M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən "Əsrlərin Nəfəsi. The Breath of Centuries" adlı konsert proqramı musiqisevərləri əsrlərarası səyahətə çıxardı. Gecə boyunca klassik musiqi tarixinin müxtəlif dövrlərinə aid dahi bəstəkarların əsərləri səsləndirildi, dinləyicilər musiqi vasitəsilə zamanla dialoqu hiss etdilər.
Konsertdə çıxış edən Niyazi adına Dövlət Simfonik Orkestri gecənin bədii ruhunu yüksək səviyyədə ifadə etdi. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov, eləcə də dirijor Tamerlan Adıgözəlovun idarəsi ilə səslənən əsərlər klassikanın zamansız gücünü nümayiş etdirdi.
Proqramda ilk olaraq İ.S. Bach-ın 3 nömrəli Orkestr süitasından "Ariya" səsləndi. Ardınca Pyotr Çaykovskinin dərin lirizmlə dolu "Simli Serenada"sı (op.48) ifa olundu.
İkinci hissədə Azərbaycan musiqisinin dahisi Fikrət Əmirovun monumental "Nizami" Simfoniyası səsləndi. Dörd hissədən ibarət bu simfoniya dinləyicilərə həm zəngin milli musiqi irsini, həm də dərin fəlsəfi duyğuları çatdırdı.
Gecənin kulminasiyası isə çex bəstəkarı B.Martinū-nun fleyta, violin və orkestr üçün yazdığı, Azərbaycanda ilk dəfə səslənən Konserti oldu. Bu premyer ifada solistlər - Aytac Kara (violin) və Kamran Talıblı (fleyta) yüksək peşəkarlıq və texniki ustalıq nümayiş etdirdilər.
"Əsrlərin Nəfəsi" konserti musiqinin zamanları birləşdirən, duyğulara toxunan və insanı düşüncəyə daldıran əzəmətli gücünü bir daha sübut etdi. Gecə dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





