Ölkə

Masallıda qətlə yetirilən qızın əri tutuldu - Boğduğunu etiraf edib - YENİLƏNİB - FOTO

29 Yanvar 2020 18:25
66 Şərh     Baxış: 22 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:25

Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilmişdir.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olmuşdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf etmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

-------

17:48

Masallı rayonunda ailə qurandan 2 həftə sonra ölən yeniyetmə qızın qətlə yetirildiyi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətli ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qətlin kim tərəfindən törədilməsi ilə bağlı istintaq əməliyyat tədbirləri həyata keçirilir.

---------

17:14

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb.

Bunu Trend-ə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bu araşdırmalara hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib:

"Uşaq nikahlarının baş verməsi yolverilməzdir. Araşdırılmalıdır ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimənin 16 yaşı olduğu halda, bu nikah necə baş verib. Bu faktla əlaqədar hüquq-mühafizə orqanlarına da çağırış edərək deyirik ki, araşdırma ciddi şəkildə aparılsın. Beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericliyinə görə, 18 yaşına çatmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikah yaşının yalnız bir yaş azaldılmasına imkan verilir. Bu halda da nikah yalnız 17 yaşda ola bilər. Ona görə də bu məsələ ilə bağlı araşdırma gücləndirilmiş şəkildə aparılmalıdır".

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızı iki həftə əvvəl nikaha daxil olub. Gəlin bu gün dünyasını dəyişib.

--------

15:46

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.