Mədəniyyət

Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)

5 Noyabr 2026 22:44
Baxış: 35
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

8 Noyabr - Azərbaycanın Zəfər Günü ərəfəsində Parisdə məşhur azərbaycanlı və avropalı ifaçıları bir araya gətirən "Şərəfin əks-sədası" (Les Échos de l'honneur) adlı möhtəşəm musiqi gecəsi keçirilib.

Konsert Parisin əfsanəvi Bobino konsert zalında təşkil olunub. Tədbirin təşkilatçıları Azərbaycanın Fransadakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyası (Association Dialogue France-Azerbaijan, ADFA) olub.

"Parisın əfsanəvi səhnələrindən birində, Azərbaycanın Zəfər Günü kimi əlamətdar hadisə ərəfəsində klassik sənətimizi təqdim etmək bizim üçün böyük şərəf idi. Belə gecələr xüsusilə dəyərlidir, çünki musiqi vasitəsilə dünyaya ölkəmiz, onun tarixi, mədəniyyəti və mənəvi zənginliyi haqqında danışırıq. Tamaşaçıların ifaçılarımızı belə səmimi qarşılamasına çox sevindim. Zal tam dolu idi və konsert böyük uğurla keçdi", - deyə tədbirin iştirakçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva Trend-ə müsahibəsində bildirib.

Bobino Fransa paytaxtının ən tanınmış konsert zallarından biridir. Müxtəlif illərdə bu səhnədə Barbara və Edit Piafdan tutmuş Jorj Brassens, Raymond Devos və Pyer Le Luronadək fransız estrada və teatr sənətinin əfsanələri çıxış ediblər.
Tədbirin yüksək səviyyədə təşkilini Aytan Muradova təmin edib. Musiqi gecəsi Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın himayəsi altında keçirilib.
Tədbirin açılışında çıxış edən səfir diplomatik korpusun nümayəndələrini, qonaqları və iştirakçıları salamlayaraq, onların Azərbaycanın tarixinə, xalqına və mədəniyyətinə göstərdikləri marağa görə təşəkkürünü bildirib. O, 8 Noyabrın Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, ölkənin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəmanların xatirəsinin Azərbaycanda daim ehtiramla yad edildiyini vurğulayıb.

Leyla Abdullayeva xalqın şərəfinin yalnız tarixi yaddaşın qorunmasında deyil, həm də mədəniyyətin yaşadılmasında və milli irsin gələcək nəsillərə ötürülməsində təcəssüm olunduğunu diqqətə çatdırıb. O, həmçinin əsrlərin dərinliklərindən qaynaqlanan Azərbaycan musiqi irsinin zənginliyini xüsusi qeyd edib.

Parisdə keçirilən musiqi gecəsinin əhəmiyyətindən danışan səfir mədəniyyətin xalqları yaxınlaşdırmaq, maneələri aşmaq və ölkələr arasında əlaqələri möhkəmləndirmək gücünə malik olduğunu vurğulayıb. O, "Şərəfin əks-sədası"nın yalnız yaddaş və milli qürur rəmzi deyil, həm də gözəlliyin, mədəni mübadilənin, Azərbaycan-Fransa dostluğunun, sülhün, qarşılıqlı hörmətin və ümidin təntənəsinə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Leyla Abdullayeva musiqinin xüsusi birləşdirici gücünü də vurğulayaraq, onun milli və mədəni fərqlərdən asılı olmayaraq insanların qəlbində əks-səda tapmaq qabiliyyətinə malik olduğunu qeyd edib.

Gecənin baş qəhrəmanı, şübhəsiz ki, musiqi olub. Müxtəlif dövrləri, milli ənənələri və bədii istiqamətləri bir araya gətirən proqram əsl sənətin sərhədləri aşaraq xalqlar arasında universal ünsiyyət dilinə çevrilmək gücünü nümayiş etdirib.

Musiqi proqramı öz rəngarəngliyi ilə seçilib. Konsertdə görkəmli Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin, Asəf Zeynallının, Arif Məlikovun, Musa Mirzəyevin, Elza İbrahimovanın, Fikrət Əmirovun, Müslüm Maqomayevin və tədbirdə iştirak edən Şahin Musaoğlunun əsərləri səsləndirilib.

Azərbaycan klassik musiqisi Avropa musiqi irsi ilə üzvi şəkildə vəhdət təşkil edib. Proqramda Kamill Sen-Sansın "Samson və Dalila", Jorj Bizenin "Karmen" və Cüzeppe Verdinin "Traviata" operalarından parçalar təqdim olunub.
"Proqram xüsusi bədii zövqlə hazırlanmışdı: melanxolik, lirik, şən və təntənəli əsərlər bir-birini əvəz edərək özünəməxsus emosional atmosfer yaradırdı", - deyə Fidan Hacıyeva bildirib.

Kamera orkestrinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyev rəhbərlik edib. Musiqi nömrələrindən birində o, dirijor çubuğunu Zoastre ansamblının dirijoru Savitri de Roşfora həvalə edib. O, Qara Qarayevin "Xəzər valsı"nı təqdim edib.

Tamaşaçılarda xüsusi təəssürat yaradan ifalar Azərbaycanın Xalq artisti Fidan Hacıyevaya, Əməkdar artist Ramil Qasımova və Fransada yaşayan fleyta ifaçısı Ağarahim Quliyevə məxsus olub. Sənətçilərin çıxışları uzun sürən alqışlarla qarşılanıb.

Musiqi proqramı yalnız konsert nömrələri ilə məhdudlaşmayıb. Zalın girişində azərbaycanlı rəssamlar Nərgiz Quliyeva və Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi də təşkil olunub. Beləliklə, təsviri sənət musiqi gecəsinin məntiqi davamına çevrilərək tədbirə daha geniş mədəni məzmun qazandırıb.

"Musiqi yalnız tarixi yaddaşın və milli qürurun rəmzi deyil. O, insanların mənşəyindən, dünyagörüşündən və mədəni mənsubiyyətindən asılı olmayaraq onları birləşdirə bilən universal dildir. Parisdə keçirilən "Şərəfin əks-sədası" da məhz belə bir tədbir oldu - Azərbaycanın Zəfərinə həsr olunmuş tarixi yaddaşın musiqinin gözəlliyi, milli irsə hörmət və mədəni dialoq arzusu ilə vəhdət təşkil etdiyi bir gecə", - deyə Fidan Hacıyeva əlavə edib.

"Şərəfin əks-sədası" bir daha göstərdi ki, mədəni irs sərhəd tanımır. Musiqi ölkəni dünyaya tanıtmağın ən səmimi vasitələrindən biri olmaqla yanaşı, dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşma körpülərinin qurulmasına da xidmət edir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.