Mədəniyyət

"Qaraca qız" filminin Xədicəsi: ""Yubka"nı açıb ilanı ora atdılar" - FOTOSESSİYA

15 Sentyabr 2015 00:03
18 Şərh     Baxış: 29 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qaraca qız" filminin Xədicəsi, Leyli Axundovanın Milli.Az-a müsahibəsi.

- Leyli xanım, adətən filmlərdə çəkilən azyaşlı uşaqlar ya rejissorun qohumu, ya da öz övladı olur. "Qaraca qız" filmində çəkilməyiniz təsadüf idi, yoxsa əvvəlcədən planlaşdırılmışdı?

- "Qaraca qız" filmində çəkilərkən mənim 7 yaşım vardı. Əlbəttə ki, bu təsadüf olub. Musiqi fənni imtahanından yaxşı qiymət aldığıma görə valideynlərim məni bulvara gəzintiyə aparmışdılar. Bir kişi bizə yaxınlaşıb, məni filmdə çəkmək istəyini atama bildirdi. Lakin atam tərədddüd etdi, çünki o, mənim filmdə çəkilməyimə razı deyildi. Atam nə qədər tərəddüd etsə də, o atamdan əlaqə nömrəsini alıb oradan uzaqlaşdı. Elə oldu ki, sonradan həmin şəxs atamın nömrəsini itirmişdi. Tanınmış diktorlarımız Natəvan Hacıyeva, Roza Tağıyeva efir vasitəsilə elan etdilər ki, qızı da götürüb kinostudiyaya gəlsinlər. Atam yenə də fikrindən dönmədi. Məni və anamı götürüb Kislovodskiyə apardı. Onlar atamın rəssam olduğunu bilib dayım vasitəsilə ona teleqram vurdular ki, qızını da götür, kinostudiyaya gəl. İstirahətdən yarımçıq qayıtdıq, çünki filmin çəkilişləri başlayırdı. Məni rejissor Şamil Mahmudbəyovun yanına gətirdilər. O, məndən şeir bilib-bilmədiyimi soruşdu. Elə yenicə başlamışdım ki, şeirimi deyim sözümü kəsib dedi ki, lazım deyil, Ağca sənsən. Kinonu Tutunun ölümü səhnəsindən başlayıb çəkdilər. Film Şamaxının Çuxuryurd kəndində çəkilirdi.

- Peşəkar insanlarla işləmək bir uşaq kimi sizə çətin deyildi ki?

- Şamil Mahmudbəyov və Arif Nərimanbəyov bizi elə yaxşı başa salırdılar ki, heç bir çətinliklə qarşılaşmırdıq. Sanki, onlar bizimlə uşaq kimi oynayırdılar. Bundan başqa Moskvadan gələn rəqqasə bizə qaraçı rəqslərini öyrədirdi. Bu rəqslər Tutuda yaxşı alınırdı, amma məndə yox. 20 gün sərasər həmin qaraçı bizə rəqs öyrətdi. Mən Tutuya çox öyrəşmişdim, çünki çəkilişdə bütün günüm onunla keçirdi. Tutunun ölüm səhnəsi çəkiləndə yalandan mənə demişdilər ki, o ölüb. Hətta gördüm ki, Piri baba onun qəbrinin üstündə ağlayır. Orada elə ağladım ki, filmin bütün heyəti, Şamil müəllim də daxil olmaqla hamısı göz yaşı tökdü. Gördülər ki, mən artıq özümdən gedirəm, tez gətirib Tutunu mənə göstərdilər. Məni aldatdıqlarını bilib onlardan qisas almaq istəyirdim. Bunun üçün də inad etdim ki, daha çəkilmirəm. Birtəhər məni yola gətirib çəkilişə başladılar.

- Filmin çəkilişləri bitəndən sonra Tutu üçün çox darıxırdınız?

- Mən Sevil ilə eyni musiqi məktəbində oxuyurdum. Ona görə də məktəbdə bir-birimizi vaxtaşırı görürdük. Biz onunla kinoda da, filmdə də çox yaxşı yola gedirdik.

- Sonuncu dəfə Sevil xanımla nə vaxt görüşmüsünüz?

- Bir neçə il bundan əvvəl filmin rejissoru Şamil Mahmudbəyovun yubileyində mən Tutu rolunun ifaçısı Sevil xanımla görüşdüm. Mənim anamı oynayan aktrisa Şəfiqə Məmmədova ilə isə filmdən sonra iki dəfə görüşmüşəm. Şəfiqə xanım hər dəfə məni görəndə deyir ki, Leyli səni elə bil "duzlayıblar", heç dəyişmirsən (gülür).

- Ailə həyatı qurarkən həyat yoldaşınız sizin bu filmdə çəkildiyinizdən xəbərdar idi?

- Bəli, bilirdi. Onunla hara gedirdimsə, hamı məni tanıyırdı. Bilmirəm ki, bu, onun xoşuna gəlirdi ya yox. Çünki bunu heç vaxt ondan soruşmamışam. Hal-hazırda iki qızım və üç nəvəm var. Mən öz qızlarımdan da, nəvələrimdən də çox razıyam. Nəvələrim mənə Leyli deyə müraciət edirlər. Qızlarım da bəzən bu cür müraciət edirlər. Mən qızlarımla rəfiqəyəm.

- Bildiyimə görə siz həyatda da ailənin tək övladı olmusunuz. Filmdəki Xədicə ilə həyatdakı Leylinin hansı oxşar cəhətləri vardı?

- Mənim valideynlərimin 9 il övladı olmayıb. Yalnız 9 ildən sonra mən dünyaya gəlmişəm. Ona görə də atam da, anam da çəkilişdə həmişə yanımda olurdular. Mən atamdan "yox" kəlməsi eşitməmişəm. Anam bəzən mənə qadağalar qoyurdu. Mən ata tərəfdən də, ana tərəfdən də nəsildə ən istəkli övlad olmuşam. Ona görə də məni ərköyün böyüdüblər. Bəzən sevdiyim bir geyimi geyməyəndə, sırğanı taxmayanda ağlayırdım. Çox ərköyün, nadinc uşaq olmuşam.

- Çəkilişdə rejissora hansı ərköyünlüyünüzü yaşadırdınız?

- Çəkilişdə Sevilə Sofi Loren, mənə isə Silvana Pampanini deyə müraciət edirdilər. Acıqla deyirdim ki, mənə Silvana Pampanini deməyin. Çünki Sofi Loreni tanıyırdım, amma o biri aktrisanı görməmişdim. Həmin aktrisanın şəkilini gətirib mənə göstərdilər. Gördüm ki, çox gözəl aktrisadır. Ondan sonra adımı soruşan kimi o dəqiqə Silvana Pampanini deyirdim. Sevil sakit idi, onunla yola gedirdilər. Amma mən onları çox incidirdim.

- Uşaq olduğunuza görə, yəqin ki, bir çox səhnələrdə çəkilməkdən qorxmusuz. Məsələn, ilanın sizi sancdığı səhnə... İstərdim həmin səhnəni xatırlayaq.

- Kim deyir ki, kinoya çəkilmək asan işdir, yalandır. Səhər saat 8-də gəlib axşam 11-də evə gedirdik. İlanın məni sancdığı səhnə çəkilərkən çox qorxmuşdum. Mənə demişdilər ki, ilan sancmır. Amma görəndə ki, insanlar "lapatka", balta, ağac zopası ilə keşik çəkirlər, çox vahimələnmişdim. Öz-özümə fikirləşirdim ki, əgər ilan sancmırsa, niyə bəs bunların əlində "lapatka" var? Gəlib mənə dedilər ki, Leyli, qorxma, "yubka"nı açıb ilanı ora atacağıq. Mənə bu sözü demək olardı? Qorxa-qorxa da olsa, bu səhnəyə çəkildim. Amma Şamil müəllim dedi ki, təbii alınmayıb, gəlin yenidən çəkək. Elə oldu ki, mən bərk xəstələndim. O dərəcədə xəstə idim ki, 3 gün xəstəxanda yatdım. 3 gündən sonra xəbər çatdı ki, ilanlar bağlı vedrədən qaçıblar. İlanların cəriməsini zooparka ödədilər. Ən çox sevinən yenə də mən idim (gülür).

- Bu filmdən sonra hansısa filmə dəvət gəldi?

- Bəli, bir çox yerlərdən o vaxtı filmlərə dəvət etdilər. Amma balaca olduğum üçün atam filmlərdə çəkilməyimə icazə vermədi. Bəlkə də mən daha yaxşı iz qoya bilərdim. Ailə həyatı qurandan sonra isə həyat yoldaşım filmlərdə çəkilməyimə razı deyildi. Hər şey elə ilanın məni dişləməyimdən başladı. Filmdə olduğu kimi həyatda da ilan məni dişlədi (gülür). Bu günə kimi o hisslərlə yaşayıram. Bəzən olur ki, filmə baxanda oturub ağlayıram. Bəzən isə ağlayacağımı bilib heç baxmıram.

- Çox baxımlı xanımsız. Bəs son illərdə sizə hər hansı filmdə çəkilməklə bağlı dəvət gəlib?

- Xeyr, heç bir dəvət gəlməyib, gəlsə, əlbəttə, çəkilərəm. Tanınmış jurnalist Ulduz Qaraqızı Xədicənin sonrakı həyatından bəhs edən bir gözəl ssenari yazıb. Həmin ssenarini oxuyub hönkür-hönkür ağladım. Təəssüf ki, maddi dəstək olmadığından bu film çəkilmədi. Bu filmə, böyük məmnuniyyətlə, çəkilərdim.

- Bu gün çəkilən uşaq filmləri niyə yadda qalmır?

- Hər şey operatordan, rejissordan aslıdır. Əvvəlki cizgi, uşaq filmlərində dostluq, tərbiyə təbliğ olunurdu. İndiki filmlərdə isə bu cür mövzular təbliğ olunmur. Mənim nəvələrim də xarici cizgi filmlərinə baxır. Biz bununla nəyi təbliğ edə bilərik axı? Ona görə də bugünkü filmlər yadda qalmır. Televiziyada bugünkü gündə yalnız qalmaqallı verilişlər gündəmdədir.

- Kimlər zəng edib sizinlə maraqlanırlar?

- Məni ancaq jurnalistlər axtarırlar. Onlardan başqa bir də "Ögey ana" filminin Cəmiləsi-Sevinc Axundova ilə görüşürəm. O, mənim ruhuma yaxın bir insandır. Bir də televiziyalar tez-tez "Qaraca qız" filmini göstərirlər. Bugünkü gündə biz yalnız bu cür xatırlanırıq.

- Hal-hazırda nə işlə məşğulsuz?

- Mən hal-hazırda Bakı Xoreoqrafiya Məktəbində musiqi dərsini tədris edirəm. İkinci sənətim isə rəssamlıqdır. Uşaqlarla işləməyi çox sevirəm, işimdən zövq alıram.

- Avtomobil idarə etdiyinizi bilirəm. Olubmu ki, avtomobil idarə edərkən yol polisləri sizi saxlasın və Xədicə olduğunuzu biləndən sonra xoş münasibət göstərsin?

- Bəli, çox olur. Maşınımı saxlayanda deyirəm ki, məni tanımırsız? Deyəndə ki, Xədicəyəm, çox hörmət edirlər. Bağlı qapılar da mənim üçün açılır. Bəzən isə Xədicə olduğuma inanmırlar. Elə bilirlər ki, Xədicə həmişə balaca qalacaq (gülür).

- Həyatda hansı insanlardan çəkinirsiz?

- Yaxşılığı bilməyən və yalançı insanları sevmirəm. Mən bilirəm ki, çox insan yalan danışır. Nə qədər uzaq qaçsam da, rastıma o cür insanlar çox çıxırlar.

- Xədicə artıq böyüyüb, bəs hansı arzularının uşaqlıqdakı kimi qalmasını istəyir?

- Mən Allahımdan çox razıyam. Evin tək övladı olduğum üçün anama da, atama da bağlı olmuşam. Bəzən atam deyirdi ki, Leyli, bacın, yaxud qardaşın olsa, istəyərsən? Deyirdim ki, əlbəttə. Çox keçmirdi sual verirdim ki, sən onu da mənim kimi öpüb, əzizləyəcəksən? Deyirdi ki, hə. Deyirdim ki, yox, istəmirəm. Kaş valideynlərim bugünkü gündə də yanımda olardılar. Amma bu dünyanın yazılmamış, acı qanunudur. Anamı may ayında itirdim, ili heç çıxmayıb. Atam vəsiyyət etmişdi ki, mən öləndən sonra ağlamayın, məclisimdə geyinib-keçinin. Deməsinlər ki, atası öləndən sonra yaman "düşüb".

- Leylini Xədicə kimi sevən tamaşaçılarınıza bizim vasitəmizlə nə demək istərdiniz?

- Çox sağ olsunlar ki, onlar bu filmi yaddan çıxarmırlar. İstərdim ki, bu filmə baxıb, uşaqlarına tərbiyə aşılasınlar. Hər hansı bir işi görərkən ona sevgi ilə yanaşsınlar. Çünki sevgisiz bu dünyada heç nə mümkün deyil. Tamaşaçılardan bu filmlə bağlı Facebook-da sevgi mesajları alıram. Bəziləri yazırlar ki, heç dəyişilməyib, bəziləri də deyir ki, vay, nə günə düşüb. Müxtəlif fikirlər var (gülür). Allah onlara uzun ömür, can sağlığı versin. Məni unutmadıqları üçün hər bir tamaşaçıma təşəkkürümü bildirirəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.