxın qohumları ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Ən diqqətçəkən nəticələrdən biri isə Heliconius hewitsoni Dione juno növləri arasında qeydə alınıb. H. hewitsoni 348 günədək yaşadığı halda, D. juno cəmi 14 gün yaşayıb.

Beləliklə, eyni kəpənək ailəsinə daxil olan bu iki növ arasında ömür uzunluğu baxımından təxminən 25 dəfə fərq olduğu ortaya çıxıb.

Alimlər hesab edirlər ki, bu nəticələr qocalma prosesinin və uzunömürlülüyün bioloji mexanizmlərinin öyrənilməsi baxımından əhəmiyyətli məlumatlar verir.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.