Mədəniyyət

“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)

3 Noyabr 2026 19:01
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Beynəlxalq İncəsənət Festivalı - Baku International Arts Festival (BIAF) çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində İsrailin (Təl-Əviv) məşhur "Gesher" teatrının "Bloody Mary" tamaşası nümayiş olunub. Öz nəslinin ən nüfuzlu rejissorlarından biri olan Dmitri Krımovun quruluş verdiyi tamaşa noyabrın 1-i və 2-də Bakı tamaşaçılarına təqdim edilib. 

Məşhur İsrail teatrının Bakıya səfəri festival proqramının diqqətçəkən hadisələrindən birinə çevrilərək müxtəlif bədii ənənələri, teatr dillərini və dünya klassikasının müasir yozumlarını bir səhnədə birləşdirib.

"Bloody Mary" (Qanlı Meri) - premyerası 2026-cı ilin iyun ayında baş tutmuş tamaşadır. Onun yaranmasına Fridrix Şillerin məşhur "Mariya Stüart" faciəsi təkan versə də, Dmitri Krımovun işi klassik səhnələşdirmədən və ya ədəbi əsərin hərfi interpretasiyasından xeyli uzaqdır. Rejissor klassik süjetin fraqmentlərinin müasir reallıq, fərdi və kollektiv yaddaş, qrotesk və absurdla çulğalaşdığı müstəqil səhnə dünyası yaradır.

Tamaşanın hadisələri müxtəlif dövrlərə və dünyalara mənsub insanların qarşılaşdığı travmatologiya şöbəsində başlayır. Onların arasında Mariya Stüart rolunu oynamağa hazırlaşan iki aktrisa da var. Tədricən reallıqla teatr məkanı arasındakı sərhədlər silinir, hakimiyyət, qısqanclıq, rəqabət və edam haqqında tarixçə gözlənilməz müasir məna qazanır.

Tamaşanın mərkəzində iki kraliça dayanır: İsrael (Saşa) Demidovun canlandırdığı Yelizaveta və Yevgeniya Dodinanın ifa etdiyi Mariya Stüart. Onların obrazları tamaşaçı qarşısında tarixi şəxsiyyətlərdən daha çox simvolik, qrotesk və az qala sirk estetikasına yaxın obrazlar kimi canlanır. Lakin maskaların və teatr oyunlarının arxasından tədricən insan hissləri və yaşantıları üzə çıxır.

Tamaşada komediya faciə ilə, qara yumor etiraf xarakterli intonasiya ilə yanaşı mövcuddur, teatr şərtiliyi isə gözlənilmədən son dərəcə canlı reallığa çevrilir.
İsrael (Saşa) Demidov və Yevgeniya Dodinadan başqa, tamaşada Polina Paxomova, Nikita Qoldman, Nikita Oleynikov, Rut Senderoviç, İtay Tarxanov və Boris Repetur da rol alırlar.

"Dmitri Krımovla işləmək möcüzədir"

Jurnalistlərlə görüş zamanı baş rolların ifaçıları tamaşa üzərində iş, Dmitri Krımovun rejissor metodunun xüsusiyyətləri və BIAF-də iştirakla bağlı təəssüratlarını bölüşüblər.
Kraliça Yelizaveta rolunu ifa edən İsrael (Saşa) Demidov rejissorla əməkdaşlığı xüsusi yaradıcılıq təcrübəsi kimi dəyərləndirib.

"Dmitri Krımovla işləmək, məncə, möcüzədir. Metod, enerji və materialın transformasiyası baxımından əsl möcüzələr baş verir. Ondan xüsusi bir şəxsi enerji yayılır və yaxşı aktyor bunu dərhal hiss edir. Bu enerjidən yaradıcılıq toxumları cücərməyə başlayır, maraqlı ideyalar və gözlənilməz həllər yaranır", - deyə aktyor bildirib.

Demidovun sözlərinə görə, tamaşa üzərində iş çoxsaylı çətinliklər və spesifik tapşırıqlarla müşayiət olunur. Lakin məhz bu çətinliklər yeni ifadə vasitələrinin axtarışı üçün bir növ tramplinə çevrilir.

Jurnalistlərin diqqətini rejissorun qadın rolunu kişiyə həvalə etməsi də cəlb edib. Bu qərarla bağlı suala cavab verən aktyor belə teatr təcrübəsinin ona yaxşı tanış olduğunu bildirib.

"Mən, ümumiyyətlə, qadın rolları üzrə mütəxəssisəm. Vaxtilə Dezdemona rolunu, həmçinin qadın rollarını ifa edən aktyoru canlandırmışam. Bu, çox maraqlıdır. Amma hamının bilməsini istəyirəm ki, mən kişiyəm", - deyə Demidov yumorla qeyd edib.
Bakı haqqında danışan aktyor şəhərin ona artıq tanış olduğunu bildirib. Belə ki, o, bir il əvvəl "Anna Karenina" tamaşası ilə Bakıya gəlmiş və həmin səhnə əsərində Karenin rolunu ifa etmişdi.

"Bakı, necə deyərlər, bir növ vahə, azad məkandır. Burada çoxsaylı müxtəlif maraqlı enerjilər, zəngin və mürəkkəb ruh görürəm", - deyə aktyor beynəlxalq festivalın əhəmiyyətindən də danışarkən vurğulayıb.

Yevgeniya Dodina: "Bu, əsl müəllif teatrıdır"

Mariya Stüart rolunu ifa edən Yevgeniya Dodina tamaşanın əsas xüsusiyyətinin Dmitri Krımovun müəllif teatrı təfəkkürü ilə işləmək imkanı olduğunu vurğulayıb.
"Bu tamaşada mənim üçün ən maraqlı məqam Dmitri Krımovla işləmək idi. Hər şeyin haradan başlayacağını təxminən bilirəm, amma necə başa çatacağı barədə heç bir təsəvvürüm olmur. Çünki bu, sözün yüksək mənasında əsl müəllif teatrıdır", - deyə aktrisa bildirib.

Onun sözlərinə görə, Krımov klassik əsəri sadəcə səhnəyə köçürmür, onunla dialoqa girir, bəzən isə hətta kəskin mübahisə aparır.

"O, klassik materialı götürüb sadəcə illüstrasiya etmir, onunla dialoqa girir, bəzən hətta qızğın mübahisə aparır. Rejissor öz tamaşalarına daim bizi əhatə edən reallığı daxil edir və onu öz yaradıcılıq baxışından keçirir. Onun yaradıcılıq uçuşu, təxəyyülünün sərhədsizliyi inanılmaz dərəcədə cəlbedicidir", - deyə Dodina qeyd edib.

Aktrisa "Bloody Mary" tamaşasının Dmitri Krımovla ilk birgə işi olduğunu söyləyərək gələcəkdə də əməkdaşlıq etmək ümidi ifadə edib.

Yelizaveta rolunu ifa edən Demidovla səhnə qarşılıqlı əlaqəsi barədə suala cavabında Dodina teatrda ənənəvi amplua məhdudiyyətlərinin olmadığını vurğulayıb.
"Bu, teatrdır və teatrda hər şey mümkündür. Mən uşaqları, heyvanları, kişiləri oynamışam. Yəqin ki, necə olduqlarını bilsəydim, yadplanetlini də oynaya bilərdim. Teatr sərhədsizdir", - deyə aktrisa bildirib.

O, əlavə edib ki, tamaşanın çoxqatlılığı rejissorun ilk baxışdan bir-biri ilə heç bir əlaqəsi olmayan elementləri birləşdirərək vahid bədii məkan yaratmaq bacarığında təzahür edir.

Sənətkarların gözü ilə Bakı

Görüşün xüsusi hissəsini tamaşa iştirakçılarının Azərbaycan paytaxtında olduqları müddətdə qazandıqları təəssüratlar təşkil edib.

Yevgeniya Dodina üçün bu səfər Bakı ilə ilk tanışlıq olub. Sıx qastrol qrafikinə baxmayaraq, aktrisa şəhərdə bir qədər gəzməyə və onun haqqında şəxsi təəssürat formalaşdırmağa imkan tapıb.

"Məndə burada böyük miqyas hissi yarandı. Hər şey genişdir - həm də mental baxımdan. Çox gözəldir, ətrafda xoş və nəzakətli insanlar var, gözəl enerji hiss olunur. Məndə belə bir təəssürat yarandı", - deyə o, bildirib.

BIAF festivalının atmosferindən danışan Dodina onun bayram əhvali-ruhiyyəsində keçdiyini qeyd edib və şəhərin özünün də festivalın xarakterinə uyğun olduğunu vurğulayıb.

Aktrisa "Bloody Mary" tamaşasından sonra tamaşaçıların hansı hisslərlə zalı tərk etməsini istədiyindən də danışıb.

Onun fikrincə, tamaşa hazır cavablar təqdim etmir. Çünki hər kəs teatra öz həyat hekayəsi, yaşantıları və sualları ilə gəlir.

"İstərdim ki, hər kəs özünü düşündürən sualın cavabını tapsın. Bu tamaşada çoxsaylı mövzulara toxunulur və hər kəs burada özünə aid nəsə görə bilər. İstərdim ki, tamaşaçılar zalı tərk edərkən gülümsəsinlər və ya heyrətlə 'A-a-a!' desinlər", - deyə Dodina bildirib.

Aktrisanın dəyişməz pozitiv əhvali-ruhiyyəsi də jurnalistlərin diqqətindən yayınmayıb. O, həyata nikbin münasibəti qoruyub saxlamağın, bir çox hallarda, insanın şüurlu seçimi olduğunu etiraf edib.

"Başqa çıxış yolu yoxdur, əks halda qaranlığa qərq olarıq. İnsan həyatda öz seçimini edir", - deyə aktrisa gülümsəyərək cavab verib.

Bakı tamaşaçıları haqqında danışan Dodina onların reaksiyalarının Təl-Əviv tamaşaçılarının reaksiyalarından nəzərəçarpacaq dərəcədə fərqləndiyini bildirib.
"Tamaşaçılar çox yaxşıdır. Onlar Təl-Əvivdəkilərdən xeyli fərqlənirlər. Təl-Əvivdə insanların güldüyü məqamlarda burada susurlar, orada sakit qarşıladıqları səhnələrə isə burada gülürlər. Reaksiyalar fərqlidir, hər kəs tamaşaya özünəməxsus şəkildə reaksiya verir", - deyə aktrisa təəssüratlarını bölüşüb.

Teatr azadlıq məkanı kimi

"Bloody Mary" tamaşasının nümayişi Bakı tamaşaçıları üçün İsrailin "Gesher" teatrının yeni işi ilə tanışlıq olmaqla yanaşı, klassik ədəbiyyatın müasir dövr haqqında söhbət üçün necə başlanğıc nöqtəsinə çevrilə biləcəyini görmək imkanı yaradıb.

Dmitri Krımov tamaşaçıya Şillerin faciəsinin hazır yozumunu deyil, insan təbiəti, hakimiyyət, rəqabət və yaddaş haqqında çoxqatlı səhnə araşdırmasını təqdim edir. Burada absurd reallığı dərk etməyin üsuluna, maska şəxsiyyətin açılmasının vasitəsinə, gülüş isə faciəyə yaxınlaşmaq imkanına çevrilir.

Bakı tamaşaçıları ilə görüş bir daha göstərib ki, teatr əsəri pərdə bağlandıqdan sonra bitmir: o, tamaşaçıların reaksiyalarında, suallarında və fərdi yozumlarında yaşamağa davam edir. Görünür, məhz bu, Krımov teatrının əsas xüsusiyyətlərindən biridir - tamaşaçı ilə şəxsi dialoq üçün daim açıq məkan yaratmaq.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.