Mədəniyyət

"Kişi sözü" filminə müasir baxış

20 Dekabr 2012 15:49
0 Şərh     Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Mal-qaranın qeydinə qalmaq savab işdir", "Mən Nəbinin dediyinə əməl elədim. Kişi kimi. İndi söz Nəbinindi", "İndi siz mağazada işləyən qızınızı mənim qardaşım oğlu doktor Qasıma vermək  istəmirsiz?", "Mən gəlmişəm, şəhadətnamə də gətirmişəm - diplom", "Nə qəşəngləşmisən, ay Qasım, lap kişiləşmisən, əynin-başın da düzəlib", "Azar-bezar gələndə nə feldşerə baxır, nə doktora", "Bir inəyin dozasını sənin yumşaq yerinə vursam, əzələlərin şişməyinə kömək edər", "Başa düşmək üçün gərək adamda baş olsun, Niyaz bəy", "Diqqət, yaxşı baxın, indi məni göstərəcəklər", "Tərslikdə dədəmizə oxşayıb, elə bil fırt eləyib burnundan düşüb", "Sənə qarşı məhəbbətimi bu qəbirstanlıqda dəfn edib gedirəm"...
1
Bu sitatları oxuyandan sonra söhbətin hansı filmdən getdiyini deməyə ehtiyac qalmır yəqin ki. "Gündəlik Teleqraf"ın "Kadrarxası" rubrikasında bu dəfə Azərbaycan tamaşaçısının sevdiyi filmlərdən olan "Kişi sözü"nün kadr arxası məqamlarından söhbət açacağıq.

Qısa arayış: "Kişi sözü" musiqili lirik kinokomediya 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi İsi Məlikzadə, quruluşçu rejissoru Cahangir Mehdiyev, quruluşçu operatorları Eduard Qalakçiyev, Fikrət Əsgərov, quruluşçu rəssamı Fikrət Əhədov, bəstəkarı Vasif Adıgözəlovdur. Filmdə səslənən mahnıların mətni Ramiz Rövşənə məxsusdur. Rollarda Əjdər Həmidov (Qasım), Muxtar Avşarov (Ələmdar), Cəvahir Bayramova  (Nübar), Tələt Rəhmanov (Bayandur), Əfrasiyab Məmmədov (Nəbi), Cahangir Mehdiyev (Niyaz), Sənubər İsgəndərli (Solmaz), Leyla Bədirbəyli (Xavər), İradə Həsənova  (Ağca), Lətifə Əliyeva (Qəndab), Kəmalə Hüseynova (Tovuz), Nazim Ağayev (Atayev), Nizami İsmayılov (Rejissor), Rəhman Rəhmanov (Operator) və başqaları çəkilib.

Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab axtarır. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur.

Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...

"Pavilyon çəkilişlərindən imtina etdik"

"Evlənmək istəyirəm" filmindən 4 il sonra Cahangir Mehdiyev "Kişi sözü" filminə quruluş verir. Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq, 10 aya hazır olur. Rejissor deyir ki, o vaxt komediya janrında olan filmlərin çəkilişlərinə il yarım vaxt ayrılırdı: "Çünki komediya janrı ən çətin janrlardan sayılırdı. Amma mən Moskva Kinematoqrafiya İnstitutunda bu sənətin sirlərini öyrənmişdim, Daneliya məktəbi keçmişdim. Məhz bunun sayəsində çəkilişlər vaxtından tez başa çatdı. Ümumiyyətlə, çox nadir hallarda o sürətlə film çəkirlər. Məncə, keyfiyyətli film alındı".

Çəkilişlər Şamaxı (qoyunların göl kənarında otarılan kadrları), Çuxuryurd kəndində (qəbirstanlıq səhnəsi) və Bakıda, köhnə Əhmədlidə aparılır. Pavilyon çəkilişləri isə olmur: "Mən də, quruluşçu rəssam da, operator da qərara gəldik ki, interyer daha maraqlı olar. Həm də pavilyonda teatr elementləri hiss olunduğundan imtina etdik. Elə məkanlar tapdıq ki, hamısı bir-birilə bağlıydı, sanki eyni yerlərdi".

Bir filmə beş eskiz...

Rejissorun sözlərinə görə, quruluşçu rəssam Fikrət Əhədov "Kişi sözü" filminə beş eskiz hazırlayıbmış: "Əsasən, kənd lövhələrini əks etdirən bu eskizlər peyzaj xarakteri daşıyırdı. Həmin işlərdə işıq qammaları parlaq, qırmızı, qəhvəyidir. Bu rənglər bəzi eskizlərdə hadisələrin gərginliyini daha da qüvvətləndirməyə xidmət edir. Başqa bir eskizdə axşamüstü kənd mənzərəsi görünür. Rəssam hansısa kənddə seçdiyi naturanı təsvir etmiş, lakin bu naturada filmdəki məkanla bağlı əlavə tikintini göstərmişdi. Digər tərəfdən də kənd uşaqlarının qoçla oynamaları əsərdə xoş ovqat yaratmışdı".

"Çəkilişlərdən estetik zövq aldım"

Kənd uşaqlarından söz düşmüşkən, filmdə nağara çalan uşaqlar Çingiz Mehdiyevin nağara ansamblının üzvləridir: "O uşaqlardan çox xoşum gəlirdi. Onları dəvət etdik. Həm aktyor kimi çəkildilər, həm də nağara çaldılar. Bundan başqa kəndin uşaqlarını da filmə çəkdik. Tez-tez Qasımın yanında olan uşaq isə mənim oğlum Elnurdur. Onda Elnurun 8-9 yaşı vardı. Bu film onun debütü oldu.

İllər sonra "Hacı Qara" filminə də çəkildi. Hazırda isə sənətimi davam etdirir, rejissordur. "Kişi sözü" filmində o uşaq Qasımın gələcək prototipi kimi verilib. Filmin sonunda Əjdərin papağı başında şeypur çalır. Yəni, yaxşı obrazların, insanların davamçısı olur. Ümumiyyətlə, bu film Əjdər Həmidovun, Sənubər İsgəndərlinin, eləcə də epizodlarda çəkilən bir neçə aktyorun filmdə ilk işi idi. Bütün aktyorlarla işləmək maraqlı idi. Estetik zövq aldım".

C.Mehdiyevin sözlərinə görə, fermada aparılan çəkilişlər zamanı da elə bir çətinlik yaşanmayıb. İnəklər necə deyərlər, "kişi kimi rejissorun sözünə baxır". Lazım olan kadrda heyvanlardan rahatlıqla istifadə edirlər. Hətta inəklərin içindən iri buynuzlu birini seçib Qasımın "diqqət, indi məni göstərəcəklər" dediyi səhnədə iri planda çəkirlər.      

Rafael Dadaşovun əvəzinə özü çəkilir

O ki qaldı rejissorun filmdə idmançı Niyaz roluna çəkilməsinə, bu, onun müəlliminin təşəbbüsü idi. Belə ki, film təsdiq olunandan sonra rejissor Cahangir Mehdiyev  məsləhətləşmək üçün Moskvaya müəllimi, "Mosfilm"də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın ("Mimino" filminin rejissoru) yanına üz tutur. Daneliya ssenari ilə tanış olur, məmnun qalır və tələbəsinin fikirlərini də qəbul edir.

Söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır. Rejissor da həmin rola uyğun olan aktyordan danışır. Lakin müəllimi etiraz edir və məsləhət görür ki, idmançı Niyaz roluna elə o özü çəkilsin. Axı Cahangir Mehdiyev həm də peşəkar idmançı idi. Əslində o, Niyaz rolu üçün Rafael Dadaşovu nəzərdə tutmuşdu, lakin onunla sınaq çəkilişləri hələ aparılmamışdı. Elə ki, müəllimi ona şəxsən özünün ifasını təklif edir, rejissor əvvəl bir az tərəddüd keçirsə də, sonradan razı olur və Niyaz roluna çəkilir.

Cahangir Mehdiyev bu filmin ardını çəkmək arzusu olduğunu da dilə gətirir: "İdeya var, ssenari var, aktyorlar sağdı. Mən də o janrda film çəkən yeganə sağ rejissoram. Amma təəssüf ki, heç kim bu filmin ardını çəkməyə maliyyə ayırmır. Mən özüm isə heç kimin qapısını döymək fikrində deyiləm..."  

"Həqiqətən, çaya yıxıldıq"

"Kişi sözü" aktyor Əjdər Həmidovun kinoda ilk işidir. Bu film və orda yaratdığı Qasım obrazı Əjdər İbrahimovun kinoda vizit kartına çevrilir. Ondan sonra 21 filmə çəkilir. "Kişi sözü"nə necə dəvət alması barədə isə özü danışır: "O vaxt mən Sumqayıt teatrında işləyirdim. Bir gün "Azdrama"ya Mərahim Fərzəlibəyovla görüşə getmişdim. Teatrın qarşısında dayanıb onu gözləyirdim. Gördüm tanımadığım bir adam o yan-bu yana keçib mənə baxır. İstər-istəməz əsəbiləşməyə başladım. O da gördü ki, hirslənirəm, gülümsəyib yaxınlaşdı mənə. Dedi sizi filmə çəkmək istəyirəm, kinostudiyaya gələrsiz. Dəvəti qəbul etdim və sınaq çəkilişlərinə getdim. Qasım roluna sınağa gələn aktyorlar çox idi. Amma sınaqdan mən keçdim və Qasım roluna çəkildim".

Aktyor filmin son kadrının çəkilişini yada salır: "Sonda Qasımla Tovuz çayın üzərindəki taxtada üzürlər. Qasım ud çalır. Tovuzun da qucağında həmişəki kimi, quzusu. Əl sallayanda yıxılırlar çaya. Əslində, bu ssenaridə yox idi. Onsuz da çox ehtiyatla üzürdük. Amma elə oldu ki, həqiqətən də, çaya yıxıldıq. Rejissor isə çəkilişi saxlamadı. Və o səhnə elə o cür də filmə daxil olundu. Məncə, olduqca təbii alınıb".       

Film aktrisa Sənubər İsgəndərlinin də kinoda ilk işidir. O zaman aktrisa hələ ikinci kurs tələbəsiydi: "Çəkiliş qrupu film üçün lazım olan gənc aktrisaları seçmək üçün İncəsənət İnstitutuna gəlmişdilər və tələbələri nəzərdən keçirirdilər. Mən də o tələbələr arasındaydım. Cahangir Mehdiyev məni görüb həmin rola dəvət etdi. Sınaq çəkilişlərinə gəldim və Solmaz roluna təsdiq olundum. Beləcə, ilk dəfə hələ ikinci kurs tələbəsi ikən baş rolun məsuliyyətini duydum".

"Ayağım palçığa batdı, sürüşüb yıxıldım"

Əməkdar artist Lətifə Əliyeva deyir ki, o, əslində Ağca rolunu çox bəyənir və o obraza çəkilmək istəyirdi. Lakin ona Ağcanı yox, sağıcı Qəndab xala rolunu verirlər. Bu da onun ürəyincə olmur: "Ssenaridə Qəndab obrazına geniş yer verilmişdi. İnək sağan yerləri, sözləri filmdə göründüyündən xeyli çox idi. Bilmirəm nədənsə rol ixtisar olundu və nəticə bu cür alındı. Bu da təbii ki, rejissorun istəyindən irəli gəlirdi. Amma mən filmə sevə-sevə çəkildim. Etiraz da etmədim. Çünki Cahangiri çox istəyirdim, o, professional rejissordur, işinin ustasıdır. Belə istəyirsə, belə də olmalıdır".

L.Əliyeva filmdə yağışın altında maşın gözlədikləri səhnənin çəkilişini xatırlayır: "Çəkilişlər Şamaxıda aparılırdı. Onda ora yağış da çox yağırdı. Amma çəkiliş vaxtı yağış yağmadı, süni yağış yağdırdılar. Buna baxmayaraq, həmin səhnənin çəkilişi o qədər də çətin alınmadı. Çəkiliş qrupu əvvəldən hər-şeyi düzüb qoşduğundan çəkiliş rahat keçdi və səhnə 2-3 dubla çəkildi. Ancaq çəkilişdən sonra mənim başıma iş gəldi. Rejissor həmin səhnədə dediyim sözləri, səsimi yazmaq üçün məni yanına çağırdı. Mənim də ayağım palçığa batdı, sürüşüb yıxıldım. Onda yalandan dedim ki, ayağım ağrımır, əzilmədim. Amma əslində ayağım zədələnmişdi, özü də bir neçə gün xeyli ağrıdı".

Teleqraf.com
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.