Mədəniyyət

Villa, bahalı avtomobil itirən məşhur xanəndə: "Neyləyim, gedim telekanalların qapısını döyüm?" - FOTO

30 Oktyabr 2015 12:57
3 Şərh     Baxış: 4 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış xanəndə Sabir Abdullayevlə çalışdığı Asəf Zeynallı adına Musiqi Kollecində görüşməliydik. Sözləşdiyimiz saatda orada olsaq da, dərsi hələ başa çatmamışdı. Tələbələrinə "Segah" muğamının incəliklərini öyrədən xanəndənin ifasını yarıda kəsməmək üçün kənarda oturub muğamın sonunu gözlədik. Sözün düzü, müəllim-tələbə duetinin bitməsini istəmirdim. Musiqi canıma yağ kimi elə yayılmışdı ki, bu aləmi tərk etmək heç ürəyimdən olmadı. Amma öz aramızdır, yorğun iş qrafikindən sonra belə bir ifanın yeri vardı.

Dəstgah başa çatdı və sevilən sənətkarı "Segah" üstündə söhbətə tutduq.
 
Məlumat üçün qeyd edək ki, Sabir Abdullayevin çıxdığı ev musiqiçilər ailəsi kimi tanınır - mərhum sənətkar Vahid Abdullayev, Cabir Abdullayev və Sabir Abdullayev.
 
Müsahibimiz, məşhur üç qardaşdan birinin - Sabir Abdullayevin ifası Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən Qarabağ xanəndələri musiqi albomunda da yer alıb.
 
Xanəndənin publika.az-a müsahibəsini təqdim edirik.
 
- Sabir müəllim, başınız tələbələrinizə, dərs deməyə elə qarışıb ki, xanəndə kimi fəaliyyətinizi görə bilmirik. Olmaya, ifaçılığı tədrisə qurban vermisiniz?

- Vermişəm, özü də indi yox, çoxdan.
 
- Qazancınız bəllidir, musiqi aləminə yetirmələr bəxş etmisiniz. Maraqlıdır, bəs bir xanəndə olaraq itirdikləriniz nə olub?

- İtirdiyim villa, bahalı markalı avtomobil, bir də rəngarəng pullar olub. Bunları itirmişəm. Düzdür, müəllimlik şərəfli peşədir. Amma müəllimliklə də iş düzəlmir axı. Mən də iki mahnı yazdırıb toylarda oxusaydım, indi ən bərkgedən xanəndə olardım. Vaxtında bəzi ustadlar məni başa saldılar ki, pul qazanmaq üçün bu yolu seçməlisən. Onların sözünə məhəl qoymadım, sənəti seçdim. Səsim, sənətim indi də var, sadəcə olaraq, müğənnilərin dili ilə desəm, gündəmdə yoxam. Efirə çıxmıram.
 
- Niyə çıxmırsınız ki?

- Əvvələn, çağıran yoxdur. Çağırsalar, niyə getmirəm ki? Əslində, televiziyaları da qınamıram, insanları yalnız qalmaqal, dedi-qodu, kiminsə bahalı atomobili, villası maraqlandırır. Taksi sürücüsü ilə dava-şavaya çıxsam, bütün maqazin proqramları tökülüb gələcək ki, xanəndə Sabir Abdullayev küçədə dava saldı. Ya da gərək dostumdan bir bahalı avtomobil götürüm, desinlər ki, Sabir Abdullayev yarım milyonluq avtomobildə gəzir. Bunlar xanəndəni gündəmə gətirər, di gəl, sənətə xidmət etmir. Qalmaqal adamı deyiləm, mənimki oxumaqdır. Bütün kanallarımızda səviyyəli musiqi verilişləri təqdim olunur, dəvət etsələr, gedərəm.
 
- Gənc müğənnilərdən kimlərin ifasını bəyənirsiniz?

- Konkret dinlədiklərim yoxdur, televizoru açanda kiminsə ifasını eşidib bəyənə bilərəm. Yeri gəlmişkən, bir çox müğənnilər Şövkət Ələkbərova haqqında danışanda onu estrada müğənnisi kimi qələmə verirlər. Bu, düzgün deyil. O, xalq mahnıları və muğamlarımızla bərabər, gözəl lirik musiqilərin də ifaçısı idi. Amma lirik mahnılar oxuduğuna görə Şövkət xanım estrada müğənnisi kimi qələmə verilməməlidir.
 
- Kim deyir ki, Şövkət xanım estrada müğənnisidir?

- Mahnını biabır edən müğənnilər. Hətta utanıb-qızarmadan səslərini Şövkət xanımın səsi ilə müqayisə edirlər.
 
- Elə xanəndələr də var ki, estrada mahnıları oxuyurlar...

- Pul oradadır axı. Uzağa niyə gedirsiniz, mənim öz tələbələrim də buranı bitirən kimi estrada mahnıları oxuyacaqlar. Çünki muğamla pul qazanmaq olmur. Nə qədər şadlıq evləri var, hamısına müğənni lazımdır. Bunlar da kolleci bitirən kimi qaçacaqlar şadlıq evlərinə, pul qazanmağa. 
 
- Onları qınayırsınız?

- Yox, niyə qınayıram ki, onlar da dolanmaq istəyir. Amma qınamasam da, onlara da, əziyyətimə də heyfim gəlir. Bu qədər əziyyət çəkirəm, yetişdirirəm, axırda da mənim öyrətdiklərim qalır qıraqda, gedib toy mahnıları oxuyurlar. Aralarında əsl sənətə maraqlı olanlar da var, amma əksəriyyət maddiyyatı düşünür.
 
- Niyə, elə xanəndələr var ki, estrada müğənnilərindən az qazanmırlar...

- Fərasətləri var, qazanır. Amma hamının fərasəti olmur axı. Belə götürəndə, şou-biznesdə olan müğənnilərin əksəriyyəti  özünü estrada müğənnisi sayır. Amma belə deyil axı. Estrada müğənnisi Flora Kərimova, İlhamə Quliyeva, Yalçın Rzazadə, Mübariz Tağıyev, Natəvan Şeyxovadir. Onlar əsl sənət təqdim edirlər.
 
- Amma insanlar xeyir işlərinə, toylarına onları yox, şou-biznesdə özlərinə titul verən müğənniləri aparırlar. Sizcə, niyə?

- Bunu özlərinə prestij sayırlar. Bütün günü verilişlərə dəvət alırlar, hər gün göz önündədirlər... Ona görə də belələrini toylarına dəvət etməklə öyünürlər. Pulu da elələrinə xərcləyirlər.
 
- Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə buraxılan "Qarabağ xanəndələri" adlı diskdə sizin də ifanız yer alıb. Belə bir xanəndənin canlı ifasını bəs biz harada eşidək?

- Elə burada. Tələbələrimlə birgə istənilən muğamı ifa edirik. Nə vaxt istəsən, gəlib dinləyə bilərsən.
 
- Mən həm də geniş publikanı nəzərdə tuturam.

- Neyləyim, gedim telekanalların qapısını döyüm? Vaxtilə mən AzTV-də oxuyanda başqa xanəndələr televiziyanın yolunu tanımırdılar. Sənətkarın işi oxumaqdır, çağırsınlar, oxuyum. Burada tələbələr yetişdirirəm. Əslində, bundan çətin iş yoxdur. Amma bəzi ifaçılar elə fikir yaradırlar ki, guya ifaçılıq müəllimlikdən asandır. Əksinə, tələbə yetişdirmək, özünü bütünlüklə tədrisə həsr etmək qat-qat çətindir. Baxın, görün burada nə qədər tələbə var. Bunların hamısının dilini bilmək, onlara sənətin incəliklərini öyrətmək asan məsələ deyil. Son vaxtlar dəb düşüb, efirə çıxanlar deyir ki, toyxana bir məktəbdir, gərək bu məktəbi keçəsən. Ay balam, toyxana nə vaxtdan məktəb olub? O ki ola, indiki toyxanalar. Elə toyxananı efirə daşıyırlar, hamısı toyxana mahnıları oxuyur. Bunların fikri keçmişə gedib. O vaxtlar Xan əminin, Seyid Şuşinskinin iştirakı ilə keçən toyları, bəli, məktəb saymaq olardı. Çünki onlar özləri də ustad məktəbi keçmişdilər. Amma indikilər hansı məktəbi keçib, hansı ustaddan dərs alıblar? Hamısı mahnıları biabır edə-edə oxuyur və bunu da məktəb kimi təqdim edir. Biabırçılıqdır e, sən Allah, məni danışdırma. Əsəbləşirəm. Məktəb buradır e, təhsil ocağı. Gərək burada məktəb keçəsən. Elə mən özümü misal çəkirəm. Ustadlarımdan dərs almasaydım, indi burada tələbə yetişdirə bilərdim, hamının qarşısına çıxıb xanəndə kimi özümü təqdim edə bilərdim?
 
- Yəqin ki, yox. Sabir müəllim maraqlıdır, necə müəllimsiniz: sərt,  yoxsa mülayim?

- Dostam, amma qapıdan çıxandan sonra. Dərs otağında çox sərtəm. Bura əsgərlik kimidir, xüsusi qaydalara əməl olunmalıdır. Nizam-intizam şərtdir. 
 
- Bəs öz müəllimlərinizin sizinlə münasibəti necə olub?

- Biz müəllimlərimizin yanında lal olmuşuq. Bu da hörmətdən irəli gəlib.
 
- Tələbələriniz qarşısında birinci şərtiniz nə olur?

- Deyirəm, sənətinizə dəyər verin. Özünüzü hörmətdən salmayın.
 
- Sabir müəllim, hərdən Əbülfət Əliyevin, Rübabə Muradovanın, Yaqub Məmmədovun lent yazılarını dinləyirəm. Fikirləşirəm ki, gözüyumulu bu ifaların kimə məxsus olduğunu tanıyaram. Bu gün də səsi olan xanəndələrimiz çoxdur. Amma nədənsə, adlarını sadaladığım o sənətkarlardan yoxdur e, yetişmir. Sizcə, niyə?

- Razıyam, keyfiyyətli, qeyri-adi səslər indi yoxdur. Səs Qarabağda yetişirdi. Əbülfətin bir mahnısına bir ay qulaq asdım, amma yenə də oxuya bilmədim. Əbülfət Əliyevin səsindən var? Yoxdur.
 
- Cavan səslərdən kimlərin adını çəkərdiniz?

- Cavanlar arasında istedadlı uşaqlar var, ancaq adlarını çəkməyəcəm. Çünki beşini desəm, beşini deməsəm, məndən inciyərlər.
 
- Siz deyin, inciməzlər...

- İlkin, Ehtiram, Elnur, Səbuhi... var yaxşı ifaçılar.
 
- Söhbəti yekunlaşdırıb musiqinizə qonaq olmaq istəyirəm. Amma nədənsə, sizi çox bədbin gördüm, elə bil bu sənəti seçdiyinizə görə peşmanlıq hissi keçirirsiniz?
 

- Peşman deyiləm, amma məni ağrıdan məqamlar olur. Mən vaxtilə Laçın, Ağdam, Füzuli, Ağdərə, Zəngilan, Cəbrayılda güllə yağışı altında konsertlər vermişəm. Bir əlimdə qaval, bir əlimdə silah olub. Bir dəfə Ağdərədə konsert verirdim, güllə qavalımı dəlib keçdi. Amma mahnını dayandırmadım. İndi kimsə gedib Kürdəmirdə toyda oxuyub gəlir, efirə çıxıb onu solo-konsert kimi qələmə verir. Özümü tərifləməmişəm, belə oxuyanam, elə oxuyanam, - deməmişəm. Amma bəzi şeylər adama yer edir, ruhdan düşürəm. Sənətkar elədir ki, gərək onu ruhlandırasan, könlünə dəyməyəsən.
 
- Hiss edirəm ki, verilişlərə dəvət olunmadığınıza görə telekanallardan inciksiniz...

- Yox, heç birindən küsməmişəm, yəqin, bir gün məni də axtararlar.

Milli.Az 
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.