Mədəniyyət

Külək oyadan Yel çərşənbəsi

8 Mart 2014 09:20
0 Şərh     Baxış: 6 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Novruza hazırlıq mərhələsinin mühüm hissəsini təşkil edən İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.

Erkən etiqadlara görə, çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.

Mifoloji təsəvvürlərə görə, "qara nəhrdə yatmış 4 cür külək" əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir.

Külək Yel çərşənbəsində ağacların budaqlarını yellədərək onları qış yuxusundan ayıldır, tumurcuqlarını açır, buludları qovaraq bir-birinə toqquşdurub ilıq yaz yağışlarını yağdırır. Onu da qeyd edək ki, küləyin libasları ilə xarakteri arasında da oxşarlıq vardır. Burada rənglərin mifik mənaları xüsusilə önəmlidir. Azərbaycan mifologiyasına görə, Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda xarakterizə edilir.

Erkən dövlərdə küləyi öz istəklərinə uyğun yönəltməkdən ötrü müəyyən mərasimlər keçirməyi və şərəfinə nəğmələr oxumağı lazım bilmişlər. Küləyə belə münasibət yalnız bizim əcdadlarımıza deyil, demək olar ki, bütün dünya xalqlarına aiddir. Məsələn, yəhudi mifik düşüncəsində əsas tanrı olan Yəhva və ya Elohim məhz küləyə çevrilərək bir anda dünyanı dolaşır. Yunan mifologiyasına görə Odissey külək Allahı Eol mis divarla əhatə olunmuş, sahillərində sıldırım qayalar ucalan bir adada ailəsi ilə birgə yaşayır. Odissey öz yoldaşları ilə Eolun adasında bir ay qonaq qalır, ondan böyük hörmət görür, Odissey ona öz macəralarından danışır, nəhayət, Odissey ondan evə qayıtmaq üçün icazə istəyir. Eol razılaşır və Odisseyə ağzı gümüşü kəndirlə büzülmüş böyük bir tuluq verir. O, Qərb küləyi olan Zefiri azad buraxaraq digər 3 küləyi həmin tuluğun içində həbs etmişdi. Zefir Odisseyin gəmisini evinə doğru istiqamətləndirməli idi. Lakin ölkəsinə çata-çatda Allahlar Odisseyi yuxuya verir, yoldaşları isə tuluğun içində qızıl-gümüş, ləl-cavahirat olduğunu düşünərək açırlar. Bunun nəticəsində dənizdə tufan qalxır və gəmini yenidən Eolun adasına doğru aparır.

Odissey Eoldan bir daha kömək göstərməyini xahiş edir, lakin Eol qəzəblənərək cavab verir ki, Allahların nifrət və təqib etdiyi bir şəxsə yardım göstərməyəcək. O, Odisseyi qovur. Qeyd etməliyik ki, yunan mifologiyasında 4 cür külək vardır: Birincisi Qərb küləyi Zefirdir. Onun atası Titan Astreydir ("Ulduzlu Səma"), anası isə səhər şəfəqi ilahəsi Eosdur.

İkincisi Şimal küləyi olan Boreydir. O, qanadlı, uzun saçlı, saqqallı təsvir edilir. Məskəni zülmət və soyuğun hökm sürdüyü Trakiyadır. Çox vaxt ayğır-erkək at şəklində təsəvvür olunur. Üçüncüsü III Cənub küləyi Notdur. O da saqqallı və qanadlıdır. Zefir, Borey və Not qardaşdırlar, hamısı Eola tabedir. Dördüncüsü, Cənub-Şərq küləyi Evrdir, onun mənşəyi məlum deyil və antropomorfik özəllikləri yoxdur.

Yel-külək həm də Tanrı səviyyəsində təzahür olunmuşdur. Dini mənbələr və səma kitablarında Yel dünyanı idarə edən tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən bir antropomorf kimi təsəvvür edilir. Məsələn, Məhəmməd peyğəmbər əleyhissəlam buyurub ki, külək Allahın qullarına bir nemətidir. Bəzən insanlara rahatlıq, bəzən də əzab gətirir. Külək olduğu zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindəndir.

Quranın "Əhqaf" ("Qumsal təpələr") surəsinin 24-cü ayəsində küləyin dağıdıcı gücü ilə bağlı bir əhvalata işarə edilir:

"Bir zamanlar Allaha şərik qoşan Ad qövmünün yanına Allah Hud peyğəmbəri göndərir ki, onları düz yola gətirsin, lakin bu alınmayanda Allah Ad qövmünün üzərinə "sarsar" deyilən məhvedici bir rüzgar göndərir, 7 gecə və 8 gün davam edən bu soyuq qasırğa həmin tayfanı Yer üzündən silir".

İslam dinində 4 böyük mələkdən biri Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etmək Allah tərəfindən buyrulmuşdur.

Beləliklə, dini və mifoloji mənbələrdəki fikirlərdən sonra elmin bu sahədəki mövqeyini öyrənmək də maraqlıdır. Külək havanın üfüqi istiqamətdə hərəkətinə deyilir. Əgər külək olmasaydı, isti ərazilər həmişə isti, soyuq ərazilər isə hər zaman soyuq olardi, yəni hava hərəkət etməzdi. Qeyd etməliyik ki, elmdə daimi, mövsümi və hakim küləklər anlayışları mövcuddur. Şimal-Cənub, Şərq-Qərb deyə cəhətlərin adı ilə adlandırılan küləklərin yerli adları var. Ağ yel - qara yel, xəzri, gilavar. Burada rənglərin öz semantik xarakteri vardır. Dilimizdə külək anlayışını ifadə edən sözlər var, lakin kiçik məna çalarları ilə bir-birindən seçilir. Məsələn, Səmum - səhralarda əsən çox şiddətli isti və quru küləkdir. Nəsim - yüngül mehdir. Səba - şimal - şərqdən əsən yüngül və xəfif mehdir. Rüzgar, boğanaq və s. kəlmələr də külək anlayışlarını ifadə edir.

Klassik ədəbiyyatımızda badi-səba bir obraza çevrilib konkret funksiya daşımışdır. Məlumdur ki, sevgililərin bir-biri ilə görüşüb danışması müşkül məsələ idi. Odur ki, şairlərimiz öz şeirlərində gənclərin bir-birinə sözünü, etirafını çatdırmaq vəzifəsini Badi-Səba (səhər küləyi) üzərinə qoymuşdular.

Dini rəvayətə görə, Yel-Hava Allahın insan yaradarkən onun cisminə üfürdüyü nəfəsini - insanın ruhunu təcəssüm etdirir. Əcdadlarimizin təsəvvüründə ruh-can insan bədənini quş cildində tərk edir, Hava - səma can quşlarının "Ata-baba" ruhlarının əbədi məskənidir. Nağıl və dastanlarımızda da ruh-can göyərçin şəklində təsvir edilir. Təsadüfi deyil ki, el-oba içində göyərçin toxunulmaz və müqəddəs sayılır, onu öldürmək böyük günahdır, əti isə yasaq olunmuşdur.

Yel çərşənbəsində quş saxlayanlar qışdan sonra ilk dəfə qısa müddətə də olsa, göyərçinləri havaya buraxardılar. Adətən Yel çərşənbəsində bazarlarda qəfəslərdə çöldən ovlanmış quşlar satılardı, günahlarını yumaq, savab qazanmaq istəyənlər həmin quşları satın alıb qəfəsdən açıb buraxardılar. Bu zaman deyərdilər: "Azad - bezat, məni cənnətdə gözət".

Bundan başqa, gözlə görünməyən küləyin varlığını bizə hiss etdirən vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb dam və ya təpələrin başından uçurmuşlar. Bu çərpələnglərin üzərinə tanrıya şikayət məktubu və ya xahişnamələr yerləşdirənlər də tapılardı. Bəzən hər məhəllə yığışıb darvaza boyda çərpələng hazırlayardı. Hərdən səmada ipləri bir-birinə dolaşmış çərpələnglərin sanki savaşı baş verirdi. Əhali böyük maraqla bunu seyr edirdi.

Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq məqsədilə də çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında basdırılmış insan boyunda dirəyə çərpələng asar, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azacıq da olsa hərəkətə gətirməyə çalışıb oxuyardılar:

Yel babam, yelli babam,
Elim, obam batdı, gəl
Çərpələngim yatdı, gəl.

Bu zaman kiçik oğlan uşaqları tütək, sümsü kimi nəfəs alətlərini üfürərək səsləndirməklə yeli oyatmağa cəhd göstərərdilər.

İnsanlar yel dəyirmanlarının pərlərini əlvan parça, gümüşü kağız zolaqları, güzgü qırıqları ilə bəzəyib hərlədərək çərşənbə günündə onun ətrafında çalıb oynayardılar.

Məlumdur ki, dənizkənarı ərazilərdə yaşayanlar yelkənli qayıqlarla gəzintiyə çıxardılar.

Yel çərşənbəsində icra olunan mərasimlərdən biri də "Küfdibidir". Küfdibi - özünü küləyə vermək, yellənmək deməkdir. Burada əsasən gənclər iştirak edərdilər, yaşlı meyvə ağacından yelləncək asıb onu yaşıl bitkilərin yarpaqları, gül-çiçək və rəngli qaytanlarla bəzəyərdilər. İştirakçılar bir-bir, iki-iki yelləncəkdə yellənir, deyişmə və bayatı şəklində oxuyardılar. Yelləncəkdə yellənən qızın ayağına çubuqla asta-asta vurub deyərdilər:

Örpəyi çəhrayı qız,
Saçları xurmayı qız,
Gözləri sürməli qız,
Yaylığı yellənən qız,
Bura qonaq gələn qız,
Adaxlının adın de.
Ha yellənə-yellənə,
Adaxlının adın de!

Mərasimə görə, yelləncəkdəki qızdan cavab almayınca onu yellədirlər, qız cavab verdikdən sonra onu düşürüb bir başqasını mindirərdilər. Əvvəllər yelləncəyə yalnız qızlar qalxardı, onlara tamaşa etmək yasaq idi. Sonralar yelləncəyə növbə ilə gah qızlar, gah da oğlanlar bir-bir, yaxud cüt-cüt qalxardılar. Daha sonra onlar birlikdə yellənməyə başlardılar. Bu mərasim vaxtilə cavanların bir-birini görüb tanış olmaları üçün bir vasitə idi.

Küfdibi mərasimi yazda qanın qaynaması ilə əlaqədar bir çox canlı məxluqların cütləşməsi, nəsil artırması məqsədi daşıyırdı.

Məlumdur ki, küləyin bitkiləri tozlandırmaq, yəni mayalandırıb məhsul, bar verməsini təmin etmək kimi mühüm xüsusiyyəti də var.

Rəvayətə görə, Yel çərşənbəsində Yer üzünə təşrif gətirmiş müqəddəs Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzunömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir.

Etiqada görə, cənnət meyvəsi sayılan alma dünyaya nə qədər çox yayılarsa, insanlar arasında məhəbbət, xoş münasibətlər o qədər geniş vüsət alar. Əbəs yerə deyildir ki, folklorda nağıl və dastanlarda övlad həsrəti çəkən yaşı keçmiş cütlüklər Xızırın və ya dərvişin verdiyi qırmızı almanı yeməklə arzularına çatır, odur ki, çərşənbə axşamları cavanlar qırmızı almalardan yeyib on ədəd toxumunu yastıqlarının altına qoyurlar. Deyilənə görə, bu yolla gələcək qismətlərini görmək mümkündür.

Yel və yel çərşənbəsi ilə bağlı xalq arasında erkən dövrlərdən küləyin əhəmiyyətini əks etdirən bəzi folklor nümunələrinə diqqət yetirək:

YEL NƏĞMƏLƏRİ
Yelli babam, yel babam,
Yelli babam, Yel babam,
Telli babam, tel babam...

Elim, günüm batdı gəl,
Çərpələngim yatdı gəl,
Təknədə qaldı aşım,
Yatdı dəyirman daşım.

A YEL BABA,
GƏL BABA
A yel baba, yel baba

Qurban sənə, gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı,
A yel baba, yel baba,
Qurban sənə, gəl, baba.

BAYATILAR

Dağ başında yel əsər,
Düşər üzə, tel əsər.
Doğru söz tez kar eylər,
Qılıncdan iti kəsər.

***

Qara yel əsdi, keçdi,
Səbrimi kəsdi, keçdi,
Vətəndən gələn durna
Yaman tələsdi, keçdi.

İNANCLAR

lYel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər.

lXırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.

lYeli əsdirəni söyməzlər

lYel dağına ziyarət edərlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirərlər, qurban kəsərlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.

ATALAR DEYİB Kİ...

Yel havalanıb keçər.
Yel aparan yelinki,
Yerdə qalan mənimki.
Yel əsməyincə yarpaq titrəməz,
Yel vurur, çalır,
Yengələr oynayır.

Yel əsəndə yellənər,
Yel görəndə yollanar.
Yelnən gələn, selnən gedər.
Selnən gələn, gilnən gedər.
Yel əsib qoz tökülüb.

Yelə dedilər: "Əsmə!"
Dedi - "Kələyimi kəsmə".
Yel apardığını qaytarmaz.
Yellə dost olan yellənə-yellənə qalar.
Külək kimi hərdən bir yana əsmə.

YEL BABA MƏRASİMİ


Xırmanda dəni samandan ayırmaq vaxtı gələndə camaat Yel babanı çağırıb deyir:

- Yel baba, Ağ atına arpa-saman apar!

Bəzi yerlərdə ona nəğmə ilə də müraciət edirlər:

A Yel baba, yel baba.
Tez gəl baba, gəl baba,
Sovur bizim xırmanı,
Atına ver samanı!
Dən yığılıb dağ olsun,
Yel babamız sağ olsun.

Əcdadlarımızın inamına görə, bu çağırışdan sonra yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə adamlara qalardı.

Xırman sovrulub, taxıl döyülüb qurtarandan sonra oxuyardılar:

Xırmanda şana qaldı,
Yel əsdi, şana qaldı.
Xırmana bir qız gəldi,
Saçı nişana qaldı.

"Fatı qarının öfkəni" adlı mif mətninə nəzər salaq: Deyirlər, bir gün Fatı qarı 7 rəngli ip əyirmişdi. Hərəsini bir dolaba bağlayıb diznin altına yığmışdı. Axırıncı dolab birdən Fatı qarının dizinin altından qaçır, diyirlənib düşür irağa. Qarı nənə qəzəblənir:

- Azarım, bezarım dəymiş yel baba genə hardan gəlib çıxdı, - deyə deyinməyə başlayır. O ki var, yel babanı qarğayır, söyür.

Bunu eşidən yel baba gəlib Fatı qarının dolablarını daha möhkəm diyirlətməyə başlayır. Fatı qarı da söyüşü yeddimərtəbə edir.

Yel baba Fatı qarını ipləri ilə birlikdə qanadına alır, aparır salır üfüqə. Fatı qarı nə qədər yalvarır-yaxarır, yel baba onu yerə endirmir.

Hər dəfə yağış yağandan sonra Fatı qarının 7 rəngli qurşağı göydə parıldayır. Fatı qarı belindən ox-yayını açıb yel babanı vurmaq istəyir. Ancaq qarı yayın ağzını düz tuta bilmir. Gah aşağı tutur, gah da yuxarı. Yel baba da gülə-gülə qaçıb Fatı qarının dolablarını göyün 7 qatına dolayır.

Onu da deyirlər ki, Fatı yayının ağzını göyə tutanda bolluq olur, yerə tutanda qıtlıq.

Göründüyü kimi, xalqın erkən mifik görüşlərinin, təfəkkürünün, düşüncəsinin önəmli səhifəlirini aydın şəkildə təsdiqləyən çoxlu sayda folklor mətnləri vardır ki, onlar həm bu gün, həm də gələcək nəsillərin folklor qaynaqlarından bəhrələnməsi üçün zərurət yaradır.

Ülkər NƏBİYEVA - Bakı Dövlət Universitetinin dosenti
"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.