Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda istedadlı yazıçı, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 70 illik yubileyi qeyd olunub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mədəniyyət xadimlərinin, ədəbiyyatşünasların və ədəbiyyatsevərlərin iştirak etdikləri tədbirdə yazıçının həyat yolu və yaradıcılığından geniş söz açılıb.
Təqdimat mərasimində AYB-nin katibi Rəşad Məcid Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb.
Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib. "Qara qan" kitabı ilə böyük oxucu məhəbbətini qazanan yazıçı bu gün də öz əqidəsinə sadiq qalaraq yeni əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.
AYB-nin rəhbərliyi adından yubilyarı təbrik edən R.Məcid ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə diqqətə çatdırıb ki, Fazil Güneyin müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. F.Güney yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifidir. "Ulduz sövdəsi" pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən "Qara qan" tarixi romanının, ABŞ-da ingiliscə çap olunan "Reality in Lie" hekayələr və povestlər toplusunun müəllifi kimi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, Qarabağ münaqişəsindən bəhs edən üç cildlik "Qara qan" tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Romanın iki cildi çap edilmiş, üçüncü cildi isə nəşrini gözləyir.
Nizaməddin Şəmsizadə vurğulayıb ki, F.Güney öz əsərlərində Azərbaycan gülüş mədəniyyətini qoruyub saxlamaqla yanaşı, həm də ondan yaxşı silah kimi istifadə edir.
Tədbirdə çıxış edən digər natiqlər Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan söz açıblar.
Bildirilib ki, 1963-cü ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin "Ərəb dili tərcüməçiləri" şöbəsində oxuyarkən Fazil Güneyi universitet qəzetinə dəvət ediblər. O, hələ tələbəlik illərindən əvvəl doğulduğu Cəbrayıl rayonunda rayonlararası qəzetdə iki ilə yaxın çalışaraq, təcrübəli jurnalistlərin rəğbətini qazanıb. O zamanlar gənc Fazilin oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunur, radioda səsləndirilirdi. Orta məktəbi təzə bitirmiş bir gənc üçün bu, böyük uğur idi.
Vurğulanıb ki, dili öyrənməkdə fərqləndiyi üçün hələ sovet dövründə xaricdə dil təcrübəsinin çətin və məsuliyyətli olduğu bir vaxtda o, dördüncü kursu Şimali Afrikada ən nüfuzlu təhsil ocağı sayılan Əlcəzair Universitetində oxumağa layiq görülüb. Fazil Güney altı il doğma yerlərdən uzaqlarda çalışıb.
Qeyd edilib ki, F.Güneyin ilk hekayəsi 1965-ci ildə nəşr olunub. 1975-76-cı illərdə "İnşaatçı" qəzetində, 1976-1991-ci ildə isə "Kirpi" jurnalında çalışıb.
Natiqlər bildirib ki, XX əsrin sonlarında baş verən sistem dəyişikliyi, müstəqillik ab-havası onun ədəbi istiqamətini daha çox jurnalistikaya yönəldib. Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində yaradılan "AssA-İradə" Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə "AzerNews" qəzetinin təsisçisi və baş redaktorudur. Dövlətimiz qarşısında əməyi və jurnalistikanın inkişafındakı rolu nəzərə alınaraq "Əməkdar Jurnalist" fəxri adı ilə təltif olunub.
Diqqətə çatdırılıb ki, Fazil Güney həm də bir alim kimi öz sözünü deyib. Onun "Müasir Suriya romanı" və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" monoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni yaradıcılıq axtarışlarından söz açıb. Deyib ki, bundan sonra bütün fəaliyyətini yaradıcı işə həsr edəcək.
"Qara qan"ın üçüncü cildini tamamladığını söyləyən yazıçı yaxın vaxtlarda romanı oxuculara təqdim edəcəyini söyləyib. Yubilyar deyib ki, tərcüməçi kimi fəaliyyət göstərdiyi illərdən bəhs edən "Dilmanc" adlı bədii-publisistik əsər üzərində də ciddi iş aparır.
Fazil Güney bundan sonra da Azərbaycan ədəbiyyatının inkişafı naminə bütün qüvvəsini səfərbər edəcəyini və yeni əsərləri ilə oxucuların görüşünə gələcəyini söyləyib.
Milli.Az