Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və musiqişünası Üzeyir bəy Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi?
Bəri başdan deyək ki, bu fakt mətbuatda və ensiklopedik mənbələrdə işıqlandırılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, yazımızda diqqəti əsasən onun "nəşr il"inin bəzən yanlış göstərilməsinə, eləcə də bu kitabın Azərbaycan dilində "ilk riyaziyyat dərsliyi" hesab edilməsinin nə dərəcədə doğru olmasına dair münasibətimizi bildirməyə yönəltmişik.
Üzeyir Hacıbəyov, "Aritmetik məsələlər toplusu" adlı "Tatar (yəni o dövrün terminologiyası ilə Azərbaycan - Y.X.) ibtidai məktəbləri üçün" Azərbaycandilli riyaziyyat dərsliyi (ərəb əlifbası ilə) yazıb və kitab 1908-ci ildə Bakıda Nikolayevskaya küçəsində yerləşən "Orucov qardaşlarının mətbəəsi"ndə nəşr olunub.
Lakin təəssuf ki, mətbuat yazılarında bəzən kitabın çap tarixi səhvən "1907-ci il" kimi göstərilir.
Kitabın titul səhifəsində onun qiymətinin altmış (60) qəpik olduğu qeyd olunub.
O, üç hissədən ibarət olan həmin dərsliyinin müqəddiməsində belə yazırdı:
"Mənim qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir. Çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "nə üçün" və "çünki"siz həll edib, dəlil və sübutlar gətirməyə aciz olurlar".
Əslində dahi şəxsiyyətin ərəb əlifbasında olan kitabının adı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik icmalında iki formada qeyd olunur:
1. Hacıbəyov Üzeyir. Əsərləri: Hesab məsələləri.
2. Hacıbəyov Üzeyir. Hesab məsələləri: İbtidai məktəblərin birinci və ikinci şöbələri şagirdlərindən ötrü lüzumlu 6 dərs kitabı
"Tərcüman" qəzetinin 28 dekabr 1908-ci il tarixli nömrəsində kitab barədə belə yazılmışdır:
"Hesab məsələləri müəllim Üzeyir Hacıbəylinin əsəridir, gözəl üsul ilə tərtib edilmişdir... Azərbaycan-türk şivəsində olduğundan məhəlli məktəblər üçün faydalı və lazımdır."
Bəzi mənbələrdə bu kitabın "Azərbaycan dilində ilk riyaziyyat dərsliyi" olduğu qeyd olunsa da, təəssüf ki, bunu dəqiq şəkildə təsdiqləyən akademik bir araşdırmaya rast gəlmədik. Lakin kitabın Azərbaycan türkcəsində yazılmış ən erkən riyaziyyat dərsliklərindən biri olmasını rahatlıqla deyə bilərik.
Milli.Az