Ölkə

Dövlət Komitəsindən ETİRAF: “Erkən nikahların qarşısını tam ala bilmirik”

1 Fevral 2020 16:36
1 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayonunda yetkinlik yaşına çatmayan Fatimə Qəmbərovanın ərə verildikdən bir neçə gün sonra əri tərəfindən öldürülməsi cəmiyyətdə ciddi səs-küy yaratdı. 16 yaşlı qızın ölümü qızların erkən yaşda ərə verilməsi problemini növbəti dəfə aktuallaşdırdı.

Bəs görəsən bu kimi halların qarşısını almaq üçün hər hansı bir maarifləndirici tədbirlər aparılırmı? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə apardığı çoxillik mübarizə zamanı hansı real nəticələr əldə edib?

Milli.Az bildirir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdir müavini Aynur Veysəlova Modern.az-a danışıb:

"Təbii ki, komitə yarandığı gündən bu istiqamətdə işlər aparır. İlk növbədə statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2009-2015-ci illər ərzində yoxsulluğun azaldılması və dövlət proqramı çərçivəsində bizim Komitə, BMT-nin Uşaq Fondu ilə birgə təhlillər və araşdırmalar aparıb. Bu təhlil və araşdırmaların nəticəsi o oldu ki,  2011-ci ildə Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişikliklər oldu. Nikah yaşı həm kişilərdə, həm də qadınlarda 18 yaşa qədər qaldırıldı. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə nikaha məcbur etmə ilə bağlı  məsuliyyətin müəyyən olunması üçün 176.1 bəndi əlavə olundu".

Aynur Veysəlova monitorinqlərin nəticələrinə görə statistik göstəriciləri də qeyd edib.

"2011-ci ildə 18 yaşına qədər nikaha girən qızların sayı 5138 olub. Aparılan maarifləndirici tədbirlər sayəsində bu rəqəmlər xeyli aşağı düşərək, 2018-ci ildə 338 nəfər təşkil edib. Bu isə 8 ildə erkən nikaha girən qızların sayının 93% azalması deməkdir. Digər statistik göstərici isə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayıdır ki, 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129- a düşüb. Bu statistik göstərici onu göstərir ki, aparılan maarifləndirmə işləri öz nəticələrini verir. Ancaq təəssüflər olsun olsun ki, biz erkən nikahların qarşısını tam ala bilmirik".

Komitə rəsmisi bu kimi halların qarşısının alınması üçün insanların şüurunda da ciddi dəyişiklik olmasını vacib sayır.

"Düşünürəm ki, bu bir şüur məsələsidir. Bu istiqamətdə müəyyən streotipləri aşmaqdan ötrü insanların şüurlarını, həyata baxışlarını dəyişməliyik. Bunların da tədricən aradan qaldırılması üçün komitə olaraq müəyyən təbliğat işləri aparırıq.Təbii ki, bu tez bir zamanda nəticə  verə bilməz. Tədricən öz nəticəsini verir. Ucqar rayonlarda, kəndlərdə, şəhərdə, məktəblərdə monitoriq aparan zaman mütəxəssislər dəvət edirik. Həkim, psixoloq, hətta din xadimləri də maarifləndirici tədbirlərə qoşulur. Ona görə ki, valideynlərə hər tərəfli başa salmaq istəyirik ki, erkən nikahların çox ağır fəsadları var. Sağlamlığında problemi olan uşaqların tarixçələrinə baxanda görürük ki, bunların əksəriyyəti erkən nikahların acı nəticələridir. Belə qadınlar cəmiyyətdən bir növ təcrid olunurlar. Çünki bu qadınlar  bir növ şəxsiyyət kimi tam formalaşmayıblar, psixoloji və fizioloji olaraq tam ailə qurmağa hazır deyillər".

Aynur Veysəllovanın sözlərinə görə digər qonşu dövlətlərlə müqayisədə Azərbaycanda erkən nikahların sayı xeyli aşağıdır.

"Müqayisə üçün bildirim ki, Rusiya, İran ,Türkiyə və eyni zamanda Avropada erkən nikahlarla bağlı çox ciddi tədbirlər planı həyata keçirilir. Bu ölkələrdə erkən nikahlara çox rast gəlinir, dinamika yüksəkdir. Ancaq Azərbaycanda isə bu dinamika azalmağa doğru gedir. Məlumat üçün bildirim ki, Komitə Bakı Metropoliten ilə əməkdaşlıq memorandumu imzalayıb. Vaxtaşırı ayrı-ayrı metrostansiyalarda  bununla bağlı posterlər nümayiş etdirilir. Bəzən valideynlər xoşagəlməz qərarlar verirlər və bunun da ziyanını övladlar çəkirlər. Nümunə olaraq Masallı rayonunda baş vermiş hadisəni qeyd etmək istəyirəm. Bu faciənin arxasında birbaşa valideyn məsuliyyətsizliyi dayanır. Eyni zamanda erkən nikahın bir fəsaddır. Erkən nikahın təsiri boşanmaların və eyni zamanda intiharların sayının artmasına da səbəb olur. Valideynlərə bildiririk ki, övladlarınızı erkən  nikaha yox, təhsilə doğru tələsdirin. Təbii ki, yeni nəslin yaranması üçün nikah önəmlidir, amma hər bir şeyin öz vaxtı var".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.