Kriminal

Bakıda bir suala görə adam öldürdülər

4 Fevral 2025 22:31
Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü il avqustun 6-da Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Dmitriy Potapov bıçaqlanaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilir. Lakin görülən tədbirlərə baxmaayraq, onun həyatını xilas etmək mümkün olmur. Həmin gün şübhəli şəxs qismində əvvəllər məhkum olunmayan 1993-cü il təvəllüdlü Ülvi Muradzadə müəyyən olunaraq saxlanılıb.

Polis və prokurorluq əməkdaşlarının baxış keçirərkən məlum olur ki, hadisə Məzahir Rüstəmov küçəsi, 14 ünvanında fəaliyyət göstərən ticarət köşkünün qarşısında baş verib.
 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
                                                          
İstintaqla müəyyən edilib ki, avqustun 6-ı səhər saat 4 radələrində Ülvi Muradzadə Məzahir Rüstəmov küçəsi ,14 ünvanında yerləşən ticarət köşkündən spirtli energetik içki alıb, içərkən ora əvvəllər tanımadığı Dmitriy Potapov yaxınlaşaraq, söhbət etməyə başlayıb. Potapov ona Balaxanı qəsəbəsində yaşadığını deyib, orda yaşayan müxtəlif şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşub. Ülvi Muradzadə adları çəkilən adamları tanımadığını söyləyib, söhbətdən yayınmağa çalışanda, Dmitriy Potapov əsəbiləşərək, nəyə görə sözlərini ciddi qəbul etmədiyini deyib. Ülvini söyərək, qəflətən ona başı ilə və yumruqla üzünə zərbələr vurub. Köşkdə satıcı işləyən Müzəfəddin Musayev onları ayırandan sonra Ülvi Muradzadə işlətdiyi nalayiq ifadələrə görə Dmitriy Potapovdan qisas almaqdan ötrü yaşadığı evə gedərək, mətbəxdən bıçağı götürüb və geri qayıdıb. Saat 5:30-da aralarında yenidən baş vermiş münaqişə zamanı o, Potapovun sol ayağına bıçaqla zərbə endirib.

İş üzrə dindirilmiş Ülvi Muradzadə bildirib ki, Əhmədli qəsəbəsində ata-anası ilə birlikdə yaşayıb, subaydır, fərdi qaydada taksi sürücüsü işləyib. Avqustun 5-də etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı avtomobili yaşadığı binanın yaxınlığında saxlayaraq, yuxarı qalxıb:

"Valideynlərim bacımın evinə getdiyi üçün mənzildə heç kim yox idi. Bir şüşə pivə içdikdən sonra, saat 4 radələrində aşağı düşərək, köşkdən spirtli energetik içki aldım. İçkini içib qurtaran zaman, tanımadığım şəxs köşkə yaxınlaşıb mənə salam verdi. Özünə spirtli energetik içki aldı. Həmin şəxs Balaxanı qəsəbəsində yaşadığını deyərək, müxtəlif adamların adlarını çəkib məndən onları tanıyıb-tanımadığımı soruşdu. Heç kimi tanımadığımı söyləyəndə, Dmitriy Potapov nəyə görə dediklərini ciddiyə almadığımı və onu yola verməyə çalışdığımı soruşdu. Ona mübahisə etməyə ehtiyac olmadığını, hər ikimizin spirtli içkinin təsiri altında olduğumuzu bildirdim. Dmitriy yumruqla üzümə zərbələr vuranda, cavab olaraq onun sinəsinə zərbə vurdum. Dmitriy ağır söyüşlər işlətdiyindən ona dedim ki, heç yerə getməsin və evimə qalxdım. Bıçağı götürüb küçəyə çıxan kimi həmin şəxs məni görərək, üzərimə gəldi. Onun sol ayaq nahiyəsinə bir dəfə zərbə vurdum. Qan axdığını görüb Dmitriyə həkimə getməyi bildirsəm də, o, ciddi zədə almadığını, narahatçılığa ehtiyac olmadığını və israrla mənə ordan uzaqlaşmağımı dedi.

Hadisənin yeganə şahidi köşkdə işləyən və bizi aralamağa çalışan şəxs idi. Bıçağı yaşadığım binanın yaxınlığında, dəqiq xatırlamadığım yerə atdım. Mənzilə qalxdım və əvvəllər yaxın münasibətdə olduğum Ayşən Xəlilovaya zəng edib yaralandığımı, aptekdən bint, pambıq, spirt və yod alıb gətirməsini dedim. Ayşən gələrək, mənə tibbi yardım göstərdi. Bir neçə saatdan sonra gələn polis əməkdaşları Dmitriy Potapovun xəstəxanada öldüyünü bildirdilər. Məni 34-cü Polis Şöbəsinə apardılar".
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Səfərova ifadəsində göstərib ki, Dmitriy Potapov onun əri olub:

"Avqustun 6-da qaynıma zəng edib bildirdilər ki, yoldaşım kiminləsə mübahisə edərkən bıçaqlanıb. Azyaşlı övladımla birlikdə evdə tək olduğumdan, xəstəxanaya Dmitrinin qardaşı getdi".

Samirə Səfərova Ülvi Muradzadə ilə barışmadığını və ondan şikayətçi olduğunu qeyd edib.
 
Məhkəmə iclasında Ülvi Muradzadə ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Dmitriy Potapovu heç vaxt görməyib və onu öldürmək məqsədi olmayıb. Sadəcə istəyib ki, həmin şəxs işlətdiyi söyüşlərə görə ondan üzr istəsin. Sol ayağına vurduğu bıçaq zərbəsindən onun ölə biləcəyini düşünməyib. Təqsirləndirilən şəxsin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan, onun prokurorluqdakı ifadələri məhkəmə zamanı elan olunub.

Məhkəmə hesab edib ki, Ülvi Muradzadənin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsiin 126.3-cü maddəsi ilə düzgün tövsif olunub və məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Muradzadə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək, Muradzadəyə 10 il cəza təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.