Mədəniyyət

"Sevil" operasının tamaşası baş tutdu - FOTO

15 Noyabr 2022 15:35
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 22-də Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 yaşı tamam olur. Bu önəmli hadisə ilə bağlı ölkə Prezidenti aylar öncə "Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunması haqqında" xüsusi sərəncam imzalamış və sərəncama uyğun olaraq böyük sənətkarın yubileyi ölkə miqyasında, hətta onun hüdudlarından kənarda belə geniş qeyd olunur. Yaradıcıllığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə sıx bağlı olan F. Əmirovun bir əsrlik yubileyi çərçivəsində keçirilən tədbirlərdə Teatrın yaradıcı kollektivi də yaxından iştirak edir. Elə noyabrın 13-də bəstəkarın vətəni olan Gəncə şəhərində - Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan "Sevil" operasının tamaşası da yubileyə həsr olunmuşdur.

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət idarəsi və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə baş tutmuşdur.

1998-ci ildə yeni quruluşda səhnəyə qoyulan operanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşcu rəssam Xalq rəssamı Tahir Tahirovdur. Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə etmişdir. Opera tamaşasında əsas rolları Opera və Balet Teatrının aparıcı solistləri - Fatimə Cəfərzadə (Sevil), Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər) və Tural Ağasıyev (Babakişi), həmçinin Nina Makarova (Gülüş), Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Taleh Yahyayev (Atakişi), Urfan Cəfərov (Əbdüləli bəy), Fəhmin Əhmədli (Məmmədəli bəy),Esmira Məmmədova (Tafta) ifa etmişlər.

Anşlaqla baş tutan tamaşada Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və İcra hakimiyyəti aparatının məsul əməkdaşları, Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Zeki  Öztürk, şəhər ziyalıları və ictimaiyyəti iştirak etmişlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.