Maraqlı

Bədənin əsl yaşı gözlərdə gizli imiş

26 Sentyabr 2026 05:05
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəli məlumatlar çıxara bilən bir sistem inkişaf etdiriblər.

Milli.Az xəbər verir ki, Seul Milli Universitetinin tədqiqatçılarının hazırladığı üsul insanın təqvim yaşından fərqli olaraq bədəninin nə qədər sürətlə qocaldığını anlamağa kömək edə biləcək "retina yaş fərqi"ni hesablayır. Tədqiqatçılar eyni yaşda olan iki insanın genetik, həyat tərzi və sağlamlıq durumları səbəbilə bioloji olaraq fərqli sürətlərdə qocala biləcəyinə diqqət çəkirlər.

Təxminən 30 min göz müayinəsi istifadə edilib
Sistem hazırlanarkən 7 min 535 nəfərdən alınan 29 min 530 retina görüntüsü istifadə olunub. Daha sonra model fərqli 7 min 416 nəfərə aid 14 min 832 görüntü üzərində sınaqdan keçirilib. Əvvəlki bəzi tədqiqatlardan fərqli olaraq yalnız sağlam gözlər deyil, retina və ya görmə siniri xəstəliyi olan şəxslərin görüntüləri də sistemə daxil edilib.

Model retina görüntüsünə baxaraq insanın əsl yaşını ortalama 2,5 ilə 2,7 illik xəta payı ilə təxmin edə bilib. Elm adamları daha sonra sistemin təxmin etdiyi retina yaşı ilə insanın əsl yaşı arasındakı fərqin sağlamlıq və həyat tərzi ilə necə əlaqəli olduğunu incələyiblər.

Nəticələrdə diabeti olan şəxslərin retina yaşının orta hesabla 2,52 il daha yüksək olduğu görülüb. Siqaret çəkənlərdə təxminən 0,5 illik, daha əvvəl siqaret istifadə etmiş şəxslərdə isə 0,46 illik artım aşkar edilib. Makula degenerasiyası və katarakt kimi göz xəstəlikləri də daha yüksək retina yaşı ilə əlaqələndirilib. Lakin tədqiqatçılar xüsusilə kataraktla bağlı nəticənin görüntü keyfiyyətindən qismən təsirlənmiş ola biləcəyini qeyd edirlər.

Tək bir göz müayinəsi daha çoxunu göstərə bilər
Tədqiqatçılara görə bu üsul gələcəkdə rutin göz müayinələrinin istifadə sahəsini genişləndirə bilər. Göz dibi görüntülərinin təhlil edilməsi ilə yalnız göz sağlamlığı deyil, bədənin ümumi qocalma prosesi ilə əlaqəli bəzi dəyişikliklər də fərq edilə bilər. Beləliklə, daha ətraflı sağlamlıq qiymətləndirilməsinə ehtiyac duya biləcək şəxslərin müəyyən edilməsi mümkün ola bilər.

Lakin hazırlanmış sistem hələ ki bir insanın "bioloji yaşını dəqiq ölçən test" olaraq qiymətləndirilmir. Tədqiqatçılar üsulun mövcud bioloji yaş göstəriciləri ilə birbaşa müqayisə edilmədiyini və eyni şəxslərin uzun müddət izləndiyi yeni tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar. Hələlik üsulun fərdi sağlamlıq təxminlərindən çox, geniş qruplardakı qocalma tendensiyalarını incələmək üçün daha uyğun olduğu qeyd edilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.