Mədəniyyət

Azərbaycanlı aktyor: "Məni daha çox yandırırlar"

30 Avqust 2014 14:23
0 Şərh     Baxış: 2 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhməd Cəfərov: Kaskadyorluq düzgün yıxılmaqdan başlayır

Onlarla Azərbaycan filmlərində, həmçinin Rusiya və Türkiyədə aktyor-kaskadyor kimi çalışmış Əhməd Cəfərov çəkildiyi filmlərin sayını unudub. Kino sənətinin dərinliklərinə bələd olan sənətçi özünü kinodan ayrı düşünməyi ağlına belə gətirmir.

TANITIM: Əhməd Cəfərov Bakı şəhərində anadan olub. Uşaq yaşlarından filmlərə dəvət alıb və kinoya olan marağı da məhz uşaqlıq illərinə təsadüf edir. Türkiyədə ərəb-fars dilləri üzrə təhsil alsa da, əsgəri xidmətdən sonra aktyor-kaskadyor kimi fəaliyyətinə davam edib. Artıq 15 ildən çoxdur ki, müəllimi Əli Məmmədovla birgə filmlərdə böyük uğurlara imza atır. Həmin filmlərdən bəzilərini xatırladaq: "Arxada qalmış gələcək" (2005), "Sirat körpüsü" ( 2007), "Əlavə təsir" (2010), "Dronqo" (2002), "Cavad xan" (2009), "Silah" (2008), "Qarabağdır Azərbaycan" (2010), "Sahə" (2010), "Tərsinə çevrilmiş dünya" (2011), "Qaranlıqlar çiçəyi" (serial, 2011), "Muradına çatan Günəş" (2012), "Çaqqal nəfəsi" (2013), "Dolu" (2012), "Həyat varsa" (serial, 2012), "Kabusun kölgəsi" (serial, 2013), "Döngələr" (teleserial, 2012), "İlahi məxluq" (2011), "Qraf Krestovski" (serial, 2008), "Aydın" (teleserial, 2013), "Qisas" (teleserial, 2013) və s.

- Siz həm aktyor kimi filmlərə çəkilir, həm də kaskadyor kimi bu filmlərdə tryuklar nümayiş etdirirsiniz. Bunların öhdəsindən necə gəlirsiniz?

- Həyatda təsadüfi heç bir şey yoxdur. Uşaqlıq illərində ilk dəfə Ənvər Əbluçun quruluş verdiyi "Ağ atlı oğlan" filminin sınağında iştirak etmişəm. Hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş film idi - Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər, məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Fədakarlığa, vətənpərvərliyə çağıran belə bir filmdə əsas qəhrəmanı oynamaq hər məktəbliyə qismət olmur. Sınaqdan uğurlu çıxdım, 5 nəfərin içində mənim ifam üstünlük təşkil etdi, ancaq sonda başqa bir məktəbli həmin filmə çəkildi. Bununla belə, "Ağ atlı oğlan" filminin sınaq çəkilişlərinə qatılmaq məndə kino sənətinə böyük maraq yaratdı və əmin oldum ki, mütləq aktyor olacağam. Orta məktəbi bitirdikdən sonra təhsilimə Türkiyədə ərəb-fars dili üzrə davam etmək istəsəm də, qiyabi təhsil sistemi, deyəsən, bir qədər məni başqa istiqamətə yönəltdi. Öncə əsgərlik, sonra da tale məni kaskadyor Əli Məmmədovla qarşılaşdırdı və beləliklə də o gündən aktyor-kaskadyor kimi fəaliyyətə başladım.

- Əli Məmmədov haqqınızda çox yüksək fikirdədir...

- Əli müəllimdən kaskadyor işinin bütün incəliklərini öyrənmişəm və hələ də öyrənirəm. Əgər müəllimimi işimlə qane edirəmsə, bu məni həm sevindirir, eyni zamanda məsuliyyət yükümü daha da artırır. Əli Məmmədova qədər Azərbaycanda kaskadyor məktəbi yox dərəcəsində olub. SSRİ dövründə "Azərbaycanfilm" kinostudiyasının istehsalı etdiyi filmlərdə kaskadyor işinə ehtiyac olunduğu zaman onları birbaşa Rusiyadan dəvət edirdilər. Məsələn, tryukları ilə məhşur olan Muxtarbəy Kantemirov bizim filmlərin bir neçəsinə dəvət olunub. Bəlkə də əvvəlki dövrlərdə kaskadyor işinə o qədər də ehtiyac olunmadığına görə bizdə kaskadyor məktəbi olmayıb. Məhz 90-cı illərdən sonra, yəni Əli Məmmədovun fəaliyyəti nəticəsində Azərbaycanda kaskadyorlar məktəbi yaranmağa başladı. Doğrudur, hələ də kaskadyor bazası yoxdur, ancaq inanırıq ki, bu da olacaq. Bildiyiniz kimi artıq durğunluq illəri geridə qaldı, artıq filmlər çəkilir, seriallar çəkilir və hazırda sadəcə Azərbaycanda deyil, eyni zamanda bütün dünyada istehsal olunan filmlərdə kaskadyor işi lazımdır və buna görə də bütün dünyada kaskadyor sənəti getdikcə daha da inkişaf edir.

- Kaskadyorluq nə qədər inkişaf etsə də, təhlükəli peşə olaraq qalır. Ötən il məşhur amerikalı kaskadyor Cet Koler Çin dağlarında ölümcül təhlükəli tryuk həyata keçirmişdi...

- Həmin xəbəri mən də oxumuşdum, hətta videosunu da izlədim. Cet Koler helikopterdən tullanaraq paraşütsüz, saatda 160 km sürətlə qayalar arasından dar cığıra düşmüşdü. Kaskadyor məhz bu tryuk üçün xüsusi qanadlı geyimdən istifadə edib. Ancaq bütün bunlara baxmayaraq bu tryuk çox riskli idi. Təsəvvür edin ki, əgər külək bir balaca axını dəyişsə, necə olardı, bu, əlbəttə ki, onun sonu ola bilərdi. Ancaq o etiraf edib ki, enişdən sonra bu ekstremal hərəkəti həyatının ən ciddi sınağı olub, hətta çox həyəcanlandığını və uğura tam əmin olmadığını da deyib. Yəni, kaskadyorluq risk də tələb edir. Qorxu hissi olmamalıdır, əgər qorxu varsa, o zaman heç bir tryuk alına bilməz.

- Əslində, ilk kaskadyor bu işin xatasız olmadığını elə ölümü ilə sübut edib...

- Əgər söhbət tarixdən gedirsə, ötən əsrin ilk illərində -1903-cü ildə səssiz filmlərə təhlükəli elementlər gətirilməyə cəhd olunmuşdu.

- Ancaq kaskadyorluq tarixi kimi 1906-ci il göstərilir...

- İlk cəhd alınmasa da, 1906-ci il uğurlu tarix olaraq yadda qaldı. Məhz həmin ildə təhlükəli tryuklar etməyi bacaranlar diqqət mərkəzində dayanıblar. Bildiyimiz kimi "The Count of Monte Christo" filmində ilk tryuku nümayiş etdirən şəxs sirk artisti olub. Tryuk maraqlı olduğu qədər də təhlükəli idi ki, nəticədə həmin sirk artisti dünyasını dəyişib.

- Kino inkişaf etdikcə kaskadyor işinə maraq və diqqət artdı. Artıq seriallarda belə kaskadyor işinə müraciət edirlər...

- Ümumiyyətlə, kinoda görünən döyüş səhnələri, yüksəklikdən tullanma, maşın çarpışdırma, yanma, bir sözlə, təhlükəli nə varsa, onların hər birini tamaşaçıların üzdən belə tanımadığı və bəlkə heç təsəvvürünə gətirə bilmədiyi, rejissorların tamaşaçılardan gizlətdikləri insanlar - kaskadyorlar görür. Seriallara gəlincə, nəinki seriallarda, hətta ən sadə melodram səhnələrində kaskadyor işinə ehtiyac hiss olunur. Zərbə vurulan bütün səhnələr artıq kaskadyora aiddir. Əslində kaskadyorluq ilk növbədə düzgün yıxılmaqdan başlayır. Yəni, sən elə inandırıcı yıxılmalısan ki, nəticədə hamı inanmalıdır. Bilirsiniz ki, artıq telekanallar da seriallar çəkir və hər seriala mütləq kaskadyorlar da dəvət olunur.

- 15 il ərzində saysız filmlərdə aktyor-kaskadyor kimi çalışdınız. Hər iki sənətin fərqli xüsusiyyətləri var. Hər iki sənət üçün konkret olaraq nə tələb olunur?

- Aktyor inandırıcı oyun nümayiş etdirərək tamaşaçıda xoş təəssürat yaradırsa, kaskadyor da inandırıcı tryukları nümayiş etdirməklə tamaşaçını inandırmağı bacarmalıdır. Tryuklar sadə olmur, sadəcə asan başa gələni və çətin alınanı olur. Kaskadyor qurduğu bütün truklara o qədər ciddi yanaşmalıdır ki, nəticədə həyatını təhlükədən xilas edə bilsin. Etiraf edim ki, kaskadyorun tryuku dəqiq və zədəsiz yerinə yetirməsindən ötrü düzgün fiziki hazırlıq və elastiklik tələb olunur. Aktyor kimi çox sayda olan filmlərdə və seraillarda çəkilmişəm. Doğrudur, əsasən epizod rollarda çəkilmişəm, ancaq mənim üçün bunun elə də bir fərqi yoxdur. Çünki aktyor baş rolda onsuz da diqqət mərkəzində dayanır, istər-istəməz obrazını bəyəndirməyi bacarır. Ancaq aktyor odur ki, epizodik rolu baş rol səviyyəsində oynayaraq onu diqqətdə saxlaya bilsin. Belə hesab edirəm ki, əgər epizodik rolda gördüyümüz aktyorun işi tamaşaçını düşündürməyi bacarırsa, bu elə ən böyük uğurdur.

- Oğru obrazını oynadığınız "Qanun naminə" serialı maraqlı alınmışdı...

- Əslində serial deyil, çoxseriyalı bədii film idi və "Promix Production"ın istehsalı idi. Filmdə 20-ci əsrin əvvəllərində böyük səs-küyə səbəb olmuş və cinayət axtarışı əməkdaşlarının fəaliyyəti nəticəsində üstü açılmış cinayət işlərindən bəhs olunur. Bu baxımdan "Qanun naminə" səhnələşdirilmiş televiziya filmi formatında tamaşaçılara çatdırıldı. Filminin ilk səkkiz seriyası XX əsrin 30-60-cı illərində Azərbaycanda baş vermiş və üstü açılmış cinayət işlərinə həsr olundu. Qeyd edim ki, Xanlar Ağayevin quruluş verdiyi filmin çəkilişində sənədli xronikadan, arxiv materiallarından, tarixi sənədlərdən istifadə olundu ki, nəticədə də tamaşaçı məhz film vasitəsilə sözügedən dövrün cinayət işi hadisələri ilə tanış oldu, eyni zamanda hadisələrin baş verdiyi dövrlə müasir dövrü müqayisə etmək imkanı qazandı. Filmdə oynadığım oğru rolu demək olar ki, əsas qəhrəmanlardan biri idi.

- Hansı janrda çəkilən filmlərə üstünlük verirsiniz?

- Şəxsən mənim üçün bir fərqi yoxdur. Doğrudur, tarixi janrda çəkilən filmlərin məsuliyyət yükü daha ağırdı, ancaq düşünürəm ki, əgər aktyor və ya elə kaskadyor öz işini sevirsə, o zaman onun üçün janrın bir önəmi yoxdur və bütün janrlarda çəkilən filmlərdə bacarığını nümayiş etdirəcək.

- Sizin tryuklar içində yüksəklikdən tullanma, pəncərədən tullanaraq şüşəni qırma səhnələrinə baxdım, çox təhlükəlidir...

- Bütün tryuklar təhlükəlidir. Ancaq Əli Məmmədov məni daha çox yanma tryuklarına göndərir.

- Niyə məhz yanma tryukları?

- Görünür, yanma tryuklarında mənə daha çox inanır, görünür, yanma səhnələrini həddindən artıq inandırıcı oynayıram və s. Hər halda ustadın bir bildiyi var. Ümumiyyətlə, dünya ölkələrində hər tryukun öz kaskadyorları var və bu o deməkdir ki, konkret kaskadyor, tutaq ki, yanma səhnəsində, yüksəklikdən tullanmada, maşın aşırtmaqda və s. tryuklarda daha inandırıcıdır. Ancaq bizdə vəziyyət başqadır. Kaskadyorluq edən bütün tryuklarda bacarıq nümayiş etdirməlidir. Maşın aşırtma, yanma tryukları bunların ən çətinidir.

- Kaskadyorluq etmək birbaşa ölümlə oynamaqdır, hər an hər şey ola bilər. Yəqin ki, çəkilişlərə dəvət aldığınız zaman mütləq bu barədə müqavilə imzalayırsınız?

- Bu mütləqdir. Hətta əcnəbi ölkələrdə çəkilişdən əvvəl kaskadyorun həyatı sığorta edilir. Məsələn, İran filmində gəmi partlatma səhnəsində çəkilmişik, partlayışdan sonra suya düşürük, Rusiyada dəvət aldığımız "Silah" filmində aktyor-kaskadyor kimi çətin tryuklar göstərdim və çəkilişdən öncə sığortalandıq. Çox təəssüf ki, bizdə kaskadyorun həyatı üçün sığorta yoxdur.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.