Mədəniyyət

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz - Maraqlı faktlar

17 Sentyabr 2023 15:50
Baxış: 1 528

Milli.Az Kulis.az-a istinadən şairə haqqında maraqlı faktları təqdim edir.

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Pedaqoji Universitetin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şair Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub.

Mirvarid xanımın babası Mustafa "37-nin" qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orada da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün gözləri çıxarılıb. Qazaxın "alov qülləsi" adlanan yerində bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyib, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşub, bədahətən şeirlər deyib.

Gallery

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub - Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Ona görə də nikah zamanı hər kəs məətəl qalıb, deyiblər, bacı-qardaşla ailə qurur?

***

1942-ci ildə Mirvarid xanımın həyat yoldaşı müharibəyə yola düşüb. Hamilə olan şairə bacısı Yaqut xanımla İncə dərəsində birgə yaşayırmış. Bir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşüb. Onları Əminə Dilbazi yola salıb. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib idi. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutub, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız olub. onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlib. Gəncəyə çatanda təcili yardım maşını ilə şairi xəstəxanaya aparıblar.

Gallery

Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurub. Onun ikinci dəfə ailə qurması isə Səməd Vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairi yanına çağırıb deyib ki, adına söz çıxaracaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona ailə qurmağı məsləhət görüb. Şair ailə quranda artıq bir nəvəsi var idi.

***

Deyilənə görə, yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkiniblər. O həm də çox işgüzar insan olub. Yaxşı biş-düş qabiliyyəti var idi. Xüsusilə, qurutlu xəngəli yaxşı bişirib. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş.

Gallery

İçki içməyi sevməyib. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayıram. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Bağa toplaşırdıq, kabab çəkirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik...

***

Evində həmişə "Quran" olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə "Quran"ı orijinaldan oxuyub.
Mirvarid xanım şeirlərini də əski əlifbada yazıb, sonra makinaya köçürüb.

Gallery

Evi həmişə qonaq-qaralı olub. Amma gələnlərdən heç vaxt pay götürməyib. Deyib ki, məni çox istəyən bənövşə gətirsin. Bu haqda bir şeiri də var.

***

Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanımın Elçibəydən yeganə xahişi "Yazıçı" nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

***

Ömrünün son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedib, evdəki sazla bir neçə saz havası ifa edib. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şair deyir: "Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Onsuz dura bilmirəm. Anamın laylasına möhtacam".

Gallery

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoyub. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda o, köhnə qəbiristanlıqda özü üçün yer alıb. Vəsiyyət eləmişdi ki, məni Fəxri Xiyabanda yox, anamın yanında basdırın. Elə də elədik.

***

Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları onun sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

***

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics