Mədəniyyət

“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi

5 Noyabr 2026 22:03
Baxış: 78
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya şöhrətli skripkaçı Devid Qarrett Bakı Beynəlxalq İncəsənət Festivalı (BİAF) çərçivəsində Heydər Əliyev Mərkəzində Millennium Symphony - Crossover Programme adlı möhtəşəm simfonik şou ilə çıxış edib. Musiqiçi klassik musiqinin rok, pop və müasir elektron ritmlərlə qovuşduğu qeyri-adi musiqi səyahətini tamaşaçılara təqdim edib.

Konsert ərəfəsində jurnalistlərlə görüşən sənətçi Bakı ilə bağlı ilk təəssüratlarını bölüşüb, proqramı, Azərbaycan musiqisinə marağı və beynəlxalq festivalların mədəniyyətin inkişafındakı rolu haqqında danışıb.

"Burada olduğum üçün çox xoşbəxtəm. Çox sağ olun!" - deyə musiqiçi jurnalistləri salamlayıb.

Qarrett etiraf edib ki, hələlik şəhərlə yaxından tanış olmaq imkanı çox olmayıb. Çünki vaxtının böyük hissəsini məşqlərlə əlaqədar konsert zalında keçirib. Bununla belə, qısa gəzinti belə onda xoş təəssürat yaradıb.

"Bu gün şəhərinizi bir qədər görmək imkanım oldu. Bakı həm çox müasir, həm də olduqca gözəl şəhərdir. Ümid edirəm ki, gələcəkdə burada daha tez-tez olmaq imkanım olacaq", - deyə skripkaçı təəssüratlarını bölüşüb.

Qarşıdakı konsert proqramından danışan sənətçi tamaşaçıları müxtəlif musiqi janrlarının və ifaçıların maraqlı vəhdətinin gözlədiyini vurğulayıb.
"Biz burada yerli orkestr və özümlə gətirdiyim musiqi qrupu ilə birlikdə çalışırıq. Proqram möhtəşəm rok və pop kompozisiyalarının, hətta EDM janrına aid hitlərin qarışığından ibarət olacaq. Bu əsərlərə mən, Frank van der Heyden və Con Heyvud tərəfindən simfonik aranjimanlar hazırlanıb. Ümid edirəm ki, hər kəs bu musiqidən böyük zövq alacaq", - deyə Devid Qarrett bildirib.

Beynəlxalq festivalların sənətçilər, tamaşaçılar və şəhərlər üçün əhəmiyyətindən danışan Qarrett mədəniyyətin hər bir ölkənin həyatında xüsusi yer tutduğunu vurğulayıb.

"İlk növbədə, hesab edirəm ki, mədəniyyət istənilən ölkənin kimliyini və nüfuzunu nümayiş etdirən mühüm amildir. Nəticə etibarilə, hamımız keçmişin çiyinləri üzərində dayanmışıq. Buna görə də ənənələri davam etdirmək, mədəniyyəti qorumaq, eyni zamanda yeni istiqamətlərə həyat vermək çox vacibdir.
Artıq formalaşmış ənənələri yeni yanaşmalarla birləşdirmək, onlara fərqli prizmadan baxmaq üçün daim yollar axtarmaq lazımdır. Düşünürəm ki, BİAF kimi festival mənim üçün xüsusi əhəmiyyət daşıyan musiqini və sənəti nümayiş etdirmək baxımından mükəmməl platformadır", - deyə musiqiçi qeyd edib.
Konsert isə bu fikirlərin əyani təsdiqinə çevrilib. Millennium Symphony adlı unikal proqram çərçivəsində Devid Qarrett akademik musiqi ilə müasir janrların nə qədər ahəngdar şəkildə birləşə biləcəyini nümayiş etdirib.

Sənətkarın virtuoz ifasında Lüdviq van Bethovenin əsərləri, Hans Zimmerin film musiqiləri, Maykl Ceksonun hitləri, eləcə də Nirvana və Rammstein qruplarının əfsanəvi kompozisiyaları və digər məşhur ifaçıların əsərləri yeni səslənmə qazanıb. Simfonik aranjimanlar, rok musiqisinin güclü enerjisi və kino musiqilərinin yadda qalan melodiyaları gecəyə xüsusi ab-hava bəxş edib.
Devid Qarrett klassik musiqinin virtuoz ifasını populyar musiqi ilə uğurla birləşdirən müasir crossover istiqamətinin ən parlaq nümayəndələrindən biridir. Onun səhnə karyerası 10 yaşında başlayıb. Artıq 13 yaşında o, nüfuzlu Deutsche Grammophon səsyazma şirkəti ilə müqavilə imzalayan ən gənc ifaçı olub.

Təhsilini başa vurduqdan sonra musiqiçi Zubin Mehta, Kristof Eşenbax, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi tanınmış dirijorlarla əməkdaşlıq edib və bu əməkdaşlıqlarını davam etdirir.

Sənətçinin yaradıcılığında ICONIC adlı klassik albom xüsusi yer tutur. Albom Almaniyanın pop musiqi çartında dördüncü pilləyədək yüksələrək akademik musiqi albomu üçün müstəsna nəticə əldə edib. 2023-cü ildə albom Opus Klassik mükafatına, o cümlədən Golden Record və "İlin bestselleri" nominasiyaları üzrə layiq görülüb. Devid Qarrett bu albomun klassik musiqi proqramı ilə dünya turnesi çərçivəsində beş qitədə 113 konsert verib.

Bakıda keçirilən bu musiqi gecəsi klassik musiqi irsi ilə müasir səslənmənin növbəti uğurlu görüşünə çevrilib. Devid Qarrettin çıxışı bir daha sübut edib ki, əsl musiqinin janr sərhədləri yoxdur və o, müxtəlif nəsilləri, mədəniyyətləri və dünyanın hər yerindən olan dinləyiciləri bir araya gətirmək gücünə malikdir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.