Mədəniyyət

“Deyirdi ki, mənə bığ qoymayın, “Qaçaq Nəbi”də məcbur olduq...”

21 İyun 2022 19:24
0 Şərh     Baxış: 1 022

"Axır vaxtlar o qədər qrimyor peyda olub ki. Hərə əlinə bir qrim çantası götürür, deyir ki, qrim ustasıyam. Bir tərəfdən də onları qınamıram, çünki filmlər zəif oldu, azaldı. Mən indi kinostudiyada fəaliyyətsiz oturub gözləyirəm. Uzun illərdir burada çalışıram, bura mənim doğma evimdir. Təbii ki, istərdim filmlər çəkilsin, mən yenə də fəaliyyətdə olum".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında peşəkar qrim ustası Elbrus Vahidov deyib. O daha sonra əlavə edib.

"Qrim teatr və kinoda kosmetik vasitələrin köməyi ilə üz cigzilərinin dəyişdirilməsi, yaxud obrazın sifətə uyğunlaşdırılması sənətidir. Bu elə rəssamlığın bir növüdür. 50 ildən çoxdur filmlərimizdə qrim ustası çalışıram. Bu sənətə təsadüf nəticəsində gəlmişəm. O vaxt Adil İsgəndərov kinostudiyanın direktoru idi. Mən kinostudiyaya gələndə çox yaxşı qarşıladı, dedi ki, "oğlum rəssamların yanında yer yoxdur, qrim sexində bir yer var". Mən də razılıq verdim. Orada mənim yaxşı müəllimlərim var idi, onlardan çox şey öyrənmişəm. Getdikcə hiss etdim ki, bu sənət mənim xoşuma gəlir. 50 ildən çoxdur bu sənətdəyəm. Köməkçi kimi bir çox filmlərdə-"7 oğul istərəm", "Axırıncı aşırım", "Nəsimi" filmində işləmişəm" deyə Elbrus Vahidov deyib.

Peşəkar qrim ustası daha sonra qrim sənətinin əsaslarından danışıb.

"Film başlayanda rejissor bizi dəvət edir. Bizim də tələbimiz o olur ki, bizə ssenari versinlər. Ssenarini oxuyuruq, obrazları öz fikrimizdə təsəvvür edirik. Başlayırıq müzakirə etməyə. Mənə bu sahədə ən böyük dəstəyi rejissor Rasim Ocaqov göstərib. Qrim ustası kimi çalışdığım birinci filmim Rasim Ocaqovun "Tütək səsi" filmi idi. Çox çətin film idi, məşhur aktyorlar çəkilirdi. Nədənsə Rasim müəllim, məni seçdi. O zaman 24 yaşım var idi, çox həyəcan keçirirdim. Ondan sonra Rasim Ocaqovun bütün filmlərində həmişə mən işləyirdim, məni dəvət edirdi. Bunlara misal olaraq "Həm ziyarət həm ticarət", "Təhminə", "Ölsəm bağışla", "Otel otağı", "İstintaq", "Ad günü" və s. filmləri göstərə bilərəm. Rasim Ocaqov mənə bu sənətdə yol açdı" deyə Elbrus Vahidov deyib.
Elbrus Vahidov sənətkarların kaprizlərindən də danışıb.

"Tarixi filmlərdə işləmək çox xoşuma gəlir. Çünki çox maraqlı obrazlar var. Bığ, saqqal, və s. düzəldirəm. Düzdü çətindir, amma maraqlıdır. Hər aktyorun qrimə öz münasibəti olurdu. Rəhmətlik Həsən Turabov qrimi sevmirdi, deyirdi ki, bığ, parik istəmirəm. "Qaçaq Nəbi" filmində istər-istəməz ona bığ yapışdırmalı idik. Əsasən kapriz edənlər aktrisalar olurdu. O da ki, gənc aktrisalar. Deyirdilər ki, "onu istəmirəm, bunu istəmirəm". Bəzən də abartılı makiyaj istəyirlər, deyirəm ki, "siz gözəllik salonuna gəlməmisiniz, filmə çəkilirsiniz, obraza görə qrim edirik". Böyük sənətkarımız Nəsibə Zeynalova peşəkar aktrisa olmağı ilə yanaşı həm də peşəkar qrim ustası idi. O lazım gələndə bizim işimizə müdaxilə də edirdi" deyə sənətkar bildirib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics