Mədəniyyət

Yetim Eyvaz: "Bölgələrdə icra hakimlərinin, tanınmış vəkillərin, hakimlərin..."

30 İyul 2014 18:19
4 Şərh     Baxış: 9 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Qalaltında özünə ev tikən şair: "Bu adı mənə elə anam qoyub"

Yetim Eyvaz imzası ilə tanıdığımız şair-qəzəlxan nə Yazıçılar Birliyinin, nə də ona alternativ hansısa qurumun üzvüdür. Onu ya toy məclisində, ya da "Yutub"-dakı kliplərdən tanıyanların çox az qismi bilir ki, Yetim Eyvazın artıq bir kitabı da çıxıb.

Milli.Az bildirir ki, modern.az-a danışan şair özü bu və bir sıra başqa mətləblərdən danışıb:

- Şeir yazmağa 15 yaşımdan başlamışam. İlk şeirimi yazanda 9-cu sinifdə oxuyurdum. Anam haqqında yazmışdım. Anama həsr etmişdim.

- Deyirsiniz ki, ilk şeirinizi ananıza həsr etmisiniz. Amma özünüzə Yetim Eyvaz deyirsiniz. Ananız incimir bu təxəllüsdən?

- Qətiyyən. Bəlkə də, bu adı mənə anam özü verib. Kənddə bir az söz-söhbət olan kimi, anam rəhmətlik çıxıb uşaqlardan soruşardı ki, a bala, mənim yetimimi görən olmayıb? Elə o vaxtanda adım qaldı Yetim Eyvaz.

- O zaman atanızı kiçik yaşlarınızda itirmisiniz?

- Bəli, 12 yaşım olanda atam vəfat etdi. Biz 6 uşaq olmuşuq, hamımızı anamız böyüdüb.

- İlk şeiriniz harada dərc olunub?

- "Azərbaycan" qəzetində. Daha sonra "Yaz yağışı" kitabım çap olundu. Mən daha çox disklərlə tanınıram.

- Kitabınıza görə, sizə qonorar verilmişdi?

- Yox. Çünki həmin qonorara ehtiyacım olmadı. Özüm istəmədim.

- Kitabınızı satışa çıxardınız?

- Kitablarımı ailəmə, dostlarıma payladım. Qalan kitabları da Rusiyaya və digər ölkələrə daşıyıb apardılar.

- Şeir yazmaq istedadı sizdə hardandır?

- Nəsildən gəlmədir. İki bacımın oğlu, dayımın nəvələri var ki, onlar şeir yazır və meyxana deyirlər. O uşaqlardan biri davam etdirir, amma digəri artıq sənətdən əl-ayağını çəkib.

- Siz özünüzü xalq şairi, yoxsa həvəskar şair hesab edirsiniz?

- Mən xalq şairi olmaq üçün utanaram Məmməd Arazdan, utanaram Bəxtiyar Vahabzadədən, utanaram Ramiz Rövşəndən. Bizik də, hələ də yazırıq yavaş-yavaş. Allah axırını xeyir eləsin. Görək hara qədər gedəcək.

- Özünüzə örnək götürdüyünüz Azərbaycan şairi kim olub?

- Mənim üçün örnək Məmməd Araz rəhmətlik olub. Bir də hazırda Ramiz Rövşən.

- Məmməd Arazdan ən çox sevdiyiniz şeir hansıdır?

- Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

- Bəs Ramiz Rövşənin?

- Bütün şeirlərini sevə-sevə oxuyuram.

- Bəs sizi Azərbaycan xalqı hansı şeirlə tanıdı?

- "Yaz Yağışı" şeiri ilə...

- Bu şeiri kimə həsr etmişdiniz?

- Bu, başıma gələn hadisə olub. Düz 40 il bundan qabaq. 1975-ci ildə. Nakam sevgimin nəticəsidir bu şeir. Qalaaltında oturduğumuz palıd ağacının altında yağış başladı. Onda bu şeiri yazdım. Bu hadisədən 30 il sonra yanıma dostum gəldi. Yenə yağış başladı. Dostum həyat yoldaşına dedi ki, dur keçək içəri islanırıq. Mən də bu şeiri onlar üçün dedim ki, qalsın yadigar.

- Bir çox ölkələrdə toylarda olursunuz. Hansı tanınmış şəxslərin toyunda olmusunuz?

- Rusiyada olan azərbaycanlılar var ki, adlarını çəkmək istəmirəm. Bölgələrdə icra hakimlərinin, tanınmış vəkillərin, hakimlərin övladlarının toyunda olmuşam. Azərbaycanda kasıb təbəqədən tutmuş varlı təbəqəyə qədər bir çoxlarının toy məclislərində iştirak etmişəm.

- Sizi heç toydan qovublar?

- Birincisi, məni toydan qova bilməzlər (gülür). İkincisi, yalvarıb aparırlar toya niyə qovsunlar?

- Siz həm də meyxana deyirsiniz? Azərbaycanda dostunuz olan və ya sizi sevməyən meyxanaçılar var?

- Məndən xoşu gəlməyənləri deyə bilmərəm. Amma özümün xoşum gəldiyi meyxanaçılar çoxdur. Dağlı Rəşadımız var, Bülbülə Pərvizimiz var, Ağamirzə. Onlar hamısı mənim qardaşlarımdır.

- Hazırda harada yaşayırsınız?

- Qalaaltında oturmuşam. Torpaq sahəsi almışam, ev tikməklə məşğulam.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.